Ölkə Qərbin hibrid müharibəsi ilə üz-üzə qalıb
Qonşu Gürcüstanda ictimai-siyasi asayişə təhlükə yaradan hadisələr baş verir. “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunduqdan sonra parlamentin qarşısına toplaşan mitinq iştirakçıları etirazlarını qanunverici orqana soxulmağa çalışmaqla, polislə toqquşmağa getməklə və digər destruktiv hərəkət etməklə büruzə verməyə başladılar. Hökuməti qanun layihəsinə səs verməməyə çağıran Qərbin bəzi ölkə deputatlarının, siyasətçilərinin də mitinqçilərə qoşulmaları Gürcüstanda qarşıdurmanı gücləndirir. Okeanın o tayından sanksiya hədələrinin səslənməsi küçənin təzyiqini daha da artırır, ancaq rəsmi Tbilisi milli maraqlarını qoruyacağını bildirir və konstruktiv dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayır.
Gürcüstan parlamenti “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Uzun müddətdir həmin layihəyə etiraz edən müxalifət partiyalarının tərəfdarları, qeyri-hökumət təşkilatlarının nümayəndələri hökumətə müqavimətin dərəcəsini yüksəltməyə çalışırlar. Rəsmi Tbilisi bildirir ki, qanun layihəsinin qəbulu milli maraqların təmin olunması baxımından zəruridir. Bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, Gürcüstan əhalisinin 80 faizi qeyri-hökumət təşkilatlarının şəffaflığını, 60 faizdən çoxu isə “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini dəstəkləyir. “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili isə vurğulamışdı ki, onun üçün başqa ölkənin maraqlarına xidmət etmək xəyanətdir: “Hansı ölkənin agenti olmağın fərqi yoxdur, istər Rusiya, istər Amerika, istər Afrika, istərsə də Asiya... Əgər hansısa təşkilat xarici dövlətin maraqlarına xidmət edirsə, heç bir mərasim olmadan bağlanmalıdır”. Doğrudur, iqtidar partiyası bu bəyanatdan sonra açıqlama verdi ki, deyilənlər cənab Qaribaşvilinin şəxsi mövqeyidir.
Gürcüstan hakimiyyəti əlindən gələni edir ki, əhali və dünya ictimaiyyəti qəbul olunmuş məlum qanunun demokratiyaya zidd olmadığını anlasın. Rəsmi Tbilisi qanun layihəsi ətrafında yaranmış vəziyyəti süni ajiotaj olaraq qiymətləndirir və Gürcüstanın bundan sonra da demokratiya yolu ilə gedəcəyini açıqlayır. Ötən gün Tbilisidəki etiraz mitinqində avropalı deputatların iştirak etməsi və hətta nümayişçilər qarşısında “alovlu” nitq söyləməsi Gürcüstan hökumətinin dediklərini təsdiqləyir. Amma bu, bir tərəfdən Gürcüstanın demokratik prinsiplərə sadiq qaldığını isbatlasa da, kənar qüvvələrin bu şəraitdən süi-istifadə etdiyini də göstərir. Avropalı siyasətçilərin mitinqə dəstək nümayişinə münasibət bildirən Baş naziri İrakli Kobaxidze bunu qəbuledilməz hadisə adlandırıb: “Bu gün biz səhnədə xarici təsirin şəffaflığını görürük. Xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxır, lüstrasiyanın miqyasını təsəvvür edin. Təbii ki, kənar şəxslərin kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxilə etməyə cəhd göstərməsi tamamilə qəbuledilməz hadisədir”.
Amma rəsmi Tbilisinin qanunla bağlı arqumentləri Qərbdə gözlənilən reaksiya doğurmur. Əksinə, ABŞ və Avropa İttifaqı (Aİ) ard-arda Gürcüstanı hədələyirlər. Aİ-nin on iki ölkəsinin xarici işlər nazirləri Brüsseldə müraciət etmişdilər ki, qanunun qəbul ediləcəyi təqdirdə hansı cavab tədbirlərinin görüləcəyini qeydə alsın. Bundan əlavə, Avropa Parlamenti tövsiyə olunan cavabları sadalayan sərt qətnamə qəbul etmişdi. Bunlara şəxsi sanksiyalar, Gürcüstan və Aİ üçün vizasız rejimə yenidən baxılması, maliyyə yardımının dayandırılması və ölkənin ittifaqa qoşulması ilə bağlı danışıqlara başlamaqdan imtina daxildir. Dünən Aİ məlum qanun layihəsinin qəbulu ilə bağlı ümumi bəyanat qəbul etməyə çalışsa da, Macarıstanın və Slovakiyanın buna qarşı çıxdıqları bildirilir.
