Zəfər savaşından muzeyə gedən qəhrəmanlıq yolu

post-img

Xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi ağrılı-acılı günlərlə yanaşı, qürurverici məqamları ilə yaddaşlara əbədi həkk olub. Elə buna görə dövlətimizin başçısının müvafiq sərəncamı ilə Azərbaycan xalqının müharibədə göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılıb. 

Hazırda tikinti-təmir işlərinin intensiv aparıldığı memorial komleks və muzey pay­taxtın Nobel prospektində – prospektlə Ağ şəhər bulvarı arasında salınan parkda qurulur. Zəfər muzeyi fəaliyyətə başlayacağı vaxta­dək onun fondlarının komlektləşdirilməsi işi Azərbaycan İstiqlal Muzeyinə həvalə olunub. Bunun üçün Muzeyin əməkdaşları şəhid və qazi ailələrindən, Vətən müharibəsinin iştirak­çılarından şəxsi əşyaların, materialların, hərbi qənimətlərin toplanması işini davam etdirirlər.

İstiqlal Muzeyinin direktoru Sədi Mirse­yibli bildirdi ki, Vətən müharibəsi şəhidləri və qazilərimizin əşyalarının toplanıb komplekt­ləşməsi işinə muzeydə hər kəs böyük həvəslə girişib. 

– Qəhrəmanlarımızın istifadə etdiyi əşya­ların hər biri şanlı tarixin parçasına çevrilib. Zəfər muzeyi üçün komlektləşdirmə işinin bizə həvalə olunduğu 2021-ilin yanvar ayın­dan Mədəniyyət Nazirliyinin tapşırığı ilə üzərimizə düşən öhdəliyi bütün gücümüzlə yerinə yetiririk. Bunun üçün əməkdaşları­mız həm paytaxtda, həm də rayonlarda şəhid ailələri ilə görüşlər keçirir, onların yadigar qa­lan əşyalarını toplayır və komplektləşdirirlər. Vətəndaşlara da müraciət etmişik, onlar da bizə bu işdə dəstək göstərirlər. 

Bizim muzeydə çoxdan bəri həyata keçir­diyimiz bir layihə var. Bu layihə “Qəhrəman­lar can verir yurdu yaşatmaq üçün” adlanır. Bu çərçivədə muzeydə qəhrəmanlarımzın şəxsi əşyalarının nümayiş olunduğu sərgilər açılır. Hazırda mövsümi işlərlə bağlı layihə dayandırılıb, amma sentyabrdan işi davam etdirəcəyik. Burada təkcə Vətən müharibəsin­də şəhid və qazi olmuş qəhrəmanların deyil, Aprel döyüşləri və anti-terror əməliyyatı şə­hidləri, habelə Birinci Qarabağ müharibəsin­də şəhid və qazi olmuş qəhrəmanların şəxsi əşyaları – geyimləri, fotoları toplanılır. Bu arada Müdafiə Nazirliyi, Dövlət Təhlükəsiz­liyi Xidməti, Daxili Qoşunlar, Müdafiə Sə­nayesi Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən sayda əşyalar, maketlər, geyimlər Zəfər muzeyi fondunun komlektləş­dirilməsi məqsədilə İstiqlal Muzeyinə təhvil verilib. Toplanmış bütün əşyalar Zəfər mu­zeyi fəaliyyətə başladığı vaxtda oraya təhvil veriləcək. 

Hazırda Zəfər muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 9 min 203-ə çatıb. Bu il isə şəhid ailələri, qazilər və Vətən müharibəsində iştirak edən şəxslərə aid 300 əşya muzeyə gətirilib.

Onu da öyrəndik ki, Polad Həşimova, Xu­dayar Yusifzadəyə, Rəşad Babayevə aid əşya­lar artıq tam komplektləşdirilib.

“Zəfər Muzeyi”nin yerləşdiyi müvəqqəti məkandan iftixar duyğuları ilə ayrıldıq. Yeni muzeyin yaradılmasının eyni zamanda gələ­cək nəsillərdə güclü hərbi-vətənpərvərlik ru­hunun aşılanmasına xidmət etməsi qəlbimizi qürurlandırdı. 

Ceyhun ALIŞLI



Mədəniyyət