Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin razılaşdırılması anklav-eksklav məsələsini gündəmə gətirib. Qazağın 4 kəndinin geri qaytarılması sülh prosesinin irəliləməsində əməli addım olsa da, davakar erməni kilsəsi, özünü buraxmış Xankəndi xuntasının qalıqları və Ermənistanın revanşist qüvvələri bu prosesə mane olmağa çalışırlar. Ermənistan ərazisində qalmış həmin kəndlər barədə tarixi həqiqətin mötəbər açıqlaması olaraq AMEA Tarix və Etnologiya İnstitutunda hazırlanmış arayışın ardını təqdim edirik.
(əvvəli ötən sayımızda)
Kərki
Kərki Sədərək rayonunun Sədərək ərazi-inzibati vahidinə daxildir. Arpa çayı sahilində, düzənlikdədir. Kəndin adı kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.
Osmanlı dövləti ilə Ermənistan arasında 1920-ci ilin 3 dekabrında imzalanan Gümrü müqaviləsinə görə, Kərki kəndi və ətraf ərazilər Naxçıvanın tərkib hissəsi kimi tanınmışdır. “Azərbaycan SSR-lə Ermənistan arasında mübahisəsiz ərazilərin sərhədinin təsviri” adlı 1920-ci ilin 5 avqust tarixli sənəddə iki dövlət arasında sərhəd xəttinin keçmiş inzibati sərhədlərə uyğun olması qeyd olunur.
Türkiyə ilə RSFSR arasında 1921-ciilin 16 martında bağlanan Moskva müqaviləsinə və 1921-ci ilin oktyabrında RSFSR-in iştirakı ilə Türkiyə və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR arasında bağlanan Qars müqaviləsinə görə, Kərki kəndi Naxçıvan SSR-ə bitişik və onun tərkib hissəsi kimi tanınmışdır, Azərbaycanın Ermənistanda eksklavı deyildir.
1922-ci ilin dekabrında I Zaqafqaziya Sovetlər qurultayı xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi. 1923-cü il dekabrın 5-də Azərbaycan Mərkəzi İnqilab Komitəsi Naxçıvan muxtar diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edərək onun təsdiq olunmasını Zaqafqaziya Mərkəzi İnqilab Komitəsindən xahiş etdi. Zaqafqaziya Mərkəzi İnqilab Komitəsi 1924-cü il yanvarın 8-də bu qərarı təsdiq etdi. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq edildi.
Nəticədə, ermənilərin Naxçıvanın Azərbaycandan qoparılmasına yönəlmiş düşmənçilik fəaliyyətləri boşa çıxdı və Naxçıvanın Azərbaycan dövlətçiliyindəki yeri öz hüquqi həllini tapmış oldu. Həmin ildə 2-ci dərəcəli kartoqraf N.Rıbakov tərəfindən “Naxçıvan diyarı” adlı xəritə tərtib edilərək nəşr edildi. Bu xəritədə Naxçıvanla Ermənistan arasındakı “mübahisəli ərazilər” xüsusi оlaraq qeyd olunmuşdur. Həmin ərazilərə indiki Şərur, Kəngərli, Babək, Şahbuz rayоnları ilə Ermənistan SSR arasındakı 279 hektar ərazi və Оrdubad rayоnu ilə Zəngilan arasındakı Zəngəzur ərazisinin bir hissəsi daxil idi.
Azərbaycan MİK-nin 1927-ci il 12 martda qəbul etdiyi qərarda Cənubi Qafqaz MİK-dən Qars müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq, Ermənistan SSR-lə Naxçıvan SSR arasında konkret sərhədlərin müəyyən olunması və təsdiqlənməsi haqqında sərəncam verilməsi xahiş olunurdu. Ancaq heç bir əsas və Naxçıvanın statusunun qarantı sayılan Türkiyənin iştirakı və razılığı olmadan Cənubi Qafqaz MİK-nin 18 fevral 1929-cu il tarixli qərarı ilə iki respublika arasında sərhədlər dəyişdirildi. Qurdqulaq, Horadiz, Xaçik, Ağbin, Ağxac, Almalı, Dağ-Almalı, İtqıran və Sultanbəy kəndləri, eləcə də onun ətrafındakı otlaqlar və eyni zamanda, Ordubad qəzasının Qorçevan və Kilid kəndləri ətrafındakı torpaq sahələrinin bir hissəsi Ermənistan SSR-ə verildi.
Bu siyahıda Kərki kəndi yoxdur və Naxçıvan MSSR ilə Ermənistan SSR arasında sərhəd məsələrinə dair 1928-ci il xəritəsində Kərki kəndi anklav kimi göstərilmir. Bu da Kərki kəndinin tam olaraq hələ Naxçıvan MR-in sərhədləri daxilində olması demək idi.
Zaqafqaziya MİK-nin 5 mart 1938-ci il tarixli qərarında qeyd olunurdu ki, Şərur rayonunun Sədərək və Kərki kəndləri ətrafındakı ərazilərin hansı respublikaya məxsus olması xəritədə dəqiqləşdirilsin: “Xəritədə Ermənistan SSR ərazisində Naxçıvan MSSR-in ərazisinə daxil olan zolaqdan kənar kənd – Kərki və Sədərək kəndləri görünmür (kəndlər xəritədə düzgün göstərilib, lakin torpaqların bir hissəsi zolaqdan kənarda yerləşir Arazdəyən stansiyasından sərhədlər Ermənistan MİK-nin məlumatlarına əsasən çəkilib və Azərbaycan Xalq Kənd Təsərrüfatı Komissarlığı (XKTK) materialları ilə təsdiqlənir; Şərqə doğru Yaycı kəndindən sərhədlər Ermənistan SSR-in MİK-nin məlumatlarına əsasən çəkilib və Azərbaycan XKTK tərəfindən təsdiqlənir, 1:500000 miqyaslı xəritədə isə qrafiki olaraq qeyri-dəqiq göstərilib; Digər sərhədlər silsilə üzrə gedir; Azərbaycan MİK-nin məlumatlarına əsasən düzgün göstərilib və Ermənistan MİK-nin və Ermənistan XKTK-ı materialları ilə təsdiqlənir, lakin sonuncu 1:400000 və 1:500000 miqyaslı xəritələrdə dəqiq təsvir olunmayıb”.
Yekun olaraq tərtib olunan xəritədə biz faktiki olaraq Sədərək və Kərki kəndləri ətrafındakı ərazilərin Ermənistan SSR ərazisi kimi təsvir edildiyini görürük. Təbii ki, bu saxtakarlığın məntiqi davamı olaraq bu ərazilər Azərbaycan hökumətinin xəyanətkar laqeydliyi səbəbindən ermənilər tərəfindən ələ keçirilmişdir.
Beləliklə, Cənubi Qafqaz MİK-nin 5 mart 1938-ci il tarixli qərarına əsasən, Şərur qəzasının Sədərək və Kərki kəndləri ətrafındakı bəzi torpaq sahələri Ermənistan SSR-ə verilmişdir. Sədərək və Kərki kəndlərindən Ermənistana verilən torpaqların ümumi sahəsi 658,4 km olmuşdur. Nəticədə, Kərki kəndi Ermənistan əraziləri ilə əhatələnmiş və Azərbaycanın anklavına çevrilmişdir.
Ermənistan SSR-in MİK-nin katibi vəzifəsini icra edən Q.Qalustyanın Azərbaycan SSR-in MİK Prezidiumunun Katibliyinə ünvanladığı 1938-ci il 13 aprel tarixli sənəddə Kərki kəndinin Ermənistan SSR ərazisində yerləşməyinə baxmayaraq inzibati baxımdan Naxçıvan MSSR-ə tabe olması qeyd olunur. Azərbaycan MİK-də də bu məsələ öz təsdiqini tapır və bir cümlə ilə belə qeyd olunur: “Kərki kəndi Ermənistanın Vedi rayonu hüdudlarında yerləşsə də, Naxçıvan MSSR-in Noraşen rayonuna daxildir”.
18 yanvar 1990-cı ildə isə erməni və rus hərbi birləşmələrinin quldurcasına basqını nəticəsində Naxçıvanın anklav vəziyyətində olan Kərki kəndi hücuma məruz qalmış, ölkəmizin 950 hektar ərazisi itirilmiş, 1991-ci ildə isə kənd tamamilə işğal olunmuşdur.
Kərki kəndi Azərbaycanın erməni işğalında olan yeganə dağıdılmayan kəndidir. Kəndin ərazisindən E-117 magistralının keçməsi onun əhəmiyyətini bir qədər də böyüdür. Mehri–İrəvan–Tbilisi yolunun üzərində yerləşən Kərki strateji mövqeyə malikdir.
Hazırda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistanın işğalı altındadır. Kənddən məcburi köçkün düşmüş şəxslər isə Şərur rayonunun Yeni Kərki kəndində məskunlaşmışlar.
Başkənd
Kəndin adı, tarixən, Başkənd olmuşdur. Bəzi mənbələrdə bu kəndin 1845-ci ildə salındığı göstərilsə də, əslində, onun tarixi daha qədimə gedir. Toponim Azərbaycan dilində “əsas”, “yuxarı” mənasında işlənən “baş” sözü ilə “kənd” sözünün birləşməsindən yaranmışdır. Bu kənddə əvvəllər Azərbaycan türkləri yaşamışdır və kəndin adı da ana dilimizdə “Başkənd” adlandırılmışdır.
İlk dəfə 1859-cu ildə kəndin ərazisində yerli əhalinin təsərrüfatlarında çalışmaq üçün bir neçə erməni ailəsi məskunlaşmışdır. Sonrakı illərdə Başkəndə köçən erməni ailələrinin sayı artmışdır və XIX əsrin sonlarında bu kütləvi hal almışdır. Ermənilər Başkəndə əsasən Qarabağ bölgəsindən və 1918-ci ilədək Qazax qəzasına daxil olan Şəmşəddin ərazilərindən gəlmişdilər. Qeyd edək ki, sonralar Şəmşəddin əraziləri ermənilər tərəfindən ələ keçirilmiş və burada 1930-cu ildə Ermənistan SSR-nin tərkibində Şəmşəddin rayonu yaradılmışdır.
Azərbaycanda və Ermənistanda Sovet hakimiyyəti qurulduqdan və Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikası yarandıqdan sonra respublikalar arasında inzibati sərhədlərin müəyyənləşməsi prosesi başlamışdır.1923-cü ilin aprelin 28-də Cənubi Qafqaz MİK-nin qəzaların sərhədlərinin müəyyən olunması üzrə komissiyasının müəyyən etdiyi sərhədlərə görə, Şınıx–Ayrım rayonunun ərazisinə 14 kənd və yaşayış yerlərindən savayı, həm də 48 qışlaq daxil idi. Onlardan 30-u Azərbycanın türk əhalisinə və Ermənistan Xalq Torpaq Komissarlığının məlumatına əsasən, 18-i ermənilərə məxsus olmuşdur.
1925–1928-ci illərdə Başkəndin Azərbaycan SSR-yə qatılmasına cəhdlər edilmişdir. Bu zaman kənddə çoxluq təşkil edən erməni əhalisi Azərbaycan SSR-in tərkibinə daxil olmaqdan imtina etmişdir. Bu səbəbdən, kəndin Azərbaycan SSR-ə birləşdirilməsi baş tutmamışdır.
Cənubi Qafqaz MİK-nin 18 fevral 1929-cu il tarixli qərarına əsasən, Başkənd Ermənistana verilmişdir və inzibati cəhətdən Ermənistan SSR-in Krasnoselsk rayonuna tabe edilmişdir. 18 fevral 1929-cu il tarixli qərara əsasən, Ermənistan qarşısında şərt qoyulmuşdur ki, Başkəndin erməni əhalisinin Ermənistanın əsas ərazisi ilə həmsərhəd olan Azərbaycan ərazilərinə köçürülməsini təmin etsin. Ancaq təklif olunan köçürmə Ermənistanla həmsərhəd Azərbaycan ərazilərində məskunlaşma üçün boş ərazilərin olmaması səbəbindən baş tutmamışdır.
Gədəbəy rayonunun ərazisində yerləşən Başkənddən Ermənistan sərhədlərinə qədər məsafə 18 kilometr təşkil edir. Başkəndlə Ermənistan arasındakı ərazilər isə Azərbaycan SSR-in Gədəbəy rayonuna aiddir.
Gündəlik həyat tərzinə və iqtisadi yaşamına görə Başkənd Azərbaycan SSR-ə daha çox bağlıdır, onunla vahid orqanizm təşkil edir.
1929-cu ildə Başkəndin Ermənistan SSR-ə verilməsi ilə bağlı fakt Azərbaycan SSR Torpaq Komissarlığının 21 aprel 1938-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə təqdim etdiyi sənəddə də təsdiqlənmişdir.1938-ci il 13 aprelə olan məlumata görə, kəndin adı Köhnə Başkənd adlandırılmışdır, Gədəbəy rayonu ərazisində yerləşir, inzibati olaraq Ermənistan SSR-in Krasnoselsk rayonuna tabedir. Əhalisi 4 min 398 nəfər olmuşdur və sənədə görə, əksəriyyətini ermənilər təşkil etmişdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Artsvaşen (erməni dilində Qartalkənd) adlandırılmışdır.
I Qarabağ müharibəsi zamanı Ermənistan Başkənd ərazisindən Azərbaycana qarşı geniş təcavüz aktları həyata keçirdiyindən Azərbaycan döyüşçülərinin həyata keçirdikləri əməliyyat nəticəsində 1992-ci ilin 6–8 avqustunda Başkənddəki quldur yuvası dağıdılmış, kənd Azərbaycanın nəzarətinə keçmişdir.
İkram AĞASİYEV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor