Mina “savaş”ının zərif qəhrəmanları

post-img

Şanlı zəfərimizlə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsin­dən ötən müddət göstərdi ki, Azər­baycandan fərqli olaraq Ermənistan sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutduğu kimi, beynəlxalq səviy­yədə qəbul edilmiş humanist dəyərlərə də məhəl qoymur. Əgər bu işğalçı döv­lət etimad mühitinin formalaşmasında həqiqətən maraqlı olsaydı, o zaman müharibədən dərhal sonra minaladığı ərazilərin dəqiq xəritələrini Azərbay­cana təhvil verərdi.

Gerçəklik isə tamamilə fərqli oldu. Əv­vəlcə 2021-ci il iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr, daha sonra isə 2021-ci il noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli Soçi görüşünün nəticəsi olaraq həmin ilin dekabrın 4-də digər ərazilə­rin mina xəritələri Ermənistan tərəfindən Azərbaycana verildi. 

Mütəxəssislərin qısa araşdırmalarından sonra məlum oldu ki, bu xəritələrin dəqiq­liyi 25 faizdən çox deyil, bəzi hallarda isə xəritələr ümumiyyətlə reallığı əks etdirmir. 2024-cü ilin fevral ayında Ermənistan tərə­findən Kəlbəcər rayonunun Murovdağ dağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair daha 8 xəritə Azərbaycana təqdim edilsə də, bu xəritələr də əvvəlkilər kimi qeyri-dəqiqdir. Halbuki hərbi ekspertlərin yekdil rəyincə, Ermənistanda daha dəqiq xəritələr mövcuddur.

Yeraltı terror davam edir 

Həqiqət bundan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərimiz minalar və ölüm­saçan partlamamış hərbi sursatlarla ciddi şəkildə çirkləndirilib. Faktlar da məsələnin nə qədər aktual olduğunu göstərir. Təxmi­ni hesablamalara görə, ermənilər 30 il ər­zində Azərbaycanın işğaldan azad edilmiş ərazisində 1,5 milyona yaxın mina basdı­rıblar. Ermənistanın təhvil verdiyi mina xəritələrinin dəqiq olmaması ərazilərin minalardan və partlamamış döyüş sursatla­rından təmizlənməsini ləngitməklə yanaşı, insan faktoru baxımından da ciddi təhlükə kimi qalmaqdadır. 

2020-ci ilin noyabr ayından bugünədək Azərbaycanda 377 nəfər partlayıcı sursat­ların qurbanına çevrilib. Onlardan 69 nəfər həlak olub, 308 nəfəri müxtəlib bədən xə­sarətləri alıb. Ümumilikdə 1991-ci ildən bu yana minaların partlamasından zərər çəkən azərbaycanlıların sayı isə 3 400 nəfərdən artıqdır. Ən acınacaqlısı odur ki, mina qur­banları arasında mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar da az deyil.

Ərazilərin minalardan təmizlənməsi Azərbaycan dövlətinin xüsusi diqqət ayır­dığı prioritet fəaliyyət istiqamətlərindən­dir. İşğaldan azad edilmiş ərazilərdə Azər­baycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), bir sıra müvafiq dövlət qurumları, eləcə də yerli şirkətlər və qeyri-hökumət təşkilatı humanitar minatə­mizləmə fəaliyyətinə cəlb olunub. Həmin qurumlar tərəfindən 2020-ci ilin noyabr ayından 2024-cü ilin15 avqust tarixinədək, ümumilikdə, 156 min hektara yaxın ərazi minalardan və müharibənin digər partla­yıcı qalıqlarından təmizlənib, 151 mindən artıq mina və PHS aşkar edilib. Qarabağ və Şərqi Zəngəzur ərazisində icra edilən mi­natəmizləmə əməliyyatları intensiv olaraq davam etdirilir.

Xatırladaq ki, ANAMA ölkəmizdə hə­yata keçirilən humanitar minatəmizləmə ilə bağlı bütün fəaliyyətləri planlaşdırmaq, əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər, həm də hökumətin bu sahə üzrə səlahiyyətli və əsas icraçı qurumudur.

Tərtərin yaralı binası

1992-ci ildə müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradıl­mış Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) isə yeganə müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır ki, Azərbay­canda birbaşa olaraq minatəmizləmə əməliyyatlarında iştirak edir. Həmkarımız Umud Rəhimoğlunun rəhbərlik etdiyi fond fəaliyyəti dövründə sözügedən problemi hər zaman diqqətdə saxlayıb, müxtəlif la­yihələr reallaşdırıb. 

