“Ulduz” yeni libasda

post-img

Dərginin üz qabığı, mündəricatından tutmuş son səhifəsinə qədər dizaynında dəyişiklik olunub, səhifə sayı da artırılıb. Yeni dizayn qardaş Türkiyədə hazırlanıb və növbəti saylar da eyni qaydada tərtib ediləcək. 

“Ulduz”un baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəsin XQ-yə verdiyi məlumata görə, daha bir yeni təşəbbüsün reallaşması gözlənilir. Belə ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahinlə əldə edilən razılığa əsasən, “Ulduz”un növbəti xüsu­si buraxılışı “Gənc ürəklər” dərgisində, “Gənc ürəklər” dərgisinin növbəti sayı isə “Ulduz”da oxuculara təqdim olunacaq. 

Dərginin iyun sayı maraqlı bədii mətn-lərlə zəngindir. İlk səhifə Tural Cəfərlinin “Özüylə söhbəti... və şeirləri” ilə açılır. Sərdar Aminin “Rəsul nəsə demək istə­yir”, Təvəkkül Boysunarın “Araz axır qıy­ğacı”, Ayişə Nəbinin “Relsə bağlanan ço­ban”, Nazilə Gültacın “İki limon”, “Murad futbola baxırdı”, “Stabilizator”, Mətanət Ulu Şirvanlının “Dikbaş”, İlqar İsmayılza­dənin “İtmiş pul” hekayələri, Aydan Abdul­layevanın “Darıxan yazı” essesi dərginin bu sayında işıq üzü görüb. Bir müddət əv­vəl dünyasını dəyişmiş gənc yazıçı Murad Muradovun “Kərimin ördəkləri” hekayəsi də ruhuna ehtiram əlaməti olaraq yeni bu­raxılışda dərc olunub.

“Ulduz” jurnalı və Azərbaycan Yazı­çılar Birliyinin Ədəbiyyat Fondunun təş­kilatçılığı ilə Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş, 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqə­sinin qalibləri – Cavid Qasımov, Allahşü­kür Ağa, Rəşad Nağı Mustafa, Eminquey Akif, El Roman, Seyyidəli Sübhinin şeirlə­ri iyun sayında çap olunub. Eyni zaman­da, Hafiz Hacıxallı, Aysel Nəsirzadə, Rəs­miyyə Sabir, İnqilab İsaq, Ədalət Salmana məxsus poetik nümunələr “Şeir vaxtı”nda oxuculara təqdim edilib.

“Tərcümə saatı”nda Xatirə Nurgülün tərcüməsində Sergey Dovlatovun “Ariel” hekayəsi dərc olunub. Yazıçı-publisist Nadir Yalçın tanınmış şair Baba Vəziroğlu ilə həmsöhbət olub. Bu dəfə “Nobel” üzrə ədəbiyyat mükafatları laureatlarından Andre Jidin həyat və yaradıcılığı barədə İlham Abbasovun “Cuhud” soyadlı fransız yazıçısı” adlı məqaləsində bəhs edilib.

“Gənc yazarlar üçün ustad dərslə­ri”nin növbəti mövzusu “Xorxe Borxesin “Dörd dövrə”si barədədir. Bakı Dövlət Universitetinin dosenti Məti Osmanoğlu həmin esseni şərh edib. İyunun “Tribuna”­sında filologiya elmləri doktoru Vaqif Yu­sifli “Yeni ədəbi nəsil” başlıqlı yazısında ümumi mənzərəyə nəzər salıb, ikimininci illərin ən gənc nümayəndələrindən bəhs edib.

“Dərgidə kitab” da İlhamə Nasirin qələm nümunələri işıq üzü görüb. “Dərgi­də sərgi”ni isə Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fəridə Cəfərovanın rəsmləri bəzəyir.

XQ

Mədəniyyət