Xalq yazıçısı Anar özəl fikir mövqeyi, görüşlər sistemi olan sənətkardır. Bu baxımdan onun “Söz dünyası” adlı çoxcildliyi dəyərli tədqiqat materialıdır.
Seçkin ziyalı, əsl xalq adamı olan yazıçı Anar millətin ruhuna, koloritinə, arxeologiyasına, etnoqrafiyasına, mənəviyyatına və dünyagörüşünə çox yaxındır. Yazı mətnlərinin mənbəyində estetik duyğu, qavrayış, təsəvvür, təxəyyül, anlayış, mühakimə və əqli nəticələr dayanır. 60-cılar nəsli və nəsrinin görkəmli təmsilçisinin əsərlərində milli mənlik, özünəqayıdış ruhu, mənəvi dəyərlərin vüsəti, sənətkar– şəxsiyyət və zaman diqtəsi özünü qabarıq göstərir.
Anar ictimai xadim, xalq adamı olduğundan, onun şüur və məfkurəsinin keçidləri həm Azərbaycanla (”Nizami bizimlədir, burdadır”, “Şairin hünəri”, “Şairin zəfəri”, “Şairin kədəri”, “Dilimizi yaşadanlar”, ”Sübhün səfiri”, “Dildə, fikirdə, işdə birlik”, “Aşıq gördüyünü çağırar”, “Ümmətdən millətə”, “Cənub işıq(lı) ları,” “Anlamaq dərdi”, “Molla Nəsrəddin–80”, “Dəryada duran qocaman dağ”, “Faciələr müəllifinin faciəsi”, “Ucundadır dilimin həqiqətin böyüyü”, “Bu yoldan 30 il öncə də keçdim”, “Güneydən gələn səslər”, “Vurğunluq”, “Bəxtiyarlıq”əsərləri...), həm azərbaycançılıqla (5 təməl prinsipi: azadlıq, müstəqillik, bərabərlik, qardaşlıq, dostluq), həm də türk xalqları, dövlətləri (“Min beş yüz ilin Oğuz şeiri”, “Min ilin 100 şairi”, “Dədə Qorqud dünyası”, “Manas”, “Türkçülüyün banisi”, “Xoşbəxtliyin açarı”, “Əhməd Yəsəviliklə bağlı düşüncələr”,“Çağdaşımız Mövlana”, “Gəl, gör məni eşq neylədi”, “Türkmən xalqının milli şairi”,...) ilə möhkəm bağlıdır. Anarın sözü bizimlə və bütün türk dünyasıyla ortaqdır. Ortaq məkan Orxon–Yenisey, Dədə Qorqud, Manas, Alpamış dünyasına aiddir. Təsadüfi deyil ki, Anar Azərbaycan–Türkiyə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədridir.
Anar milli ədəbiyyatımızı “Kitabi-Dədə Qorqud”la başlamağı iddia edənlərin birincilərindəndir. Elmi-nəzəri görüşlərinin təşəkkülü, başlanğıcı “Kitabi-Dədə Qorqud”la, “Manas”la, “Alpamış”la bağlıdır. Və təkamülü bütün Azərbaycan, bütün türk ədəbiyyatları – bədii fikir tarixi boyuncadır. Anar özəl fikirlərini, düşüncələrini– başqa sözlə, fərdiləşdirmələrini ümumiləşdirəndə monoloji dialoqu, ayrı-ayrı xalqları, dilləri Azərbaycan ideyasına, Azərbaycançlığa kökləyəndə isə dialoji monoloqu müəyyənləşir. Hər iki halda Anar konseptual görünür. Məsələn, deyir ki, bütün türk ölkələrinin “Dədə Qorqud”u öyrənilməklə düzgün elmi sistem qurula, tamamlana bilər və daha çox gizlinlər Dədə Qorqud dərkində müəyyənlik tapa bilər.
Anar Azərbaycan və türk xalqlarının ədəbiyyat tarixi ilə irəliləyib – mühazirələr oxuyub, icmallar yazıb (“Odlar yurdunun söz və sənət sərvəti”, “Tariximizin şeir yaddaşı”, “Türkün sözü”, “Ən əski yazılarımız”...), osmanlı türkcəsinə uyuşdurub 5 cildlik elmi-nəzəri və ədəbi-tənqidi görüşlərini ehtiva edən “Söz dünyası” kitabını çap etdirib. Beləliklə, Anarın poetikası deyilən elmi tədqiqat əsərinin yazılmasına ehtiyac yaranıb.
Anarın yaradıcı təfəkkürü zəngin olduğundan həmişə üstün mövqe ifadə edib, mühakiməli, anlayışlı, məntiqli görünüb, yəni, hissi və məntiqi idrakın imkanlarına əsaslanıb. Belə olanda o, əsasən, mənbəsiz, fəqət, ənənə imkanları əsasında yenilikçi kimi görünüb. Bəzən isə mənbəşünaslığın, mətnşünaslığın imkanlarından istifadə edib. Mühakimələrində mənbəşünaslığa əsaslanıb. Azərbaycan, türk və rus mənbələrinə rəvac verib, həm də daha çox sovet elmşünaslığı dövrünə istinad edib.
İdeya, konseptual yanaşmalar Anarın mətn estetikasının əsasında dayanıb. O, formalizmə yox, kökə, mənəvi-əxlaqi olanlara, milli formaya, milli koloritə istinad edib, modernist və postmodernist ünsürlər onun nəsri, yaradıcılığı və görüşlərinə yad olmayıb, fəqət, milli ruh, milli kolorit, mif, folklor, etnoqrafiya və məfkurəvi şüur Anar estetikası üçün vacib amildir.
Anar portret-oçerklərin, monoqrafik tədqiqatların, məqələ və ressenziyaların müəllifidir. Bütün ədəbi dövrlərin ədəbi salnaməsi, söz dünyası, söz səltənəti Anar üçün bəllidir, bəlgəlidir. Anar poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid sahəsində ardıcıl, dövrlər üzrə və problematik səpkidə yazıb. O, əsərlərini müəllif, yazıçı tənqidi, elmi-nəzəri fikri, publisist düşüncəsi ilə, realist və romantik təxəyyül və memuar şərtilikləri ilə mətn müəyyənliyi edən ziyalıdır. Bəzən modal sözlərlə “filankəsə görə” deyib, ara söz və cümlələrlə mötərizələr açıb, faktlar, misallar gətirib, bəzən də başqalarının sözlərini vasitəli nitqə çevirib mühakimə yürüdüb. Ən əsası budur ki, Anar mühakiməli, anlayışlı, əqli nəticəli ziyalıdır...
Beləliklə, Anar (və ədəbi nəsli) sosialist realizmi yaradıcılıq metodunun çərçivələrini dağıdıb, bədii fikrimizin, düşüncəmizin panoramını açıb, bədii nəsrin fəzasını nişan verib. Özünün mənəvi-əxlaqi və tənqid pafosunu formalaşdırıb, mükəmməlləşdirib. Anar estetikası əlvan rənglərə malikdir. Biz isə onlardan yalnız bir neçəsinin üzərində dayandıq.
Əlizadə ƏSGƏRLİ,
AMEA Ədəbiyyat İnstitutu baş direktorunun müşaviri, filologiya elmləri doktoru