AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.
UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunların heyətini açıqlayan portuqaliyalı mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb.
O, bəzi futbolçuların zədə səbəbindən millidən kənarda qaldıqlarını açıqlayıb: “50 nəfərə yaxın siyahı var idi, onların arasından seçim etdik. Şahrudin Məhəmmədəliyev, Musa Qurbanlı, Mahir Emreli, Anton Krivotsyuk, Hacıağa Hacılı, İsmayıl İbrahimli kimi oyunçular zədəli olduqları üçün siyahıya salınmayıblar”.
Baş məşqçi gələcək üçün mübariz komanda formalaşdırmağa çalışacaqlarını bildirib: “Bura gəlməyimizdə məqsəd rəqabətədavamlı komanda qurmaqdır ki, həmin kollektiv gələcəkdə ölkəni uğurla təmsil edə bilsin. İndiki məqamda köklü dəyişiklik etməyə ehtiyac yoxdur. Futbolçularla ilk dəfə birgə işləyəcəyik. Cəmi bir məşq etmək imkanımız olacaq. Həm onlar bizi, həm də biz onları tanıyacağıq. Azərbaycan naminə bayraq, himn üçün əzmkar, mübarizə aparan kollektiv qurmaq istəyirik. Hamımız Azərbaycan naminə nəsə etmək üçün buradayıq. Əsas Azərbaycanın adı, bayrağıdır. Hazırkı məqamda bu, əsas məqsəddir”.
Çalışdırıcı İsveç və Slovakiya yığmalarını təhlil etdiklərini söyləyib: “Rəqiblərin bütün futbolçuları haqqında ətraflı məlumata malikik. Dünyada elə bir məşqçi yoxdur ki, qələbədən başqa nəticə istəsin. Biz də elə kollektiv qurmaq istəyirik ki, futbolçular inamlı və iddialı olsunlar. Öz dəst-xətti olan, çox qol vurub, az qol buraxan komanda yaratmağa çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan milli komandası sentyabrın 5-də Bakıda İsveç yığması, sentyabrın 8-də isə Koşitsedə Slovakiya seçməsi ilə qarşılaşacaq.