Burada bol yerkökü yetişdirilir, xaricə də göndərilir
Hunanlar kəndinə gedirik. Tovuz rayonunun mərkəzindən, təxminən, 18 kilometr aralıda, Kürün sahilinə sığınan kəndə gözəl asfalt yol çəkilib. 2016-cı ildə ölkə Prezidentinin özünün iştirakı ilə təntənəli açılışı da olub. Yeri gəlmişkən, bundan iki il sonra Hunanlara təbii qaz da verilib, illər uzunu sakinlərin arzuladıqları xeyirxah bir iş baş tutub. Hunanlılar onlara yeni həyat, nəfəs verən, şəraitlərini, məişətlərini kökündən yaxşılaşdıran bu işləri unuda bilmirlər. Kənd sakinləri hər yerdə deyirlər ki, bizim xalqımız qədirbilən xalqdır. Ulu öndərimiz vaxtilə İlham Əliyevin sərəncamı ilə çəkilən, asfaltlanan indiki yollardan keçib. Hər dəfə də keçdikdə rayonumuza, kəndimizə yeniliklər gətirib, onun həyati əhəmiyyətli problemlərini həll edib. Bu yoldan keçərək o, Hunanlar kəndində Kür çayı üzərindən körpü saldırıb, bu gün də torpaqlarımızın suvarma suyu ilə təminatının əsasını təşkil edən güclü nasos stansiyası inşa etdirib. Bu yol üzərində yerləşən Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı kəndlərinə içməli su xətti çəkdirib. Ulu öndərin həmin yerlər üçün gördüyü işlər saymaqla bitməz.
...Hunanlar 2012-ci ilə kimi Girzan kəndi adlandırılıb. Amma niyə qeyd etdiyimiz tarixdən adı dəyişdirilib, dəqiq deyə bilmərik. Girzan, yəni, indiki Hunanlar, Kür çayı sahilində, Gəncə-Qazax düzənliyindədir. Tarixi mənbələrdə kəndin adı Kirzan variantında da qeydə alınmışdır. Bəziləri onu Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər.
Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Buranın sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. “Kürs” qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Ruslarda Kirsanov soyadı və Tambov vilayətində bu soyadla bağlı hətta şəhər də qeydə alınmışdır.
Hələ 1930-cu ildə Girzan Azərbaycanın 3-cü udi kəndi, başqa sözlə, Nic və Vartaşen (indiki Oğuz şəhəri) ilə yanaşı hesab edilirdi.
Görünür, kəndin ən qədim adının, tarixinin saxlanılması üçün bu addımı atıblar, Hunanlar adlandırıblar. Çünki əsrin ortalarında kənd utilərdən (udilərdən) ibarət idi və əhalisi çox olan yaşayış məskəni hesab edilirdi. Kanalların izləri, bağlardan qalan qalıqlar və çoxlu sayda qədimi dağıntılar sübut edir ki, nə vaxtsa bu kənddə 700-dən çox ev olub. Bəs indi vəziyyət necədir?
...Kənd icra nümayəndəsi Sakit Məmmədov bizi Hunanların girəcəyində qarşılayır. Bir qədər qayğılı, narahat görünür. Sonra öyrənirik ki, kənddə sarıkök və çuğundurun yığımı başlanıb. Təbii ki, on ildən çoxdur nümayəndəliyin rəhbəri olan S.Məmmədov kəndin hər bir probleminin həlli üçün məsuliyyət hiss edir. Digər tərəfdən, havaların son günlərdəki, necə deyərlər, şıltaqlığı həm məhsul əkib becərənlərin, həm də onun özünün qayğılarını birə-beş artırıb. Məsələn, deyirlər ki, mayın 12- də kəndə düşən dolunun diaemetri 10-12 santimetrə çatıb. Belə bir vəziyyətdə, sürətli yığım dövründə havaların korlanması ümidlərini əzab-əziyyətlə yetişdirdikləri məhsula dikən hunanlıların halını təsəvvür etməmək mümkün deyil.
Bu kənd illərdir yerkökü istehsalı üzrə ixtisaslaşıb. Təsəvvür edirsinizmi, kənddə yaşayan 428 ailədən 400-ü bu işlə məşğuldur. Razılaşın ki, Azərbaycanda az kənd tapılar ki, onun sakinlərinin hamısı yalnız bir məhsul əkib-becərsin. Becərilən məhsul yerli bazarlarla yanaşı, xaricə, ilk növbədə, Rusiya və Belarus bazarlarına göndərilir. Özü də hamı bu il məhsulun bol olduğunu söyləyir. S.Məmmədov deyir ki, hazırda tərəvəzin kiloqramı yerində 80 qəpikdən satılır. Bu, əvvəlki illərdən də artıqdır.
Digər tərəfdən yerkökünün satışa hazırlanması da əziyyətli prosesdir. Kəndli yerkökünü əl əməyi ilə, sahəyə su buraxdıqdan sonra toplaya bilir. Çünki belə olanda kökü çıxarmaq daha asan olur. Lakin iş bununla da bitmir. Torpaqdan çıxarılan zaman palçıqlı olan məhsul sakinlərin düzəltdiyi xüsusi yerlərdə yüksəktəzyiqli su şırnaqları ilə yaxşıca yuyulur, təmizləndikdən sonra qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir. Xaricə yola salındığı üçün kisələr də tam bağlanmır, hava üçün yerlər qoyulur.
...Kürün lap sahilinə, kəndin aşağı hissəsinə kimi gəlib çıxmışıq. Burada “Şərəf yeri” deyilən ərazidə yüzlərlə kənd sakinini görürük. Kimisi torpağı qazıb yerköklərini çıxarır, bir başqası onu torbalara yığub su ilə təmizlənən yerə aparır, digəri artıq sahənin başında gözləyən maşınlara yükləmək üçün doldurulmuş hazır qabları gətirir. Kənardan baxanda hunanlıların necə böyük zəhmətə qatlaşdıqlarının canlı şahidi olursan və istər-istəməz “onların çörəyi torpaqdan çıxır” deyiminin, sözün əsl mənasında, təsdiqi ilə razılaşmalı olursan.
Kənd sakinlərinin hərəsinə 15 sot pay torpağı verilib. Demək olar ki, əksəriyyəti özü əkib becərir. Lakin başqalarının da torpağını icarəyə götürüb bir neçə hektar məhsul əkib becərən təsərrüfatçılar da var. Hektardan 30-35 ton məhsul götürənlər olur. Başqa sözlə, orta hesabla hər ailə yığım vaxtı, yığım isə yayın ortalarına kimi davam edir, 10-12 min manat gəlir götürür. Özü də elə əkib becərdiyi sahənin başında, heç yerə getmədən.
–Yığım vaxtı buradan hər gün, təxminən, 200 ton yerkökü bazarlara çıxarılır, deyə əllərinin palçığını təmizləyib bizə “xoş gəldiniz” söyləyən Zakir Isayev bildirir ki, indi bu işdə əvvəlki kimi problemlərlə rastlaşmırlar.
–Pulumuzu elə buradaca, bəri başdan alırıq. Ən azı, gündə 10 ədəd 20 tonluq TIR-larla məhsul yola salırıq. Əsasən, Rusiya bazarlarına gedir. Onun cəmi bir-iki maşını rayon bazarlarına çıxır.
Məhəmməd Abdullayev isə deyir ki, mən öz həmkəndlilərimlə fəxr edirəm. Onlar ilboyu əziyyət çəkir, sonda onun bəhrəsini görürlər. İndi yığımı aparılan yerkökünü payızda torpağa səpirik. Qışda şaxtadan qorumaq üçün üzərinə sellofan örtük çəkilir. Yazda havalar isindikdə, həmin örtük götürülür və günəş şüaları altında inkişaf edir. İnsan orqanizmi üçün xeyirli, həm də gəlirli bitki olan yerkökünün yığımı yayın ortalarına qədər davam edir. Dövlətimizdən, yerli icra orqanlarından çox razıyıq. Bu şəraiti onlar bizə yaradıblar. Nəyi istəmişik, nəyə müraciət etmişik, şərait yaradıblar...
Qeyd edək ki, ötən əsrin əvvəllərində kənd əhalisinin sayı 1500 nəfərə yaxın idi, indi 2 min nəfəri keçib. Hazırda burada yaşayanların əksəriyyətini 1988-ci ildə Qərbi Azərbaycandan, öz doğma yurdlarından deportasiya edilmiş insanlar təşkil edir. Hamısı yerli camaatla qaynayıb qarışıb, qohum olub, qız verib, qız alıb...
Dolanışıqlarının da necə olmasını az-çox sizə söyləyə bildik. Bəs, həm də gözəl yolu, təbii qazı, həkim məntəqəsi, interneti, olduqca zəhmətsevər insanları olan bir kəndin məktəbi və uşaq bağçası niyə o gündədir? Hətta qəzetimizin ötən nömrələrinin birində “Kol-kosun içində gizlənmiş məktəb” sərlövhəli tənqidi yazı da vermişik.
Düşünürük ki, Tovuzun Hunanlar kəndinə daim ən yüksək səviyyədə diqqət və qayğı olub, bu dəfə də olacaq. Bir günümüz onların yanında keçdi və gördük ki, Hunanlar tezliklə nəinki Tovuzun, bütövlükdə, Azərbaycanın ən varlı, imkanlı kəndlərindən biri olacaq...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Tovuz rayonu