Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış ədəbiyyatşünas alim, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib.
Ziyalılar, jurnalistlər, sənət adamları və şeirsevərlərin qatıldığı təqdimatı giriş sözü ilə AYB-nin katibi, yazıçı-dramaturq İlqar Fəhmi açıb. Sonra məclisin aparıcısı, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir kitabın məziyyətlərini səciyyələndirib. O, monoqrafiyanı filologiya elmimizə gözəl bir töhfə kimi dəyərləndirib: “Bu kitab həm də dövlətçilik idellarımıza xidmət edir. Belə bir işi hasilə gətirmək həm məsuliyyətli, həm də şərəflidir. Leyla Əliyevanın poeziyasını hərətərəfli araşdırma predmetinə çevirən S.Şərifova onun fəlsəfəsi, obrazlar sistemi, bədii təsvir, dil-üslub xüsusiyyətləri, müxtəlif dillərə tərcümələri barədə müasir dünya filologiyası səviyyəsində söz deməyə nail olub. “Leyla Əliyevanın poetik dünyası” şairənin yaradıcılığına ilk monoqrafik yanaşmadır. İnanıram ki, müasir Azərbaycan filoloji düşüncəsinin yüksək elmi səviyyəsini bütün genişliyi ilə ortaya qoyan bu iş həm Leyla Əliyevanın yaradıcılığı, həm də ümumən müasir poeziyamız barədə gələcək tədqiqatlara öz təsirini göstərəcək”.
Təqdimat mərasimində söz alan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, AMEA Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya eımləri doktoru, professor Asif Rüstəmli, “Vəhdət” partiyası sədrinin müavini Tərlan Ərəbli, kitabın rəyçiləri, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vüqar Əhməd və filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, Leyla Əliyevanın şeirlərinin tərcüməçisi, “Ədəbiyyat qəzeti” baş redaktorunun müavini Adil Cəmil, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işcisi Mənzər Niyarlı, yazıçı və şairlərdən Sabir Şahtaxtlı, Yusif Nəğməkar, Vəli Qaraçaylı, Güləmail Murad, Kəmalə Abiyeva, Hüseynbala Mirələmov, Nüşabə Məmmədli və digərləri çıxış edərək S.Şərifovanı bu təqdirəlayiq işinə görə təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elza Seyidcahanın çıxışları tədbirə xüsusi ovqat verib.
Qeyd edək ki, “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası Ədəbiyyat İnstitutu Elmi Şurasının 28 mart 2024-cü il tarixli 2 saylı qərarı ilə çapa tövsiyə olunaraq, “Elm və təhsil” nəşriyyatında nəşr edilib. Təhlillərdən də göründüyü kimi, poetik nümunələr mövzu müxtəlifliyi və rəngarəngliyi ilə seçilir. Şairənin yaradıcılığında heca vəzninə, sərbəst şeir şəklinə, həmçinin Avropa ədəbiyyatında formalaşan elegiyaya müraciət etməsinin əksini tapmasına diqqət cəlb olunub. Leyla Əliyevanın poeziyasında doğma insanların bədii obrazları, müəllif “mən”i, lirik qəhrəmanın tərənnümü ilə yanaşı, qadın obrazlarına və körpə dünyasına poetik baxışı və s. əks etdirməsi monoqrafik tədqiqatın elmi yeniliyi kimi maraq doğurur.
Ə.ƏLİYEV
XQ