Azərbaycan və Rusiya rəhbərliyi dənizin problemini nəzarətə götürüb
Avqustun 19-da Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bu məsələyə diqqət çəkərək deyib: “Hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”.
Rusiya lideri isə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşündə bu mövzunu Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini bildirib: “Bu yaxınlarda Azərbaycanda idim. Azərbaycan Prezidenti, Xəzərin dayazlaşmasına diqqət çəkdi. İlham Əliyev Həştərxan vilayəti ilə qarşılıqlı təsir haqqında çox səmimi danışdı”. V.Putin Xəzər dənizinin problemlərinin öyrənilməsi, bu istiqamətdə zəruri tədbirlərin görülməsinin vacibliyini bildirib. Rusiya rəhbəri yaxın gələcəkdə Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlillərinin aparılması barədə göstərişlər də verib.
Qeyd edək ki, dövlətimizin başçısı müxtəlif səviyyəli görüşlərdə, toplantılarda Xəzər probleminə davamlı olaraq toxunub. Belə ki, Prezident İlham Əliyev hələ 2022-ci il iyunun 29-da Aşqabadda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında diqqəti bu məsələyə yönəldərək ətraf mühitin mövcud vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu, Azərbaycanın Xəzərin ekoloji problemlərinin həlli məqsədilə əməkdaşlığa tərəfdar çıxdığını, eyni zamanda, dənizin dayazlaşma dinamikasının narahatlıq doğurduğunu diqqətə çatdırıb: “Buna görə də nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”.
Yeri gəlmişkən, son illər Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün sahilyanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan biri olan dənizin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji problemlərin həlli məqsədilə Prezident İlham Əliyevin tövsiyələri daim diqqətdə saxlanılıb, aidiyyəti üzrə ekspert qrupunun yaradılması yönündə fəaliyyət göstərən mütəxəssislərin müvafiq görüşünün təşkilinə xüsusi önəm verilib. Bununla yanaşı, 2022-ci ilin oktyabrında Bakıda Xəzərlə bağlı Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransı keçirilib. Ötən il isə paytaxtımızda Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı xüsusi ekspert qrupunun ilk iclası reallaşdırılıb.
Ümumilikdə, sözügedən sahə nəzarətə alınsa da, hazırda problemlərin miqyası getdikcə daha ciddi narahatlıq doğurur. Artıq bununla bağlı həyəcan təbili çalan mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin dayazlaşması eyni sürətlə davam edərsə, yaxın gələcəkdə sahilyanı ölkələrin sosial-iqtisadi problemləri xeyli kəskinləşəcək. Başqa sözlə, iqlim dəyişikliyi Xəzərin səviyyəsinə birbaşa təsir göstərdiyindən dənizin su balansı dəyişir, səviyyənin artıb-azalması müşahidə edilir.
Ekspertlərin fikrincə, dənizin su balansının əsas komponentini çayların axını təşkil edir. Təəssüf ki, hazırda Xəzər dənizini qidalandıran çaylarda suyun ciddi azalması nəzərə çarpır. Səbəb isə su hövzələrinə düşən yağıntıların səviyyəsinin aşağı düşməsi, havanın temperaturunun yüksəlməsi, eləcə də Xəzər dənizinin özündən buxarlanmanın artmasıdır. Xəzərin səviyyəsinin enməsi ilə əlaqədar dəniz faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, hidrotexniki qurğuların, o cümlədən limanların istismarında çətinliklər əmələ gəlir. Analoji hallar SOCAR-ın dəniz obyektlərində yerləşən istehsalat sahələrinin normal rejimdə istismarına da maneçilik törədir. Bundan əlavə, su səviyyəsinin enməsi nəticəsində akvatoriyanın dayaz sahələrində mövcud və perspektivdə nəzərdə tutulan quyuların istismarında problemlər yaranır.
