Həzin könül pıçıltıları

post-img

Mən ömrümdə cəmi 2 Həzi tanımışam. Biri 2 dəfə Sovet İttifaqı Qəhrə­manı general-mayor Həzi Aslanov olub, onu qiyabi tanıyıb sevmişəm. Biri də əyani surətdə tanıdığım söz cəbhəsinin savaşçısı şair Həzi Həsənlidir ki, universitetin qiyabi şöbəsində tələbə yoldaşım olub, yaradıcılığına sevgilərlə yanaşdığım dostumdur. 

Bir vaxt Həzinin “Siz, ey sevdiklə­rim...” kitabı haqqında “Həzinin həzin şe­irləri” adlı qeydlərimi qələmə almışdım. İndi isə onun yenicə çapdan çıxmış “Köv­rək könül pıçıltıları” adlı kitabı qarşımda­dır. Görürəm ki, elə həmin Həzidir: sözə, saza, sənətə sədaqətli, özünə, könlünün söz közünə tələbkar. Artırıb ki, əskiltməyib. 

Şeiri saz üstündə yaz,

Açıq qalsın pəncərə...

Həzin-həzin ötər saz,

Yorğun ruhum dincələr.

Belə avtobioqrafik “tablo”nu yalnız söz rəssamı olan, süni boyalardan qaçan şairlər yarada bilər. Kitabı oxuduqca şairin könül pıçıltıları davam edir. Görürsən ki, “tablo” süjetlidir: quşlar pəncərədən içəri doluşdu, su içdi, dən yedi. Şair quşüzümü alıb çay da dəmlədi...

Həzinin şeirlərini oxuyanda, doğrudan da, adamın ruhu dincəlir. Onu artıq 45 ildir ki, tanıyıram. Jurnalistika fakültəsinə birgə daxil olduğumuz vaxtdan. Görüşdüyümüz yay və qış sessiyalarında arabir şeirləşər, gənclik duyğularımızı paylaşardıq: mən idim, o idi, Rasim idi, Nurəddin idi, rəh­mətliklər İsmayıl və Fəxrəddin idi... Sonra həm cismani, həm də yaradıcı baxımdan seyrəlməyə başladıq. İndi Həzi kimi sözə, poeziyaya vurğun adam azdır. Çünki rəh­mətlik Məmməd Nazimoğlu demişkən, Həzi Həsənli şeirə ana südü kimi baxır və ona haram qatmaq niyyəti yoxdur. “Qar­daşım Həzi Yenisey çöllərindən, Altayın ətəklərindən iz alıb gələn bir cığırla yol tutub getməkdədir”. 

Bu yaxınlarda dünyasını dəyişmiş filo­loq İlham Abbasov isə yazıb: “İşıq əlifba­sı” kitabında Həzi Həsənli Fikrət Mursaqu­lovun portretini bədii obraz səviyyəsində yaratmağa müvəffəq olmuşdur. Bunu tə­min edən birinci amil səmimiliyi, duyğu və düşüncələrinin ifadəsində təbiiliyi qoruya bilməsidir”.

Həzi təzə kitabını mənə bir ay əvvəl hədiyyə edib. Sadəcə, düşündüm ki, qoy, təəssüratlarımı doğum günü ərəfəsində yazım ki, bu da mənim ona hədiyyəm ol­sun. Filologiya elmləri doktoru İslam Sa­dığın kitaba yazdığı “Ön söz”ü, şair-pub­lisist Əbülfət Mədətoğlunun və Ağacəfər Həsənlinin resenziyalarını oxudum, qələm dostumun yaradıcılığına yüksək dəyər vermələrindən yetərincə məmnun qaldım. Ağacəfər doğru yazır ki, hər yaxşı kitabın geniş təhlilə, ədəbi tənqidin süzgəcindən keçməyə haqqı var, Həzi Həsənlinin yeni şeir toplusunun da eləcə. 

Bu kitabdan iki həftə öncə Azər Turan “Ədəbiyyat qəzeti”ndə Həzinin bir sə­hifəlik şeirlərini vermişdi. Onları da ma­raqla oxuyub xeyli təsirlənmişdim. İndi də daha geniş diapazonda şair dostumun son yaradıcılıq uğurları ilə tanış oldum. Onun aforizm kimi yadda qalan misraları, “Xankəndim – Cankəndim” kimi deyim­ləri az deyil.

Can demişik şəhid verən millətə,

Can dözərmi haqsızlığa, zillətə?

Güvənmişik qanımızda qeyrətə,

And içmişik bu bayrağa, ey Vətən!

Böyük Zəfərdən sonra Qarabağa yol­lanan dostuna şair ismarıclar verməyi də özünə borc bilir. Üzünü ona tutub deyir:

Ürəyində Şuşa boyda həsrətin,

Bircə dəfə görmək olsa qismətin,

Xarıbülbül – çiçək bacın, ismətin,

Çiçəklərin üzlərindən öpərsən...

Nə vaxt getsən Qarabağa, birinci

Şəhidlərin izlərindən öpərsən... 

Onun şeirlərinin dili axıcı, sözləri canlı, fikirləri aydındır. Kəlmələrin məna çalarlarını bütün incəliklərinə qədər bi­lib, ifadə etməkdə heç bir çətinlik çəkmir. Məsələn, bir şeirində rədif kimi götürdüyü “düşüncə” sözü bəndlərin sonunda nə az-nə çox, düz beş mənada işlənib. 

Həzi təbiət aşiqidir. Tez-tez əsrarəngiz bölgələrə, uzaq ölkələrə səfərlər edib tə­biətlə bağrıbadaş olur. Oralarda da şairliyi tutur:

Gəlmişəm təbiət səyahətinə,

Tənha ağacların ziyarətinə, – deyir. 

Bəs, niyə tənha ağaclar? Şairə görə, çünki onlar qardaşdan, sirdaşdan kimsəsi olmayan, ildırım qorxusu olan ağaclardır. Amma Həzi bu ağacların təkliyi görk et­məsini, tərk etməsini də istəmir. Çünki “qisməti var qəribin də”. Tənhalar İlahidən təklənibsə, şair onların gündoğandan-gün­batana bakirə duyğularla yüklənməsini istəyir.

Şair dostum bədii detallardan yerli-ye­rində istifadə etməkdə, obrazlarla düşün­məkdə də mahirdir. Məsələn, “Qatar” şei­rində həsrəti, görün, necə təsvir edir:

 

Səni bir yaz günü aparan qatar

Balanı anadan ayırdı, getdi.

Cəhrətək fırlanan o dəmir təkər

Ananı düyçətək əyirdi, getdi...

Sən getdin, o qərib arzularınla

Ananı yaxıla-yaxıla qoydun.

Yaşadı həsrətin, intizarınla,

Şəklini böyüdüb daxıla qoydu...

 

Həzi Həsənlinin “Kövrək könül pıçıl­tıları” kitabının da oxucuların könlünə yol tapacağına inanırıq.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət