Unudulmayan “bürünc-66”

post-img

6 oyun “Neftçi”nin xeyrinə 25:1

“Neftçi” 88 illik tarixində ən böyük nailiyyət – 1966-cı ildə SSRİ çempionatının güclülər dəstəsində qazandığı bürünc medallarla yanaşı, onu fəxri kürsüyə aparan yolda daha hansı maraqlı göstəricilərlə yadda qalıb? Həmin mövsümdən artıq 59 il ötsə də, futbolumuzun yaşlı nəsil və ya stajlı pərəstişkarlarının o vaxtlar böyük zövq aldıqları çempionat – 66-dan daha bir neçə məqam yaddaşlardan silinmir. Bu gün özümüzü bir daha həmin 28-ci turnirlə üz-üzə hiss edək.

Azərbaycan futbolunun flaqmanı Sovet İttifaqı çempionatlarında ən böyük uğuruna 45 xalla nail olmuşdur. Komanda bu nəticəni 18 kollektivin rəqabətində göstərmişdir. Bakılılar 34 oyunda 68 mümkün xaldan 45-ni toplayaraq, bürünc medalları respublikamıza təmin etmişlər.

Köhnə azarkeşlərin yadında olar, o uzaq illərdə hər dəfə çempionat ərəfəsində ölkənin müxtəlif təşkilatları, qəzet və jurnallar ən yaxşılar üçün mükafatlar təsis edirdilər. Onların arasında “Böyük hesabla” və “Qələbə əzminə görə” mükafatları da var idi.

“Neftçi” 1966-cı il çempionatında 6 oyunda rəqiblərini böyük hesabla məğlubiyyətlə barışmağa məcbur etmişdi. Komandamızın bu görüşlərdə OİK-ə (Rostov) 4:1, Moskvanın “Spartak”, Alma-Atanın “Kayrat” və Leninqradın “Zenit” kollektivlərinə 3:0, “Paxtakor”a (Daşkənd) 5:0 və Kutaisi “Torpedo”suna 7:0 hesabı ilə qalib gəlməsi onun mükəmməl hücumlarının nəticəsi idi. Təəssüf ki, 6 böyük hesablı qələbə xüsusi mükafatı qazanmaq üçün kifayət etmədi. Kiyev “Dinamo”sunda bu göstərici daha üstün oldu.

1966-cı il mayın 19-da kutaisililər üzərində 7 top üstünlüklə qazanılmış qələbə SSRİ çempionatlarının güclülər dəstəsində çıxışlarının bütün tarixi ərzində “Neftçi”nin ən böyük fərqlə ifadə olunmuş uğurudur.

“Qələbə əzminə görə” mükafatını xatırladıq. Həmin çempionatda bu mükafat hamıdan çox, eyni sayda əzmkar qələbə qazanan “Neftçi” ilə “Kayrat”a təqdim olundu.

Bundan əlavə, mövsümün yekunlarına görə Anatoli Banişevski ilə Kazbek Tuayevin ölkənin ən yaxşı 33 futbolçusu sırasına daxil edilməsi də bakılı hücumçuların ustalığına verilən yüksək qiymət idi.

Paytaxtımızda bir çox oyunda Respublika stadionunun tribunalarının tamaşaçılarla tam dolması, mübarizənin gedişini 35-40 min azarkeşin izləməsi də komandamıza olan böyük inam və məhəbbətin təzahürü idi. İndi keçmişi xatırladan qəzet, jurnal və kitab materiallarını bir daha nəzərdən keçirərkən görürük ki, 1966-cı il oktyabrın 4-də “Paxtakor”la görüşdə komandamızı 40 min azarkeş dəstəkləmişdir. Futbolçular da bu etimada cavab olaraq moskvalı hakim Aleksandr Menşikovun idarə etdiyi oyunda daşkəndli qonaqların qapısına 5 cavabsız top vurmuş və qollardan 3-nün müəllifi sağ cinah hücumçusu Kazbek Tuayev olmuşdur.

Statistika onu da təsdiqləyir ki, 1966-cı il çempionatında “Neftçi” ən məhsuldar komandalar arasında 56 qolla 3-cü olmuşdur. Azərbaycan paytaxtı futbolçuları bu göstəriciyə görə yalnız çempion Kiyev “Dinamo”sundan (66 qol) və 5-ci yerin sahibi OMİK-dən (60) geri qalmışlar.

Bax belə, bu gün məmnuniyyətlə xatırladığımız çempionat bizi təkcə bürünc medallarla deyil, həm də komandanın məhsuldar oyunu və ümumi 25:1 hesablı 6 gurultulu qələbə ilə sevindirmişdir.

Bir də “Qələbə əzminə görə” mükafatı ilə. Adından da göründüyü kimi, bu mükafat möhkəm iradəli insanların üzünə gülür. O illərdə “Neftçi”nin oyunçuları meydanda əzmkar, döyüşkən olmasaydılar, qələbəyə həsrət qalar, nə bürünc medal qazana bilərdilər, nə də “Qələbə əzminə görə” mükafatı…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman