Azərbaycanın Zəfər savaşından sonra qlobal arenada dəyişən məsələlərdən biri də Türk dövlətləri arasında inteqrasiyanı gücləndirməkdir. Bu gün beynəlxalq geosiyasi nizamda Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi yerə və mövqeyə malikdir. Təqdirəlayiq haldır ki, Azərbaycan-Türkiyə qardaşlığının bu ittifaqın möhkəmlənməsində böyük rolu var. Birliyin siyasi ittifaqa çevrilməsinin əsasının məhz Azərbaycanda qurulması, Prezident İlham Əliyevin xarici siyasətə yönəlik mesajlarında TDT-yə xüsusi önəm verməsi bunun sübutudur.
Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı. Şuşa ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Ötən ilin oktyabrında Şuşada Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi Türk xalqları arasında əlaqələrin inkişafında yeni üfüqlər açıb və Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevrilib. Türkdilli ölkələrin zəngin tarixini nəzərə alaraq, regionda beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində üzv dövlətlər arasında körpü rolunu oynayan təşkilatın qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Türk torpaqlarına gözünü dikmiş güclərə göndərilmiş növbəti güclü mesaj oldu.
Prezident İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimində qətiyyətlə vurğulamışdı ki, bizim başqa ailəmiz yoxdur: “Bizim ailəmiz Türk dünyasıdır”.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin olduğunu bildirərək diqqətə çatdırmışdı ki, Bakının siyasəti Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. İyulun 6-da təşkilatın qeyri-rəsmi Zirvə sammitindəki çıxışında da Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu prosesin sürətlənməsi məqsədilə konkret addımlar da atır. Belə ki, Azərbaycan bugünlərdə təşkilatın katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Eyni zamanda, cari ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası keçirilib və dövlət başçımız çıxışında bunu Türk ölkələri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addım kimi dəyərləndirib.
Qarşıya qoyulan hədəflərə gedən yolda Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın ürəyində - Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü mühüm rol oynayacaq. Səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə də əhəmiyyəti artır. Bu, eyni zamanda, təşkilata üzv dövlətlərin və müşahidəçi dövlətlərin beynəlxalq aləmdə nüfuzunun artırılmasına, eləcə də iqtisadi potensialının genişləndirilməsinə xidmət edir.
Beləliklə, TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası və Azərbaycan tarixində böyük iz qoydu. Bu tədbir Türk dünyasının Şuşadan dünyaya verdiyi barış və birlik mesajı idi.
Sammitin sonunda imzalanan Qarabağ Bəyannaməsi, Prezident İlham Əliyevin bildirdiyi kimi Türk dünyasının həmrəyliyinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfələr verəcək. Bəyannamədə bir daha Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu dünyaya elan edildi.
Bundan başqa, sənəddə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun ən yüksək dəyəri vurğulandı. TDT-yə üzv ölkələrin liderləri ildə bir dəfə Dövlət Başçıları Şurasının qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təklifini alqışladılar. Bundan başqa, bəyannamənin Azərbaycan üçün strateji əhəmiyyəti həm ondan ibarətdir ki, sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyəri vurğulanır.
Bununla yanaşı, Qarabağ Bəyannaməsi qurumun qlobal arenada güc mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək və bu istiqamətdə atılacaq addımlar daha da intensivləşəсək. Təşkilat üzvü olan dövlət başçılarının ortaq mövqe sərgiləmələri xüsusilə diqqət çəkdi. Bu ortaq mövqenin Qarabağ Bəyannaməsində öz əksini tapması isə Türk əsrinin yüksəlişinin rəsmi təsdiqi olan mühüm sənəd kimi tarixə düşdü. Qütblərə bölünmüş dünyamızda bir olmağımız nicatımızdır.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
tibb elmləri doktoru