Ötən həftə Azərbaycan idmanı üçün əlamətdar hadisə ilə yadda qaldı. Yunan-Roma güləşi üzrə komandamız Türkiyədə keçirilən Dünya Olimpiya Təsnifat Turnirində uğurla çıxış edərək 4 çəki dərəcəsinin 3-də Paris Oyunlarına lisenziya qazandı. Onların arasında dünya çempionatının ikiqat, Avropa çempionatının üçqat qalibi Rafiq Hüseynov da var idi. Ünlü pəhləvanımızla doğum günü ərəfəsində güləş üzrə yığma komandanın məşq zalında həmsöhbət olduq. İlk sualımız lisenziya qazandığı yarışın həlledici görüşündə – Gürcüstan təmsilçisi ilə qarşılaşmanın son saniyələrində gözucu tabloya baxarkən hansı hisslər keçirməsi ilə bağlı oldu.
– Tabloya baxdığım an qəhərləndim. Qələbənin gətirdiyi, sözlə ifadə edilməyəcək sevinc hissləri çəkdiyim bütün əziyyətlərə son qoydu. Hər bir qələbə onu qazandıran böyük əziyyəti hədsiz sevincə, məmnunluğa çevirir.
– Mayın 16-da 36 yaşınız tamam olur. Ad günü ərəfəsində bu qələbə, həm də özünüzə gözəl hədiyyə oldu.
– Bəli, razıyam. Amma əsas uğur Paris Olimpiadasında hədəfə aldığım yüksək nəticə olacaq.
– Dünya Olimpiya Təsnifat Turniri sizin üçün son şans idi. Yəqin ki, həyəcanınız da böyük idi.
– Təsnifat Turnirləri digər yarışlardan fərqli olaraq məhdud saydadır. Eyni zamanda, son şans olduğuna və digər amillərə görə, əlavə məsuliyyət yaradırdı. Məşqlərdə əlimdən gələni etmişdim ki, rəqiblərin təzyiqinə hazır olum. Yarışda 1 çəki yuxarı çıxış etməyim də əlavə çətinlik yaradırdı.
– Hansı görüş sizin üçün daha çətin oldu? Çəkindiyiniz rəqiblər kimlər idi?
– Rəqibləri tanıdığım üçün onları dəyərləndirmək mənim üçün daha asan idi. Belaruslu idmançı ilə bağlı kifayət qədər məşq etmiş, hazırlaşmışdım. Düşünürdüm, onunla savaş daha ağır olacaq. Ayrı-ayrı qruplara düşdüyümüz üçün hər ikimiz lisenziya qazandıq. İlk mərhələdə yunanıstanlı İlyas Paqkalidisə çətinliklə qalib gəldim. Hindistanlı Kumar Sunilə görüşümlə bağlı Beynəlxalq Güləş Federasiyası da paylaşım etdi. Mübarizənin bitməsinə 1 saniyə qalmış rəqibdən qazandığım xal hesabına qalib gəldim. Arada düşünürəm ki, lisenziyasız qalsam nə hala düşərdim.
– Deməli, idmanda bəxt amili də rol oynayır.
– Bəli, kifayət qədər güclü idmançılar var ki, karyeraları boyu bəxtləri gətirməyib. Bu dəfə mənim bəxtim gətirdi. Tək güclü olmaq kifayət etmir. Final görüşümdə dünya çempionu, Avropa çempionatının ikiqat qalibi Laşa Qobadze ilə qarşılaşdım. Təhlükəli rəqibdir, yaxşı işlətdiyi texniki fəndlər var. Digər tərəfdən, bədəninə yağ çəkməsi fənd işlətməyimə çətinlik yaradırdı. Buna qədər iki dəfə mənə qalib gəlib. Bu dəfə xal hesabında irəlidə idim. Hakimlər 2 passivlik parterini mənə verdilər və müdafiə olunmağa çalışdım. Hətta bir anlıq fənd işlətməyə çalışsa da, qarşısını ala bildim. Əslində, həmin görüşdə də şansım gətirdi. Görüşün bitməsinə 50 saniyə qalmış artıq bilirdim ki, qalibəm – gürcü idmançı çox yorulmuşdu.
– Bakıda təşkil edilən Avropa Təsnifat Turnirində də uğur şansınız var idi. Niyə iştirak etmədiniz?
– Əslində, həmin turnirə bu son yarışdan da yaxşı hazırlaşmışdım. Qərarı baş məşqçi verir. Sonra mənim indiki son təsnifat turnirində iştirakıma qərar verildi. Bunun üçün Bakıda keçirilən yoxlama görüşündə də qalib gəldim.
