Söhbət “Qarabağ” mahnısı ilə bağlı oğurluqdan gedir
Daha bir erməni yalanı: bu dəfə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun məşhur “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) mahnısını erməni ifaçı Gor Yepremyan mənimsəyərək “Sirun jan” adı altında ifa edib və “YouTube” platformasında yayıb. Oğurluq mahnıya 2 ayda 1,1 milyon dinləmə olub.
Faktı araşdıran Əqli Mülkiyyət Agentliyinin verdiyi məlumatda qeyd olunur ki, ilk növbədə, Azərbaycanın Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər. Agentliyin ekspertlərinin təhlilinə əsasən müəyyən edilib ki, Bəhram Nəsibovun “Qarabağ” əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnı Bəhram Nəsibovun “Qarabağ” əsəri ilə tam üst-üstə düşür.
Ermənilər qədim türk yurdu Qarabağı öz adlarına çıxmaq istədikləri kimi, özündənbəy ifaçı da “Qarabağ” mahnısını özününküləşdirməyə çalışır. Əgər Qarabağ sənin idisə, o torpağa həqiqi sevgin, mənəvi bağlılığın olmalı idi və ürəkdən gələn bir bəstə ortaya qoymalı idin. Daha, ekspertlərin də təsdiq etdiyi kimi, Bəhram Nəsibovun “Qarabağ”ının adını dəyişdirib “Sirun jan” qoymaqla müəllif hüququnu pozmazdın. Ən azı, atası Azərbaycan əsilli Məhəmməd, anası isə erməni əsilli Toto olan məşhur Anadolu rok ifaçısı Cem Qaraca kimi babat bir “Qarabağ” yazmağa qabiliyyətin çatardı.
Əslində, bu, nankor qonşuların köhnə şakəridir. Xatırladaq ki, ötən il “XQ”-də analoji mövzuda verdiyimiz yazıda “Koçəri” Azərbaycan rəqsi barədə bəstəkarımız, Xalq artisti Eldar Mansurovun fikirlərini misal gətirmişdik. O haqlı olaraq demişdi ki, oğru və yalançı toplum olan ermənilərin musiqiçiləri keçmişdə də, yaxın XIX əsrdə, XX əsrin əvvəllərində də bizdən çox şey çırpışdırdıqları üçün dişlərində şirə qalıb. Dolmadan, küftə-bozbaşdan, başqa xörəklərimizdən tutmuş, “Sarı gəlin”, “Köçəri” kimi xalq mahnılarımıza, rəqslərimizə, bəstəkarlıq əsərlərimizə qədər hər şeyə sahib çıxmaq istəyir, ya da başqa ad altında sırımağa çalışırlar. Həyasızlıq o həddədir ki, hətta sırf Azərbaycan yallısının bir növü olan “Köçəri” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edildikdən sonra da bu havaya əsassız iddialı olan ermənilər saxtakarlıqlarından əl çəkməyiblər.
Qayıdaq “Qarabağ”a. Əqli Mülkiyyət Agentliyi bildirib ki, bu əsər Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayevin 1972-ci ildə Qarabağda konsertdə ifa etdiyi mahnıdır. Məhz həmin il iyunun 2-də “Qarabağ” mahnısı ovaxtkı Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb və Azərbaycan musiqisi kimi tanınıb. Bununla yanaşı, Bəhram Nəsibovun vərəsələri bəstəkarın bir çox mahnılarını, o cümlədən “Qarabağ”ı 2004-cü il iyulun 21-də Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirib və onlara əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilib.
“Qarabağ” mahnısı 2009-cu ildə TRT-nin təşəbbüsü ilə “Türk dünyasında savaşların musiqidəki izləri” adlı alboma Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəylinin musiqi yazdığı “Çırpınırdı Qara dəniz”lə bərabər daxil edilib. Albomda mahnını Ali Haydar Gül oxuyub. Yəni bütün arxiv sənədləri “Qarabağ” mahnısının, şəksiz, Azərbaycan müəlliflinə məxsus olduğunu göstərir. Aygün Bəylər, Aygün Kazımova, Könül Xasıyeva, Brilliant Dadaşova, Mənsum İbrahimov və digər məşhur ifaçılar televiziya və radiolarda, xarici ölkələrdə qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa ediblər.
