Bura məskənidir gözəlliklərin

post-img

Qızılağac qoruğu – 95

Təbiətin əsrarəngiz guşələrindən, qoruqlardan söhbət açılanda, nədənsə, ilk növbədə, ölməz Səməd Vurğunun bu misrası yadıma düşür: “Ovçu, insaf elə, keçmə bu düzdən, O çöllər qızını ayırma bizdən...”

Bəlkə də insanların təbiətə bəzən ögey münasibət bəsləməsi ilə bağlı bir assosiasiyadır. Hər bir halda, dövlətin və xalqın milli sərvəti olan qoruqlara, milli parklara hərtərəfli qayğı göstərilməlidir. Yaxşı ki, ölkəmizdə bu sahədə vəziyyət həyəcan doğurmur. Elə 95 yaşı olan Qı­zılağac Dövlət Təbiət Qoruğunun, digər bənzər məkanların lazımınca mühafizə olunması bu baxımdan müəyyən xətir­cəmlik yaradır.

Qoruğun yerləşdiyi Qızılağac körfə­zi lap qədimdən 2 əsas sərvəti – balıq ehtiyatının və köçəri, yerli su quşlarının çoxluğu ilə diqqəti cəlb edib. Buraya Avropanın şimalından, Qərbi Sibirdən, Uraldan, Qazaxıstandan, Karsk və Ağ dəniz sahillərindən, Peçora, Ob çayları hövzələrindən, Baykal gölündən, Uzaq Şərqdən, Yaponiya, Skandinaviya ölkələ­rindən quşlar gəlir. Uzun illər boyu Qızı­lağac körfəzi ona qonşu göl, bataqlıqları ilə “Quşlar diyarı” kimi təbiətşünasların, səyyahların, nəhayət, ornitoloq-zooloqla­rın diqqətini cəlb edib. Hətta I Pyotr 1722-ci ildə Xəzər ətrafına yürüşü zamanı bu körfəzin öyrənilməsini əmr edib. 1726-cı ildə ilk müfəssəl xəritə hazırlanıb.

Qızılağac dövlət təbiət qoruğu 1929-cu ildə Xəzər dənizi sahilinin cə­nub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qış­laması, artırılması və qorunması məqsə­dilə yaradılıb. Ərazisi və ətrafı su, bataq­lıq və yarımsəhra bitkiləri ilə zəngindir. Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunur. 1929-cu ildə bura Dövlət Təbiət qoruğu elan olunub, 1976-cı ildə UNESCO-nun siyahısına əsasən su quşlarının yaşadığı beynəlxalq əhə­miyyəti olan sulu-bataqlıq yer kimi daxil edilib. Təqribən 50 faizi su akvatoriya­sıdır, sahil zonasında göl və bataqlıq­lar var. Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra, 2001-ci ildə qoruq yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerlər Siyahısına daxil edilib. Kür–Araz və Lənkəran ovalıqlarında yer­ləşən qoruğun şimal hissəsində mülayim və mülayim isti iqlim, cənub hissəsində isə mülayim quru və yay iqlimi müşahidə olunur. Kolluq və qamışlıqlar ov quşları­nın gizlənməsi üçün münasibdir. 

Dövlət Təbiət Qoruğunun nəzdində 2018-ci ildə ümumi sahəsi 99060 hektar olan Qızılağac Milli Parkı yaradılıb. Bura flora və faunasına görə Xəzər ətrafında ən mühüm parklardan biridir. Vaxtaşırı ekoloji monitorinqlər həyata keçirilir, flora və fauna növlərinin qorunub saxlanması, bərpası, təbii komplekslərin mühafizə­sinin gücləndirilməsi, eləcə də elmi təd-qiqatlar, turizm və istirahət üçün şərait yaradılır, əhalinin ekoloji cəhətdən maa­rifləndirilməsi təşkil edilir. Qoruğun Böyük körfəz ərazisi balıq körpələrinin yetişmə­sində bütün cənubi Xəzər üçün mühüm rol oynayır.

Uzun müddət Cənub bölgəsi üzrə müxbir işlədiyim üçün o tərəflərə gedən yolları çox “yormuşam”. Hər dəfə ma­gistralın ətrafında nadir çöl quları, xal-xal balıqlar satan brakonyerləri görəndə istər-istəməz qanım qaralıb. Bir gün on­lardan birinə irad tutanda özünü savad­lı göstərərək dedi: “Bəstəkar Müslüm Maqomayev Lənkəranda işləyən zaman çəltikçi qızların mahnılarını nota köçürür­müş. Dostu Mirzə Əbülfəz Əsədullayev bir dəfə ondan soruşur: 

– Müslüm müəllim, neçə illərdir çəltik sahələrində oxuyanlardan nəğmə topla­yırsan, bəs bu nəğmələr yığılıb qurtarma­dımı?

Müslüm Maqomayev cavab verir:

– Nə dəryada balıq qurtarar, nə də Talışda nəğmə! İndi, ay qardaş, 5-6 qışla qoruq tükənməyəcək ki...” 

Ona dedim ki, tükənər də, yox olar da. Hər kəs təbii sərvətlərləri, ekoloji saf­lığı qorumağa, nəsildən-nəslə ötürməyə borcludur. Təəssüf ki, bəzən səhlənkar insanlar təbiəti qorumaq, mühafizə et­mək əvəzinə, onun qəniminə çevrilirlər. Bir neçə il əvvəl Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı yurdumu­zun dilbər guşələrindən biri olan Qızıl-ağac qoruğunun durumu barədə həyə­can təbili çalaraq demişdi ki, Azərbaycan təbiəti heyvan və quşların sayı baxımın­dan o qədər də zəngin deyil. Odur ki, nadir heyvanların kökünün kəsilməsinə yol vermək olmaz. Xaricdən gələnlərin də Azərbaycanda ov etməsinə qadağa qoyulmalıdır.

Etiraf edək ki, bu gün qoruqda vəziy­yət əvvəlki illərdən qat-qat yaxşıdır. Qa­nunsuz ovlara qarşı müvafiq orqanlar, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi ciddi müba­rizə aparır. 

Qızılağac qoruğu ölkəmizin incisidir. Burada ildə 300 növə yaxın quşlar məs­kunlaşır, 50-dən çox balıq növünə rast gəlinir. Respublikanın “Qırmızı Kitabı”na düşən quşların əksər növləri qoruqda və onun sərhəd ərazilərində müşahidə olu­nur. 

Azərbaycanda 10 milli park, 10 döv­lət təbiət qoruğu, 2 qeydiyyatda olmayan qoruq, 24 dövlət təbiət yasaqlığı var. Ən böyüyü və ən yaşlısı Qızılağacdır. Yerli və xarici turistlər burada həvəslə gəzir və heyranlıqlarını gizlətmirlər. Elə edək ki, bu heyranlıq azalmasın. 

Ə.DOSTƏLİ
XQ



Ekologiya