“Aktyor” filmi milli-mənəvi aşınmaların bədii ağrısıdır

post-img

Tanınmış rejissor Aydın Arslanın ekranlaşdırdığı “Aktyor” filmi mil­li-mənəvi dəyərlərə sadiqlikdən, insansevərlik və düzlük kimi əxlaq norma­larından bəhs edir. Yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcək ekran əsəri son illər Azərbaycanda bu mövzuda çəkilən ilk bədii filmdir. Rejissorun öz ssenarisi əsasında ərsəyə gələn filmin süjeti mühafizəkar aktyor Fərhadın hə­yat hekayəsi üzərində qurulub.

Film barədə XQ-yə məlumat verən Aydın Arslan bildirdi:

– Ekran işinin mövzusu bütün zaman­larda olduğu kimi, bu gün də aktualdır. Bu filmdə unudulub aradan getməkdə olan bir çox adət-ənənələrimizə, dəyərlə­rimizə işıq tutmağa çalışmışıq. Ekran işi müasir texnologiya və sosial şəbəkələrin ailə münasibətlərinə təsirini də əks etdirir. Dəyərlərin aşınmasının ağrısı ilə yaşayan Fərhad adlı aktyor 20 illik sənət dostuna görə onunla birgə teatrdan uzaqlaşıb. Ek­ran əsərində belə önəmli mətləblərə ay­dınlıq gətirilib. 

– Çəkilişlər harada aparılıb və nə qə­dər davam edib?

– Bundan əvvəl çəkdiyim “İlğım” bə­dii-qısametrajlı filmindən sonra prodüser Mamed Qurbanov, aktyorlar Tural Əhməd, Səmimi Fərhad və Türkay Cəfərovla ko­manda şəklində işləməyi qərara aldıq. Bu ilin yanvar ayında dramatik səpkili “Ak-tyor”un çəkilişlərinə başladıq. Çəkiliş başa çatsa da, “post-prodakşın” işləri xeyli vaxt apardı. Bütün çəkilişləri Bakıda – Təzəba­zar ətrafında, Keşlə və Günəşlidə aparmı­şıq. 80 dəqiqəlik ekran əsərinin operatoru Anar Dadaşov, bəstəkarı İffət Əsgərov, rəs­samı isə Sahib Kərimovdur. Filmin ərsəyə gəlməsinə, ümumilikdə, 8 ayadək vaxt sərf etmişik. 

– Yaradıcı heyət barədə də məlumat verərdiniz.

– Çəkilişlərdə 40-dək insan iştirak edib. Onlardan 25-i aktyordur. Film yara­dıcılığı komanda işidir. Rejissorun kimli­yi nə qədər önəmlidirsə, aktyor heyətinin peşəkarlığı da o dərəcədə zəruridir. Ümid edirəm ki, film hər cəhətdən səsli-sədalı, insanların marağına səbəb olacaq. Ekran əsərində əsas rolları aktyorlar Tural Əh­məd, Səmimi Fərhad, Türkay Cəfərli, Kö­nül Şahbazova, Manaf Dadaşov, Mamed Qurbanov, Elvin Əhmədov, Məhəmməd Verdizadə, Tunar Ali və Rəşad İbadov ifa ediblər.

– Təqdimat nə vaxt olacaq?

– Avqustun 29-dan etibarən filmin kinoteatrlarda nümayişini nəzərdə tutu­ruq. İlk təqdimat “Sinema park” və “Park plyus” şəbəkələrində olacaq. 16 yaşdan yuxarı hər kəsin bu filmə baxmaq icazəsi var. Film hansısa yerli və ya beynəlxalq mükafata iddialı deyil, lakin hər bir azər­baycanlı öz ailəsi ilə bu filmə baxarsa, bu, bizim üçün sevindirici olar. 

– Sizcə mənəvi-əxlaqi mövzulu film çəkilişinə maraq niyə azdır?

– Çox təəssüf ki, son illər didaktik filmləri tapmaq çətinləşir. Film istehsal­çıları komedikliyə üstünlük verirlər. Ko­mediya adı altında küçə lətifələri, gülünc hərəkətlər ekranlaşdırılır. Bu filmlər artıq kinoteatrları, sosial şəbəkələri “fəth” edib. İlqar Nəcəf kimi savadlı rejissorların ekran işləri kinomərkəzlərdə bir həftə çətinliklə qaldığı halda, əttökən filmlər illərlə ekran­lardan düşmür. Gərək ciddi dəyərlərə, icti­mai önəmə yeni maraq yaradaq. 

Ceyhun ALIŞLI
XQ

Mədəniyyət