Beynəlxalq Ailə Günü ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda mərhum fırça ustaları – Odtəkin və Valentina Ağababayevlərin, eləcə də onların övladları və nəvələrinin əsərlərindən ibarət sərgi açılıb.
Ailə sərgisinin açılışında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və başqaları çıxış edərək, məşhur Ağababayevlər nəslini təmsil edən rəssamların yaradıcılığı, ayrı-ayrı əsərlərinin özünəməxsus cəhətləri barədə danışıblar.
Qeyd edək ki, bu, Ağababayevlərin 2-ci ailə sərgisidir. İlk sərgi 2001-ci ildə olub. Ekspozisiyada ata – Əməkdar rəssam Odtəkin, ana Valentina, qız övladı Tatyana Ağababayevanın əsərləri nümayiş etdirilir. Tatyananın 3 qardaşı da bu sənətlə məşğul olub. Hazırda oğul övladları ənənəni davam etdirirlər.
Bakıda anadan olmuş Odtəkin Ağababayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra isə V.Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Elə gələcək həyat yoldaşı – “minvodlu” Valentina ilə də orada tanış olub. Sonra Bakıya köçüblər. Azərbaycanın sənətsevər xalqı, rəngarəng təbiəti həmişə onlara ilham və təkan verib. Ən müxtəlif janrlarda əsərlər yaradıb, mükafatlar qazanıb və tanınıblar.
Odtəkin Ağababayevin yaradıcılıq səfərləri zamanı kətana köçürdüyü Azərbaycan təbiəti mənzərələri, Qarabağ, Xocalı, Neft Daşları mövzularında rəsmlər, görkəmli şəxsiyyətlərin portretləri ondan qalan yadigarlardır. Məşhur rəssamlar Qorxmaz Əfəndiyev, Cavad Mircavadovla yaxın dost olub. Onun 60 illik ömür-gün dostuna və müqəddəs ailə dəyərlərinə sevgisi özünü “Valentina və Odtəkin” əsərində layiqli əksini tapıb.
Valentina xanımın isə “Sarsılmaz dostluq”, “Uşaqlara sülh lazımdır!”, “İncəsənət əbədidir!” adlı plakat nümunələri məşhur olub. Onun rəngkarlıq janrında çəkdiyi əsərlər də cəlbedicidir, xoş ovqat yaradır. Valentina Ağababayevanın incə, lirik, analıq xoşbəxtliyini, sevgililəri, təbiətin gözəlliklərini vəsf edən əsərlərini genişmiqyaslı beynəlxalq biennale, simpozium və sərgilərdə mütəxəssislər və sənətsevərlər hər zaman bəyəniblər. Onun dəzgah rəngkarlığına aid maraqlı əsərləri “Şəhərdə ağaclar”, “Uşaqlar və it”, “İki qadın”, “Ailə” və s. müxtəlif mövzulu kompozisiyalardan ibarətdir.
Tatyana Ağababayeva əsasən batika – parça bəzəmək üsulu ilə məşğul olur. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini və Vera Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbini (indiki Baron Ştiqlist adına Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyasını) bitirib. İlk dəfə ciddi, peşəkar sərgilərdə 22 yaşından iştirak etməyə başlayıb. Moskvada Manejdə sərgilənən “Qız raketka ilə” və “Sübh tezdən” adlı ilk işləri Azərbaycan və SSRİ Mədəniyyət nazirlikləri tərəfindən alınıb. 35 ildir ki, Rəsasamlar İttifaqının üzvüdür. Moskvada, Parisdə, Nijni Novqorodda əsərləri maraqla qarşılanıb, Kuala-Lumpurda keçirilmiş beynəlxalq sərgi və konfransda Azərbaycanı uğurla təmsil edib. Malayziyada məruzə ilə çıxış edib. Azərbaycanda inkişafı istiqamətində önəmli rolu olan rəssamlardan biridir. O, ölkəmizdə sənətin bu növündə yüzlərlə əsər yaratmış yeganə sənətkardır. Bakıda 5 fərdi sərgisi olub. İki ay öncə keçirilmiş “Dünya ətrafında. Sərhədsiz incəsənət” beynəlxalq festivalında oğlu ilə 2-ci və 3-cü yerlərə layiq görülən əsərləri sərgilənib. Elə bu son sərgidə Tatyana xanımın neçə-neçə cazibədar batiki nümayiş olunur. “Xəzərin qoruyucu mələyi”, “Barama qurdu alleqoriyası”, “Dəfnə”, eləcə də “Əks olunmuş dünya" triptixi və s. bu qəbildəndir.
Ekspozisiya ilə tanışlıq hər kəsdə xoş təəssürat yaradıb. Rəssam-sənətşünas Ziyadxan Balaşov “XQ”-yə müsahibəsində dedi:
– Ağababayevlər, sözün əsl mənasında, nümunəvi sənətçilərdir. Beynəlxalq Ailə Günü ərəfəsində onların ailə sərgisinin nümayiş etdirilməsini təqdirəlayiq hal sayıram. Baba və nənənin, övladları və nəvələrinin işlərini maraqla izlədim. Bu, nəsillərin estafeti olmaqla, sənətə möhkəm bağlılığı göstərən örnəkdir.
Əli NƏCƏFXANLI,
Elşən AĞALAR (foto)
XQ