Masallıda ululardan bizə yadigar qalan, xalqımızın uzaq keçmişindən gələn milli-mənəvi dəyərləri yaşadan, tətbiqi incəsənətin qədim növü olan xalçaların təbliğindən ötrü vaxtaşırı tədbirlər görülür.
Bu günlərdə isə Rayon Tarix-Diyarşünaslıq Muzeyi, eləcə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran–Astara Regional nümayəndəliyi Masallı bölməsinin birgə təşkilatçılığı sayəsində “İlmələr və düşüncələr” adlı ustad dərs keçirilib. Əsas məqsəd min bir çaları göz oxşayan, bir-birini təkrar etməyən, əlvan naxışlarla “bəzənən” bu sənətin yeni nəsillərə daha da ətraflı tanıdılması idi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva xalça sənəti haqqında çıxışında deyib: “Azərbaycanda xalçaçılığın tarixi çox qədimlərə gedib çıxır. Onun ilk nümunələri eramızdan əvvələ aiddir. Azərbaycan mədəniyyətində xalça, sadəcə, bir ev bəzək elementi deyil, o həm də bir-birini əvəz edən tarixi dövr və üslubları özündə yaşadan, bədii zövqü əks etdirən incəsənət nümunəsi kimi tanınıb və zamanın sınağından uğurla çıxıb. İndi gözəl, zərif xalçalar istehsal etməklə, bu sənəti gələn nəsillərə ötürmək bizim mənəvi borcumuzdur”.
Sonra təcrübəli xalçaçı Tünzalə xanım iş prosesi, xalça toxunan zaman istifadə olunan alət və məmulatlar haqqında geniş söhbət açıb. Dərs zamanı iştirakçıları daha çox düşündürən suallar ətrafında maraqlı müzakirə aparılıb. Həmçinin xalça dəzgahı arxasına keçən yeniyetmə və gənclər bir neçə ilmə vurublar.
Zəfər ORUCOĞLU