Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsi, Energetika Nazirliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin müvafiq göstəriciləri əsasında hazırladığı analitik materialda bildirilir ki, Prezident İlham Əliyev 2004-cü il oktyabrın 21-də “Azərbaycan Respublikasında bərpaolunan enerji üzrə Milli Proqram”la bağlı sərəncam imzalayandan sonra bu sahədə genişmiqyaslı layihələrin icrasına başlanılıb və həmin vaxtdan indiyədək ölkəmizdə alternativ enerji üzrə qoyuluş gücü 74 faiz və ya 717,8 MVt yüksəlib.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 2009-cu il yanvarın 26-da Bonn şəhərində imzalanmış nizamnaməsinin dövlətimizin başçısı tərəfindən təsdiqləndiyi 2014-cü il mayın 2-dən bugünə kimi isə ölkəmizdə bərpaolunan enerji üzrə qoyuluş gücü 50,7 faiz və ya 567,9 MVt çoxalıb. Cari ilin iyul ayında isə ölkəmizdə bu sahə üzrə qoyuluş gücü 1687,9 MVt-a (5 il əvvəlki göstərici ilə müqayisədə 30,7 faiz və ya 396,6 MVt çox) yüksəlib.
Respublikada alternativ enerji üzrə elektrik stansiyalarının gücünə diqqət etsək, əsas enerji növünün su olduğunu görərik. Son 20 ildə bu sahədə fəaliyyət göstərən su elektrik stansiyalarının qoyuluş gücü 34,2 faiz və ya 331,6 MVt artıb. Hazırda isə su elektrik stansiyalarının qoyuluş gücü 1301,7 MVt-a (son 5 ildə 13,7 faiz çox) çatıb.
MTM-in hazırladığı təhlili materialda daha sonra qeyd edilir: “Azərbaycanda hazırda su elektrik stansiyalarının qoyuluş gücü 1301,7 MVt (son 5 ildə 13,7 faiz çox), külək elektrik stansiyalarının gücü 66,5 MVt (15 il əvvəlki göstəricidən 39,1 dəfə və ya 64,8 MVt çox) təşkil edir. Günəş elektrik stansiyalarının qoyuluş gücü isə 282 MVt-a (5 il əvvəl ilə müqayisədə 8 dəfə, 10 il əvvəl ilə müqayisədə 117,5 dəfə çox) çatır. Günəş elektrik stansiyalarının qoyuluş gücünün 81,6 faizini və ya 230 MVt-nı 2023-cü ildə açılışı reallaşan Qaradağ GES təşkil edir.
Xatırladaq ki, 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilən sənaye miqyaslı ilk günəş enerji infrastrukturu olan Qaradağ GES-də ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacağı, bununla da il ərzində 110 milyon kubmetr təbii qaza qənaət ediləcəyi və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısının alınacağı nəzərdə tutulub.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Mütəxəssislərin hesablamalarına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 qiqavatdır ki, bunun da 3 min meqavatı külək, 23 min meqavatı günəş enerjisi, 380 meqavatı isə bioenerjinin payına düşür. Bununla yanaşı, ölkə ərazisindəki dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
MTM-in hazırladığı təhlili materialda bildirilir ki, ölkədə 9 günəş, 5 külək və 1 bioelektrik stansiyası fəaliyyət göstərir. Bundan başqa Azərbaycanda 2 hibrid elektrik stansiyası isə külək, günəş və bioqazdan istehsal olunan elektrik enerjisini hibrid formada elektrik şəbəkəsinə ötürür.
Qeyd edilir ki, hazırda elektrik stansiyalarının qoyuluş gücü 8320,9 MVt təşkil edir və onun 79,72 faizi istilik elektrik stansiyalarının, digər 20,28 faizi (15,64 faizi su ES, 3,39 faizi Günəş ES, 0,8 faizi külək ES, 0,45 faizi isə bio ES) bərpaolunan enerji üzrə fəaliyyət göstərən elektrik stansiyalarının payına düşür.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Son illər respublikamızda “yaşıl enerji”nin reallaşdırılması ilə bağlı tarixi layihələr həyata keçirilib. Məsələn, ötən il regionda ən böyük bərpaolunan enerji istehsalı müəssisələrindən olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib. “Masdar” ilə ümumi gücü 1000 MVt olan 2 günəş və 1 külək elektrik stansiyasının təməli qoyulub. Bu il mayın 3-də “ACWA Power” şirkəti ilə 200 MVt Batareya Enerji Saxlama Sistemi üzrə İcra Sazişi və 200 MVt gücündə külək elektrik stansiyası üçün Çərçivə Sazişi imzalanıb. Eyni zamanda 1870 MVt gücündə bərpaolunan enerji güclərinin (istismara verilmiş və təməli qoyulmuş stansiyalar daxil olmaqla 2 külək və 6 günəş stansiyası) ölkəmizin ümumi elektroenergetika şəbəkəsinə inteqrasiyası üzrə proqram uğurla gerçəkləşdirilib.
Yuxarıda sadalananlarla bərabər bu ilin iyun ayında ümumi gücü 1000 MVt olan, illik təqribən 2 milyard kilovat-saatdan çox yaşıl enerjinin istehsalı nəzərdə tutulan 3 bərpaolunan enerji infrastrukturunun– Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ ərazisində isə 240 MVt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.
Yeri gəlmişkən, təqribən 1 milyard dollara yaxın həcmdə investisiya hesabına reallaşdırılacaq həmin layihələr haqlı olaraq respublikamızda iqtisadi sabitliyə və əlverişli investisiya mühitinə olan inamın göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda bu müasir bərpaolunan enerji infrastrukturları fəaliyyətə başlayandan sonra ölkə iqtisadiyyatının və enerji istehsalının şaxələndirilməsinə, müstəqil enerji istehsalının artırılmasına və ətraf mühitin mühafizəsinə müsbət təsir göstərəcəyi bildirilir.
Burada bir məqamı da xatırlatmaq istərdim. Azərbaycanda bərpaolunan enerji potensialının reallaşdırılması işğaldan azad edilən ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Ötən il Qarabağ və Şərqi Zəngəzurun 12 bölgəsində tikilən yarımstansiya və su elektrik stansiyalarının istifadəyə verilməsi də bunun bariz ifadəsidir.