Gor Yepremyan isə “Qarabağ”ı mənimsəyərək, sözlərini dəyişib və erməni dilində oxuyub. “YouTube” kanalında yerləşdirilmiş “Sirun jan” haqqında verilən məlumat da başdan-başa müəllif hüquqlarının pozulmasına xidmət edir. Guya bu, erməni xalq kompozisiyasıdır.
Bu hal milli qanunvericiliyin müddəaları ilə yanaşı, Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin də pozulmasıdır. Belə ki, ÜƏMT-nin məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.
Məsələ ilə bağlı mərhum bəstəkarın oğlu “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibovla əlaqə saxladıq. Onun dedikləri:
– Əqli Mülkiyyət Agentliyi daim Azərbaycan xalqına məxsus olan müəllif əsərlərini, folklor nümunələrini və digər qeyri-maddi mədəni irs nümunələrini ermənilərin zaman-zaman oğurlaması, mənimsəməsi və hay nümunələri kimi təqdim etməsi hallarına qarşı mübarizə aparır, hər bir faktı araşdıraraq, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsusluğunu danılmaz faktlarla sübut edən arayışlar hazırlayıb, mətbuatda yayır. “Qarabağ” mahnısının oğurlanmasına da çevik reaksiya verildiyinə görə minnətdaram. Onu da deyim ki, bu mahnını atam hələ 60-cı illərdə, tələbə vaxtı yazıb.
Arif Babayevə qədər “Qarabağ” toylarda oxunub və populyarlaşıb. Bu musiqi əsərinə ermənilərin təsir cəhdi də ilk dəfə elə o vaxt olub. Deməli, atamın qaldığı yataqxananın erməni komendantı həyasızcasına mahnıda erməni “qəhrəmanlar”ının adlarının çəkilməsini istəyib. Amma atam bundan imtina etdiyi üçün yataqxanadan qovulub.
Fəxr edirəm ki, ölməz mahnılardan sayılan “Qarabağ” Vətən müharibəsi zamanı səngərlərdə oxunurdu. Əsgərlərimiz bir-birini bu mahnı ilə ruhlandırır, yaralarının ağrısı azalsın deyə, onu oxuyub-dinləyirdilər. Hətta Şuşa alınanda orada azan vermək üçün salamat məscid olmadığına görə ilk olaraq bu mahnını avtomat atəşləri ilə ritm tutaraq səsləndiriblər. Azad olunmuş ərazilərimizdə hazırda bərpa-quruculuq işləri görən tikinti ustaları da “Qarabağ”ı zümzümə etməkdən zövq alırlar. Bərpa edilən “Xarıbülbül” musiqi festivallarında isə bu mahnı dəfələrlə oxunub, hətta türkdilli xalqların milli geyimlərində olan musiqiçilər xorla ifa ediblər. Bəlkə də fürsətcil erməni Gor Yepremyan mahnını o zaman dinləyib və mənimsəmək qərarına gəlib. Üstəlik, onun klipindəki rəqs səhnəsində Bəhram Nəsibovun “Sənsiz yaşaya bilmirəm” mahnısının musiqisindən də cüzi dəyişikliklə istifadə olunub. Bəlkə də bütün bunlar revanşistlərin qısqanclığının təzahürüdür.
Mən bu gün Əqli Mülkiyyət Agentliyinə erməninin oğurluq ifasının “YouTube”dən silinməsi ilə bağlı ərizə ilə müraciət etdim. İnanıram ki, o eybəcər klip tezliklə “YouTube”dən çıxarılacaq.
Biz də ümidvarıq ki, mədəniyyət və incəsənətimizdən erməni oğurluqlarına qarşı daha barışmaz mübarizə aparılacaq.
Ə.DOSTƏLİ
XQ