2023-cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının, ANAMA-nın vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə ölkədə ilk dəfə qadınlardan ibarət minatəmizləmə qrupları yaradılıb. Elə uzun illər işğalçı Er­mənistan ordusunun amansız hücumlarına mərdliklə sinə gərmiş qəhrəman Tərtərə növbəti səfərimin məqsədi də minalan­mış sahələrdə qəhrəmanlıq mücadiləsi verən həmin Həcər cəsarətli xanımlarla görüşmək, onlarla həmsöhbət olmaq idi. BAMF-nin regional ofisinin yerləşdiyi bi­naya çatar-çatmaz diqqətimi ilk cəlb edən ikinci və üçüncü mərtəbələrin şüşələrində­ki güllə yerləri oldu. Öyrəndim ki, həmin “yaralar” Tərtərdə dinc əhalini atəşə tutan ermənilərin vəhşiliyinin nümunəsi kimi saxlanılır...

İlk olaraq BAMF-nin gördüyü işlər və qadın minatəmizləmə qrupunun yara­dılması ilə bağlı fondun vitse-prezidenti Oğuz Mirzəyevlə söhbətləşdik: “BAMF-nin 32 illik fəaliyyətinin əsas hissəsi mü­haribədən zərərçəkmiş və işğaldan azad olunmuş regionlarda sosial-humanitar layihələrin icrası, qaçqın və keçmiş məc­buri köçkünlərin diqqətdə saxlanılması, səfirlərin, xarici diplomatların, jurnalistlə­rin, tələbələrin həmin ərazilərə səfərlərinin təşkili və s. ilə bağlı olub. 

Böhranın idarə olunması, sülhməramlı aksiyalar, konfliktologiya və insan haqları­nın müdafiəsi sahəsində səmərəli iş aparan BAMF hələ Vətən müharibəsindən xeyli əvvəl, 2000-ci illərdən başlayaraq mina problemi və ərazilərimizin minalardan tə­mizlənməsi ilə bağlı da layihələr həyata keçirib. Bu layihələrdən bəziləri bu gün də davam etdirilir”. 

Müsahibimiz qeyd etdi ki, qadın mi­natəmizləmə qrupunun yaradılması, təx­minən, bir il əvvəl reallaşdırlıb: “Qrupun yaradılması ilə bağlı elan verildikdən sonra paramedik vəzifəsi (ilk tibbi yar­dım mütəxəssisi – M.R.) də daxil olmaqla ümumilikdə 54 nəfər layihədə çalışmaq üçün müraciət etdi. Fiziki və psixoloji və­ziyyəti tələblərə cavab verən 33 qadın 16 iyun 2023-cü ildə təlimlərə cəlb olundu. 25 sentyabr 2023-cü ildə isə qrup fəaliyyətə başladı və hazırda 23-ü minatəmizləyən, 2-si paramedik olmaqla 25 qadın ərazilər­də minatəmizləmə əməliyyatları həyata keçirir. Dörd komanda formalaşdırmışıq. Onlardan 3-ü tamamilə qadınlardan, biri isə həm qadın, həm də kişilərdən təşkil edilib”. 

Oğuz Mirzəyev daha sonra söylədi ki, qadın minatəmizləmə qrupları hazırda Ağdam rayonunun Nəmirli kəndində mina sahəsinin, Güllücə kəndində isə döyüş sahəsinin təmizlənməsini həyata keçirirlər. Bundan başqa, Güllücə kəndində texniki tədqiqat əməliyyatları da aparılır: “Ümu­milikdə fədakar xanımlarımız fəaliyyətə başladıqları gündən indiyədək 3 203 997 kvadratmetr ərazini təmizləyiblər. Həmin ərazilərdə 25 tank əleyhinə və 12 piyada əleyhinə mina, həmçinin 77 PHS aşkarla­naraq zərərsizləşdirilib”.

Zərif qəhrəmanlarımızla görüşmək üçün BAMF-nin regional inzibati direk­toru Ruslan İbrahimbəylinin müşayiəti ilə minatəmizləyən xanımların yerləşdikləri evə yollandıq. Yeri gəlmişkən, Tərtərdə onların yaşayışı üçün lazımi şərait yaradı­lıb. Yaxında isə xanımlar fondun ofisinin yanında yerləşən, təmiri yekunlaşmaqda olan yeni yaşayış yeri ilə təmin ediləcəklər. 

Direktor bildirdi ki, qrup üzvləri həftə­nin beş günü səhər tezdən sahəyə yollanırlar və hava işıqlananda artıq təmizləyəcəkləri ərazidə olurlar. Mina axtarışı prosesi gü­norta saatlarına qədər davam edir. Bunun da maraqlı bir səbəbi var. Belə ki, qadın minatəmizləmə qruplarının fəaliyyətinə BAMF-ın İcma Mina Aksiyası komandası­nın peşəkar mütəxəssisləri ilə yanaşı, xüsusi təlim keçmiş minaaxtaran itlər və siçovul­lar ilə də dəstək verilir. Mina axtaran siço­vullar isə günün müəyyən saatlarına qədər “işləyə” bilirlər. Gün qızanda onların kömə­yindən istifadə etmək məhdudlaşır. Bundan başqa, sahədəki fəaliyyətdən asılı olaraq ANAMA tərəfindən minaaxtaran maşınlar da əməliyyatlara cəlb edilir. 

Ruslan müəllimin sözlərinə görə, mina axtarışı əsasən iki nəfərlik qruplar şəklində həyata keçirilir. Xanımlardan biri təmiz­lənəcək kvadratda işləyir, digəri isə onun fəaliyyətinə nəzarət edir. Yəni təhlükəsiz­lik maksimum şəkildə nəzərə alınır. Qəh­rəmanlarımız hava şəraiti minatəmizləmə əməliyyatlarını həyata keçirməyə imkan verməyəndə də işsiz oturmurlar. Belə gün­lərdə onlar müharibənin təsirinə məruz qalmış keçmiş cəbhəyanı kəndlərdə yerli əhalinin mina təhlükəsi ilə bağlı maariflən­dirilməsi üzrə tədbirlərə cəlb edilirlər.

Qeyd edək ki, qadınlardan ibarət mina­axtaranlar qrupunun yaradılması layihəsi ərazilərin minalardan təmizlənməsi, məc­buri köçkünlərin təhlükəsiz və davamlı şəkildə qayıdışının təmin edilməsi, o cüm­lədən ANAMA-nın potensialının artırıl­ması, minalarla mübarizədə gender əsaslı fəaliyyətlərin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qorxubilməz savaşçılar

Gəlişimiz xanımların işdən sonrakı is­tirahət saatları ilə eyni vaxta düşmüşdü. Bu səbəbdən səhər tezdən, hələ gün çıxmamış oyanıb əraziyə yollanan, ağır, məsuliyyətli işdən qayıdan dəstə üzvlərinin hamısı ilə görüşmək mümkün olmadı. Həmsöhbət olduğumuz Ləman Abdullayeva, Səmayə Əhmədli, Əfsanə Bayramova, Gültəkin Mehdiyeva, Səbinə Mayılova, Əfsanə Al­lahverdiyeva bildirdilər ki, qadınlardan ibarət minatəmizləyən dəstənin yaradıl­ması ilə bağlı elandan xəbər tutan kimi, tərəddüd etmədən müraciət ediblər. Çünki gördükləri işin nə qədər əhəmiyyətli oldu­ğunu başa düşürlər. 

Azərbaycanımızın müxtəlif bölgələrin­dən – Bakıdan, Gəncədən, Zəngilandan, Şəmkirdən, Ağdərədən, digər şəhər və ra­yonlardan olan bu xanımların bir çoxu ali təhsillidir. Ancaq onlar ixtisasları üzrə daha rahat işləri deyil, məhz mina axtarmağı, tapmağı, bununla da insan həyatlarını xilas etməyi seçiblər. “Minatəmizləyən” deyən­də ağla ilk kişilər gəlsə də, bu zərif qəhrə­manlar sübut ediblər ki, Azərbaycan qadını mühribədə, qanlı döyüşlərdə öz ataları, qardaşları, həyat yoldaşları ilə çiyin-çiyinə dayanmağı, savaşmağı bacardıqları kimi, qorxmadan, cəsarətlə minalanmış əraziləri təmizləməkdə də heç kimdən geri qalmır­lar. 

Xanımlar keçdikləri təlimlərdən, ilk işə başladıqları günün həyəcanından, ilk mina və ya PHS aşkarlamağın sevincindən danışdılar. Söhbət etdiyimiz dəstə üzvləri hamılıqla bildirdilər ki, Vətən torpaqlarını mənfur düşmənin “miras qoyduğu” ölüm­saçan minalardan təmizləməyin verdiyi qürur sözlə ifadə edilə biləcək deyil. Üstə­lik, qorxmağa da heç bir səbəb yoxdur. Çünki hamısı xüsusi təlimlərdən keçiblər, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməyin nə qədər vacib olduğunu bi­lirlər. Onu da bilirlər ki, tapdıqları hər mina bir və bir neçə insanın, canlının həyatının xilas edilməsi deməkdir. 

Əksəriyyəti gənc olan xanımlar onlar üçün yaradılmış şəraitdən də razılıq et­dilər. Söhbət etdikcə onların qüruruna şə­rik olmamaq, onlara baxıb qürurlanmamaq mümkün deyil. İnam dolu sözləri, cəsarət yağan baxışları “adın şərəflidir sənin, ey qadın!” misralarını yada salır. Hərəsinin gələcəklə bağlı bir planı, ancaq hamısının ümumi bir arzusu var – gözəl Azərbayca­nımızın bütün torpaqlarının altının da üstü kimi “düşmən”dən, onun qalıqlarından təmizlənməsi. Onlar bu arzularının reallaş­ması üçün savaşırlar. Yolunuz açıq olsun, zərif qəhrəmanlarımız!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri, 

Tərtər







Sosial həyat