– Təsnifat turnirində 1 çəki yuxarı çıxış etməyiniz əlavə çətinlik yaradıb. Tokio Olimpiadasında isə medalı 77 kiloqram çəki dərəcəsində qazanmışdınız...
– Bəli, “Tokio-2020”də həmin çəki dərəcəsinə düşməyim uğurlu oldu, bürünc medal qazandım. Xatırladım ki, 77 kiloqram çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanan Avropa çempionu, ikiqat dünya çempionatının mükafatçısı Sənan Süleymanov kimi güləşçimiz var. O, çox perspektivli idmançıdır.
– Amma ötən olimpiadada şanslarınız daha yüksək qiymətləndirilirdi, yüksək mükafat qazana bilərdiniz...
– Bəli, daha yaxşı çıxış etmək şansım var idi. Rəqiblərimin imkanlarını araşdırsam da, bəzilərini yetərincə dəyərləndirmədim. Düşünürdüm ki, onlar mənə qalib gələ bilməzlər. Həmin idmançılardan biri məğlub olduğum qırğız güləşçisi idi. Ani səhvlər ucbatından qələbə qazana bilmədim. Belə olanda insan əlavə təcrübə toplayır. Tokio Olimpiadasından çıxardığım nəticəni Paris Oyunlarında dəqiq nəzərə alacağam.
– Paris Olimpiadasında rəqibləriniz barədə nə deyə bilərsiniz?
– Fransa paytaxtında 16 idmançı mübarizə aparacaq. Onlardan 8-i Olimpiya Oyunlarının, dünya, Avropa çempionlarının qalibləri və mükafatçılarıdır. Onlar həm təcrübəli, həm də çox güclü idmançılardır. Digərləri isə başqa qitə – Afrika, Asiya, Amerika təsnifat turnirlərindən gələnlərdir. Çalışıram ki, rəqiblərimi düzgün təhlil edim.
– İndiki imkanınızı karyeranızın zirvəsi saymaq olarmı? Xatırlayaq ki, Avropa çempionluğunuzu 2011-ci ildə qazansanız da, növbəti qələbə üçün 9 il gözləməli olmusunuz... Sonrakı illərdə 2 dəfə dünya və 3-cü Avropa çempionluğunu qazanmısınız.
– İlk çempionluğumda daha enerjili, həvəsli idim. O zaman İslam Həmrəyliyi və Avropa Oyunları, Dünya kuboku yarışları istisna olmaqla, çempionluq sevinci yaşamamışam. Hesab edirəm ki, həmin dövrdə komandada olan məşqçilərin güləş üslubuma uyğun olmayan təlimləri öz sözünü dedi. İndi yığmada peşəkar məşqçilər çalışır, onların bəziləri komanda yoldaşlarımdır. Ümumiyyətlə, komandamız hazırda çox güclüdür. Millimiz 2023-cü ildə ilk dəfə dünya çempionu olub. Düşünürəm ki, uğurlarımız davam edəcək. O ki qaldı Paris Olimpiadasını güləşçi karyeramın “finalı” hesab etməyimə, bu barədə ehtiyatla danışıram. Uğur qazandığın zaman, bəzən idmandan getmək çətin olur. Çünki yeni nailiyyətlər qazanmaq istəyirsən. Planda var ki, nəticə uğurlu olsa, karyeramı başa vuracağam. Məsləhət olarsa, yığmada məşqçi, yaxud digər formada komandaya kömək edərəm.
– Ailəlisiniz. Fasiləsiz məşqlər, yarışlar, stress, zədələr ailədə çətinlik yaratmır ki?
– Çalışıram ki, idman həyatımı evdən kənarda saxlayım. Təbii ki, zədələr, əməliyyat və digər hadisələr zamanı bu, mümkün olmur. Aylarla evdə olmamaq, uşaqların üzünü görməmək həm mənə, həm də onlara çətindir. Evdə olanda çalışıram ki, bunun əvəzini çıxım.
– Atanız SSRİ İdman ustası Radik Hüseynov sizi güləşə gətirib, məşqçiniz kimi uğura doğru birgə addımlamısınız. Bu ənənə ailədə davam edəcəkmi?
– Düz vurğuladınız. Atamla çiyin-çiyinə bu yolu birgə gedirik. O, mənimlə qürur duyduğu kimi, mən də övladlarımla fəxr etmək istəyirəm. Amma oğluma mən yox, hazırda elə atam məşqlər keçir. Kiçik oğlum isə idman gimnastikası ilə məşğul olur. İdman böyük bir aləmdir. Qismət olsa, övladlarım da böyük idmana yüksələcəklər.
Leyla QURBANOVA
XQ