Son zamanlar gəmilərin hidrotexniki qurğulara sərbəst yan alması, həmçinin işçilərin və yüklərin təhlükəsiz daşınması üçün nəzərdə tutulmuş yük və sərnişin körpülərinin konstruksiyasına müəyyən dəyişikliklər edilməsi zərurətə çevrilib. Artıq bu istiqamətdə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Digər tərəfdən, dənizin səviyyəsinin enməsi hidrotexniki qurğuların yükdaşıyıcı və texnoloji konstruksiyalarının, nəql borularının su səthi ilə təmas zonalarında kəskin korroziya ehtimalını artırır. Bu amil, həmçinin suyun şorluğunun daha da yüksəlməsinə səbəb olur ki, bu da dəniz suyu istifadə edilən texniki və yanğın əleyhinə su xətlərinin və avadanlıqların korroziyaya uğramasını sürətləndirir. Eyni zamanda, dəniz səviyyəsinin enməsi nəticəsində suyun temperaturu da qalxır, buxarlanmanın intensivləşməsi artır. Nəticədə, dənizdəki istehsalat sahələrində uzunmüddətli rütubət yaranır. Bu da öz növbəsində işçilərin sağlamlığına mənfi təsir edir.
Son 30 ildə baş verən iqlim dəyişiklikləri də Xəzər dənizinin hövzəsində ciddi problemlər yaradıb. Nəticədə, Xəzərin sahilboyu əraziləri kəskin iqlim dəyişmələri, dənizin su səviyyəsinin tərəddüdləri, sel və quraqlıqların mənfi təsirləri ilə üzləşib və bu səbəbdən dənizin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib.
Bu gün Xəzərin dayazlaşması iqlim dəyişikliyi ilə bağlıdırsa, onun çirklənməsi isə antropogen amillərlə əlaqədardır. Tanrının region xalqlarına bəxş etdiyi Xəzər adlı əvəzsiz nemətə laqeyd münasibət göstərilir, mavi gözlü dəniz insan fəaliyyətinin mənfi təzahürlərinə məruz qalır. Müşahidələr göstərir ki, Xəzər dənizi daha çox onu qidalandıran Kür və Ural çayları vasitəsilə çirkləndirilir. Belə ki, qonşu Gürcüstanın Tbilisi və Rustavi şəhərlərindəki sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə axıdılır. Son illər Araz çayına birləşən Oxçuçay da Ermənistan tərəfindən ciddi çirklənməyə məruz qalır. Nankor qonşumuzun çaya axıtdığı müxtəlif radioaktiv tullantılar Xəzər dənizinə tökülərək böhranı bir qədər də dərinləşdirir. Bununla yanaşı, Ermənistanın Qacaran şəhərində istismar edilən mis-molibden, Əkərək şəhərindəki mis-molibden və qızıl yataqlarının tullantıları isə Oxçu, Xarçevan çaylarını çirkləndirir. Hər iki çay Arazın qolu olduğu üçün Xəzər dənizini, regiondakı torpaq sahələrini və su resurslarını ciddi təhlükə altında qoyur. Yeri gəlmişkən, Araz transsərhəd çay olduğundan Azərbaycanla yanaşı, qonşu İran İslam Respublikasının da ekosistemini, demək olar ki, sıradan çıxarıb.
Göründüyü kimi, Xəzər hövzəsindəki 5 (Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan) ölkənin ekosistemində çirklənmələr baş verir. Bu isə təkcə respublikamızın yox, adları çəkilən digər dövlətlərin də birgə həll etməli olduğu məsələdir. Çünki Xəzəryanı region bu coğrafiyada yaranan belə bir ağrılı problemə görə yalnız “Xəzər beşliyi”nin – Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın məsuliyyət daşıdığı ərazi olaraq qalır.
Yeri gəlmişkən, Xəzər dənizinin problemlərinin həlli istiqamətində indiyədək bir sıra zəruri tədbirlər həyata keçirilib. Məsələn, BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək aparılıb. Sözügedən sənəd 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan, regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən bu ilk hüquqi sazişdə öz ifadəsini tapan Xəzərin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılıb. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalara da xüsusi önəm verilib. Qeyd edək ki, “Tehran konvensiyası” 5 Xəzəryanı ölkənin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib və sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.
