Naxçıvan xəbərləri

post-img

Avqust şəhidlərinə ehtiram

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Mux­tar Respublikasında Azərbaycan Res­publikası Prezidentinin səlahiyyətli nü­mayəndəliyinin dəstəyi ilə avqust ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.

Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələ­rinin iştirak etdiyi tədbirdə əvvəlcə ümum­milli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Naxçıvan televiziyasının yad olunan şəhidlərlə bağlı hazırladığı vi­deoçarx nümayiş etdirilib, tələbələr video­çarxda adları çəkilən 39 şəhidin portretləri ilə səhnəyə çıxıblar.

Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin müa­vini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib ki, səlahiyyətli nümayəndəliyin dəstəyi ilə bu ilin əvvəlin­dən etibarən hər ayın sonunda doğum günü həmin aya düşən şəhidlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilir. Bu, artıq 8-ci anım tədbiridir. 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qeyd edib ki, Vətən müharibəsindəki şanlı qələbədə Naxçıvanın ümumtəhsil məktəblərinin mə­zunlarının da imzası vardır. 

Şəhid Zülal Mədətlinin atası Rəhim Mədətov və şəhid Şükür Hacıyevin anası Fatma Şükürlü igid övladları ilə fəxr etdik­lərini bildirib, onların xatirəsinin əziz tu­tulmasına görə minnətdarlıq ediblər. Sonra “Altay” teatrının aktyorlarının ifasında şə­hidlərin xatirəsinə həsr olunmuş şeir-kom­pozisiya təqdim olunub. 

Yüksək bal toplamış məzunlar

Naxçıvan Dövlət Milli Dram Teatrın­da ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların mükafat­landırılması mərasimi keçirilib. 

Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov ölkəmizdə təhsilə qayğıdan, Naxçıvanda bu sahədə qazanılan uğurlardan bəhs edib. O, muxtar respub­likada Prezidentin səlahiyyətli nümayən­dəsi Fuad Nəcəflinin tədbir iştirakçılarına salamlarını, uğur qazanmış məzunlara, onların müəllimlərinə və valideynlərinə təbriklərini çatdırıb.

Baş nazir bildirib ki, 2023–2024-cü tədris ilində muxtar respublikada 4569 şa­gird ümumi orta təhsil səviyyəsini, 3500 şagird tam orta təhsil səviyyəsini başa vu­rub. 8 şagird qızıl, 1 şagird gümüş nişana, 256 şagird isə fərqlənmə attestatına layiq görülüb. Tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülən şagird sayı ötən illə müqayisədə 3 dəfə çox olub. Ali təhsil müəssisələrinə tələbə qəbulu mü­sabiqəsində 222 nəfər 500–600, 78 məzun 600–650, 27 şagird isə 650–700 intervalın­da bal toplayıb. Ötən illə müqayisədə yük­sək nəticə göstərən məzunların sayı 67 faiz artıb. Bu da muxtar respublikada son 5 ildə əldə olunan ən yüksək göstəricidir. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Gültəkin Rüstəmo­va ötən tədris ilində əldə olunan ümumi nəticələr barədə məlumat verib. 

Valideynlər adından çıxış edən Or­dubad rayonunun Dırnıs kənd tam orta məktəbinin direktoru Taleh Qasımov öz övladı da daxil olmaqla rəhbərlik etdiyi məktəbin 8 məzununun hər birinin tələbə adını qazandığını, onlardan birinin artıq Qarabağ Universitetinin tələbəsi olduğu­nu bildirib. 

Ali məktəblərə keçirilən qəbul imta­hanlarında 691,9 bal toplayaraq muxtar respublika 1-cisi olan Kənan İsmayıllı qazandığı uğurun təməlində müasir tədris şəraitinin dayandığını bildirib. 

Sonra Naxçıvan Muxtar Respublika­sının baş naziri Ceyhun Cəlilov 500–700 intervalında nəticə əldə etmiş məzunlara mükafatlar təqdim edib. 

Səbuhi HƏSƏNOV
XQ



Son xəbərlər