BMT-nin Uşaq Fondu (UNICEF) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında uğurlu əməkdaşlığın davam etdirilməsi və genişlənməsi məqsədilə 2 illik dövr üzrə yeni fəaliyyət planı hazırlanıb.
UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Saca Faruq Abdullah ilə nazirlikdə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial sahədə, habelə uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində son illər aparılan islahatlar barədə məlumat verib.
Görüşdə “Himayədar ailə” qayğı modelinin tətbiqi işləri, reinteqrasiya tədbirləri, uşaqlara yönələn reabilitasiya yönümlü sosial xidmətlərin keyfiyyətinin və həcminin artırılması üçün atılan addımlar qeyd edilib. Həmin sahələrdə, habelə sosial işçilərin bacarıqlarının artırılması üçün aparılan işlərdə, bunun üçün müvafiq təlimlərin, təcrübə səfərlərinin təşkilində, habelə əlil gənclərin məşğulluq imkanları və bacarıqlarının artırılmasının dəstəklənməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Yeni layihədə dövlət müəssisələrindən uşaqların ailələrə reinteqrasiyası və s. üzrə əməkdaşlığın əsas yer tutduğu bildirilib.
S.F.Abdullah ölkəmizdə sosial sahədə həyata keçirilən islahatları, uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində görülən işləri maraqla izlədiklərini və müsbət dəyərləndirdiklərini, nazirliklə əməkdaşlığın daim genişlənməsinə önəm verdiklərini vurğulayıb.
Sonra birgə görülən işlər və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Zərifə HÜSEYNOVA
XQ