Hindistanın zəngin sənət tarixi

post-img

Dehlidə Avropalı rəssamların nadir sənət əsərlərinin nümayiş olunduğu yeni rəsm sərgisi açılıb. “Xarici Rəssamlar Hindistanda - 1847-1957” adlanan sərgi dünyanın hər yerindən müstəmləkə Hindistanına səyahət edən sənətçilərin əl işlərini özündə birləşdirir. Sərgidə Britaniya rəssamı Uilyam Karpenter də daxil olmaqla, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində İngiltərədən və digər Avropa ölkələrindən Hindistana səfər etmiş bir çox rəssamların çəkdiyi əsrarəngiz sənət nümunələri sərgilənir. Hindistanın bənzərsiz mənzərələri, möhtəşəm abidələri, canlı ənənələri və zəngin tarixini əks etdirən bu əsərlərə valeh olmamaq mümkün deyil. Bu canlı sənət nümunələri, əsasən yağlı boya, akvarel və müxtəlif rəsm avadanlıqları ilə işlənib hazırlanmışdır. Burada, ingilis rəssamı William Simpsonun 1864-cü ildə çəkdiyi “Jama Məscidi”, italiyalı rəssam Olinto Ghilardi tərəfindən ərsəyə gəlmiş “Yaşlı hindlilər” və “Gənc hindli qadın” portretləri və başqa əsərlərə rast gəlmək mümkündür. 

Xatırladaq ki, Hindistan incəsənəti dünyanın ən maraqlı və nadir sənət formalarından biridir. Bu incəsənət nümunələri əsrlər boyu Hindistan mədəniyyətinin formalaşmasında və qərb rəssamlarının yaradıcılığına təsirində  mühüm rol oynamışdır. Hindistan həm keçmişdən, həm də indiki dövrdən  təsirlənən zəngin və müxtəlif mədəniyyətə malikdir. Mədəniyyətin və incəsənətin fərqli xüsusiyyətlərini özündə ehtiva edən bu ölkə, həmçinin müxtəlif dillərə, dinlərə, sənət formalarına və memarlıq üslublarına ev sahibliyi edir. 
 

Fidan SALMAN

XQ









Mədəniyyət