Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif olunub.
Təqdimat mərasimi iyulun 1-də Azərbaycan Mədəniyyət Nazirliyində keçirilib. Görüş zamanı medalı və onun sertifikatını ifaçıya ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib. Nazir tarzən Sahib Paşazadənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələri, həmçinin Özbəkistanda keçirilən beynəlxalq festival və müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib, sənətkara yeni uğurlar arzulayıb.
Qeyd edək ki, Sahib Paşazadə 2017-ci ildə Səmərqənd şəhərində keçirilən ənənəvi “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Qran-pri mükafatına, 2018-ci ildə isə Şəhrisəbz şəhərində təşkil olunan I Beynəlxalq “Makom” Festivalında 1-ci yerə layiq görülüb. O, həmçinin 2024-cü ildə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.
XQ