“YAY” qalereyası”düşüncə toxumları”nı cücərdir

post-img

Günümüzdə incəsənətə yeni texnoloji anlam gəlib. Bu müasirlik bizim xeyrimizə olduğu qədər, həm də dövrümüzün yaradıcılığını bizə təqdim edir. Bunu bizə hiss etdirən “YAY” qalereyası böyük məmnuniyyətlə yenidən açılışını elan edir.

“YAY” qalereyasında “Hər şey yaxşı olacaq: Sabah və ya nə vaxtsa” adlı qrup sərgisinin açılışında iştirak edən “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi, rəssam Aida Mahmudova da qrup sərgisində olan rəssamlardan biridir.

Açılış mərasimində çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının baş kuratoru, sənətşünas Fərəh Ələkbərli başda “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova olmaqla, sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Ekpozisiyanın kuratoru Zəhra Məmmədova mediaya açıqlamasında bildirib ki, fərqli təcrübələri olan 8 rəssam bu sərgidə bir araya gəlib. Bu dəfə Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Aida Mahmudova, Qafar Rzayev, Zamir Süleymanov və CHNGZ-in əsərlərindən ibarət qrup sərgisi təqdim olunub. Sərginin başlıca məqsədi müəyyən “düşüncə toxumları”nın cücərməsinə sövq etmək, insanları çətin dövrlərdə incəsənətin gücünə inanmağa vadar etməkdir.

Sərgi ilə tanış olan qonaqlara burada müasir dilemmalardan tutmuş introspektiv səyahətlərə qədər geniş mövzuları araşdırmaq təklif olunur. Rəssamlar zaman və məkan anlayışının mürəkkəblikləri arasında məna axtarmaqla liminal məkanları, həmçinin bizim kim olduğumuzu və əqidəmizi götür-qoy etməyə məcbur edərək, identiklik və kimlik məsələsini araşdırırlar.

Mərasimdə konsert proqramı təqdim edilib.Sərgi dekabrın 8-dək davam edəcək.

XQ



Mədəniyyət