Okeanın o tayından da ciddi təhdidlər səsləndirilir. Öncə Tbilisidə olan ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyms O'Brayen “naraharlıqlarını” açıqladı: “Əgər qanun Aİ standartlarına uyğun gəlmirsə və demokratiyanın pozulması və dinc nümayişçilərə qarşı zorakılıq varsa, o zaman ABŞ-dən məhdudiyyətlər olacaq. Bunlara maliyyə və yaxud səyahət məhdudiyyətləri, xüsusən də məsul şəxslər və onların ailələri üçün məhdudiyyətlər daxildir”. Bir qədər sonra isə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirdi ki, “Xarici təsirin şəffaflığı haqqında” Qanun qüvvəyə minərsə, ABŞ Gürcüstanla münasibətlərə əsaslı şəkildə yenidən baxmağa məcbur olacaq. Xanım Jan-Pyer yenidən qiymətləndirmənin nədən ibarət olacağını açıqlamadı, lakin on bir senatorun qanunla bağlı imzaladıqları bəyanatda ABŞ-nin Gürcüstana qarşı yürüdə biləcəyi siyasətin ümumi konturları barədə müəyyən məlumat almaq mümkündür. Amerikalı senatorların bəyanatında deyilir ki, həmin qanunun qəbulu Gürcüstanın ABŞ ilə münasibətlərini əsaslı şəkildə dəyişəcək və onun Aİ-yə üzvlük cəhdinə zərər verəcək. ABŞ siyasətində dəyişikliklər sanksiyalar, viza qadağası və ABŞ-nin birbaşa yardımına yenidən baxılmasını əhatə edəcək.
Qərbin niyyəti məlumdur. XQ-yə müsahibəsində Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze bildirmişdi ki, QHT Qərbin Gürcüstana təzyiq vasitəsidir və yeni qanun bu rıcaqı ortadan qaldırır. Ona görə ki, xaricdən maliyyələşməni şəffaf edir və xarici təsirləri neytrallaşdırır. Qərb belə təsir vasitəsindən məhrum olmamaq üçün Gürcüstan hökumətinə təzyiq göstərir. Belə təzyiqlər də özünü Tbilisi küçələrində əks-etdirir. Avropalı siyasətçilərin də etirazçılara açıq-aşkar dəstək vermələri bu təzyiq vasitəsinin tərkib hissəsidir. Məsələn, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot mayın 14-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər Gürcüstanın daxili işlərinə qarşı şəkildə kobud müdaxiləsi kimi qiymətləndirilir. Mixael Rot iddia edib ki, Gürcüstan hakimiyyəti yalnız əsas müttəfiqi olan pravoslav kilsəsinə arxalanaraq qanuna etiraz aksiyalarında iştirak edən gənclər olmadan parlaq gələcək qura bilməyəcək. Alman siyasətçi gürcülərə ağıl öyrətməyə də çalışıb. O təkəbbürlə deyib ki, qanun qəbul olunarsa, guya beyin axını Gürcüstan üçün tam bir fəlakət olacaq.
Əlbəttə, alman siyasətçinin bu sözləri Gürcüstanda birmənalı qarşılanmadı. “Xalqın Gücü” partiyasının liderlərindən biri, deputat Quram Maçaraşvilinin sözlərinə görə, Mixael Rotun bəyanatı gürcü xalqını və pravoslav kilsəsini təhqir edir, həmçinin xaricdə Gürcüstana qarşı döyüşən qüvvələrin olduğunu təsdiqləyir: “Biz real Avropanın nə olduğunu bilirik, lakin Gürcüstana qarşı mübarizə aparan xarici qüvvələr də var. Təəssüf ki, Rotun bu bəyanatı pravoslav kilsəsini, gürcü xalqını təhqir edir, çünki o, əhalinin əksəriyyətinin pravoslav olduğunu və pravoslav kilsəsinə üz tutduğunu çox gözəl bilir”.
Göründüyü kimi, Qərb Gürcüstana qarşı hibrid müharibə aparır, küçədə, informasiya məkanında kampaniya aparır. Avropaya inteqrasiya yolunu tutan Gürcüstan hökuməti isə heç bir təzyiqə boyun əyməyəcəyini bildirir. Rəsmi Tbilisi ABŞ-ın sanksiyalardan da ehtiyat etməyini açıqlayır. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, ABŞ-ın mümkün sanksiyaları tətbiq etməsi barədə söhbətlər qeyri-ciddidir. Onun fikrincə, bu cür bəyanatlar ikitərəfli münasibətlərin yaxşılaşdırılmasından danışarkən əks effekt verir. Cənab Kobaxidze ABŞ Dövlət Departamentinin nümayəndəsi O`Brayenlə görüşündə vurğulayıb ki, Tbilisi ABŞ ilə “əməkdaşlığı dərinləşdirmək” istəyir, lakin bu, “ikitərəfli səylər və qarşılıqlı ədalətli münasibət tələb edir”. Amma belə görünür ki, ABŞ-ı tam fərqli münasibətlər maraqlandırır.
S.ELAY
XQ