Çərçivə Konvensiyasında adları sadalanan dövlətlər tərəfindən dənizin zərərli, təhlükəli maddələrlə, tullantılarla çirkləndirilməsinin qarşısının alınması, onun bioloji ehtiyatlarının qoruması qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla bərabər, həmin sənəddə Xəzərin səviyyəsinin dəyişməsi probleminin diqqət mərkəzində saxlanılması, məsələnin həlli yollarının araşdırılmasının zəruriliyi vurğulanıb.
Bütün bunlar isə onu göstərir ki, Xəzərin problemlərinin həlli həmin 5 sahilyanı ölkənin birgə səyi ilə həll edilməlidir. Hər bir Xəzərsahili ölkə dənizə şəxsi yanaşma ilə yox, ümumi prizma ilə diqqət yetirməlidir. Əks halda, problemlər daha da dərinləşə, nərə balığı ehtiyatı, canlıların rəngarəngliyi yoxa çıxa, ekosistem tənəzzülə uğraya bilər.
Onu da qeyd edək ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında nəzərə çarpır. Başqa sözlə, həmin sahələrdə bir çox şəhərlər yerləşir ki, onların sənaye müəssisələrinin çirkab suları, habelə dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilər Xəzərə axıdılır. Bu şəraitin normal məcraya yönəldilməsi üçün Çərçivə Konvensiyasına qoşulan ölkələr tərəfindən birgə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Azərbaycanda mövcud ekoloji sistemlərin qorunmasına və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə böyük diqqət yetirilir. Sosial-iqtisadi inkişafın ekoloji baxımdan davamlı olması üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemlərin aradan qaldırmasına, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə xüsusi önəm verilir və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması istiqamətdə davamlı layihələr həyata keçirilir.
Sadalanan ekoloji problemlərin müəyyən hissəsi aradan qaldırılsa da, hələ də bu sahədə bir sıra çatışmazlıqlar nəzərə çarpır. Burada Xəzərin, sahilyanı ərazilərin çirklənməsi, sularda biomüxtəlifliyin qorunması ilə bağlı problemlər ciddi narahatlıq doğurur. Belə ki, hazırda Xəzər dənizinin çirklənməsi daha çox diqqət çəkir ki, bunun da ən əsas səbəbi qurudan daxil olan və ya quruda həyata keçirilən fəaliyyət nəticəsində yaranan çirklənmə göstərilir.
Xəzərin çirklənməsini şərtləndirən amillərdən biri də sahilyanı ərazilərdə yaşayan insanların dənizə bəslədiyi etinasız münasibətlə bağlıdır. Məlum olduğu kimi, hazırda Xəzər dənizinin ətrafında dörd milyondan çox insan yaşayır. İnsanlar dənizin təmizliyinin qayığısına qalmaq əvəzinə çox zaman onu şüurlu şəkildə çirkləndirirlər. Bu da Xəzərin ekoloji mühitini, onun canlı mühitini ciddi təhlükə ilə üz-üzə qoyur. Bununla yanaşı, sənaye obyektlərinin 75 faizi Xəzər dənizinin sahilində yerləşir və həmin obyektlərdən tullantı suları birbaşa dənizə axıdılır. Bu da Xəzərin canlılar aləminə təsir etməklə yanaşı, insanların da sağlamlığı üçün ziyanlıdır.
Mütəxəssislər Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində ekoloji problemlərin azalmaq əvəzinə daha da artmasının səbəblərini müxtəlif amillərlə izah edirlər. Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun sektor rəhbəri, iqtisadçı-ekspert Stanislav Pritçinin sözlərinə görə, Xəzər dənizi regionun ümumi ekoloji obyekti olduğundan ətraf ölkələrdən birində yaşanan böhran qonşulara da keçir. Bu da onların inkişafına mənfi təsir göstərir. Neft-qazçıxarma əməliyyatlarına və dənizdəki ümumi vəziyyətə səmərəli ekoloji nəzarət isə yalnız Xəzəryanı dövlətlərin birgə səyi ilə mümkündür. Belə nəzarət region dövlətləri tərəfindən yaradılan və müvafiq səlahiyyətlərə, xüsusən də birgə ekoloji proqramların işlənib hazırlanması və həyata keçirilməsi hüququna malik dövlətlərarası ekoloji qurum vasitəsilə həyata keçirilə bilər.
