Azərbaycanlı musiqişünasın Almaniyada 3 hissəli konserti

post-img

Almaniyanın Hamburq Universitetində azərbaycanlı musiqişünas, pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, Hamburq Konservatoriyasının dosenti Cəmilə Abdullayevanın təşəbbüsü ilə məktəbyaşlı uşaqlar üçün “Animals in Music” adlı 3 fərqli möhtəşəm konsert keçirilib.

Xəbərdə qeyd olunur ki, bu üç fasiləli konsert Cəmilə Abdullayevanın Hamburq Universitetində magistr dissertasiyası çərçivəsində aparılan elmi-tədqiqat işinin əsas mərhələsini təşkil edib. Layihənin məqsədi məktəbyaşlı uşaqlar arasında klassik musiqiyə marağı artırmaq, vizual təqdimatların və proqram bukletlərin onların musiqi qavrayışına, dünyagörüşünə, estetik zövqünə və emosional reaksiyalarına necə təsir etdiyini araşdırmaqdır.

Konsertlərdə fortepianoda Cəmilə Abdullayeva, onun həmkarı Kəmalə Bağırova isə violinda çıxış ediblər. Hər konsertin sonunda sadə və maraqlı suallardan ibarət sorğuların keçirilməsi vizual, mətn və ya şifahi müşayiətlərin konsert zamanı uşaqların diqqətini cəmləməyə, assosiativ düşüncələrini aktivləşdirməyə, baş verənlərə emosional şəkildə qoşulmaqla fəal qavrayış iştirakçılarına çevrilmələrinə kömək göstərib.

Cəmilə Abdullayeva bu təşəbbüsü ilə Azərbaycan musiqi irsini beynəlxalq elmi və pedaqoji mühitə təqdim etməklə yanaşı, doğma yurduna olan mənəvi bağlılığını da bir daha sübut edib.

XQ



Mədəniyyət