Xəzər Universiteti Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, Ekologiya Nazirliyi yanında İctimai şuranın üzvü Rövşən Abbasov bildirir ki, Xəzərin hövzəsi uzun illərdir ki, ciddi çirklənməyə məruz qalır. Moskva, Volqoqrad, Saratov, Tbilisi və Yerevan kimi iri, eləcə də onlarca orta və kiçik şəhərlərdə formalaşan çirkab suları birbaşa Xəzər dənizinə axıdılır. Çirkləndiricilər də, əsasən, Volqa, Ural və kür çayları vasitəsilə Xəzərə daxil olur. Xəzərin sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən axıdılan tullantı suları da dənizin çirkləndirilməsində yaxından iştirak edirlər. Bununla yanaşı, 200 ilə yaxın bir müddətdə neft hasilatı zamanı ekoloji normalara lazımınca əməl edilməməsi səbəbindən dəniz neft tullantılarının güclü təsirinə məruz qalıb.
Onun sözlərinə görə, kənd təsərrüfatında istifadə edilən gübrə və pestisidlər də Xəzərin çirklənməsində böyük paya malikdir. Bura, əsasən, azot və fosfat gübrələri aiddir ki, onlar da çaylar vasitəsilə Xəzər dənizinə axıdılır. Bu zərəli maddələr dənizdə ekosistem zəncirinə çox mənfi təsir göstərir. Göründüyü kimi, Xəzər dənizi həm məişət suları, həm neft tullantıları, həm də müxtəlif gübrələrlə çirkləndirilir. Xəzərə daxil olan çirkləndiricilər onun ekosisteminə çox mənfi təsir edir, buradakı bioloji resurslar üçün ciddi təhlükə yaradır. Bu cür cirklənmələr dəniz suyunda həll olmuş oksigeni azaltmaqla canlıların nəfəs almasını çətinləşdirir. Təkcə Xəzər sahillərində deyil, uzaqda yerləşən şəhərlərin də çirkab suları çaylar vasitəsilə dənizə axır.
Ekoloq Adil Qəribov isə hesab edir ki, Azərbaycanda neft-qaz hasilatı prosesində ən mütərəqqi texnologiyaların tətbiq edilməsinə baxmayarq, bəzən qəzalar baş verdiyindən neft tullantıları dənizi çirkləndirir. Bu isə Xəzərin suyu ilə bərabər, orada yaşayan canlılara, bitkilərə də öz mənfi təsirini göstərir. Məsələn, dənizdə olan balıqların əksəriyyəti bitkilərlə qidalanır. Bitki aləminin sıradan çıxması isə balıqların məhvinə gətirib çıxarır. Şübhəsiz ki, bu, Xəzərdə qida zəncirinin qırılması ilə nəticələnir. Beləliklə, Xəzərin mikroflorası, faunası zəifləyir, canlı aləmi azalır...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi ekoloji monitorinqlərlə təsdiqlənib ki, Xəzərin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, bu coğrafiyada fəaliyyət göstərən müəssisə və təşkilatların, eləcə də üzən vasitələrin dənizi çirkləndirməsi onun bioloji ehtiyatlarına mənfi təsir göstərir. Beləliklə, dəniz, ilk növbədə, 5 Xəzəryanı ölkə tərəfindən çirklənməyə məruz qalır. Bu da biomüxtəlifliyə, inkişafa əngəl törədir. Bunun qarşısını almaq üçün yuxarıda vurğulandığı kimi, müəyyən konvensiyalar, protokollar qəbul olunsa da, hələ ki, diqqətçəkən müsbət nəticə nəzərə çarpmır.
Bu ilin noyabr ayında Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Danışıqlar prosesi ilə paralel İqlim Fəaliyyəti gündəliyi çərçivəsində Xəzərlə bağlı təşəbbüslər də yer alacaq. Bu isə dənizin probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq miqyasda həlli üçün real zəmin yaradacaq.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