Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasovun əsərlərindən ibarət konsert proqramı təşkil olunub.
Konsertdən əvvəl kollecin şöbə müdiri Sevinc Seyidova Cəlal Abbasovun Azərbaycan musiqi mədəniyyətinin tərəqqisində xidmətlərindən danışıb. Bildirib ki, müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Cəlal Abbasovun müxtəlif janrlarda yazdığı böyük mənəvi və əxlaqi keyfiyyət qazanan əsərləri nəinki ölkəmizdə, həmçinin onun hüdudlarından kənarda – ABŞ, Almaniya, Avstriya, Fransa və s. ölkələrdə səslənərək dinləyici rəğbəti qazanıb. Görkəmli Azərbaycan bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun oğludur. Simfoniya və kantataları, simli orkestr, orqan, fortepiano, timpani (zərb aləti) və xor üçün əsərləri, “Şən Bahar” uşaq operası, vokal əsərləri, aranjimanları sənət aləmində yaxşı tanınır.
Konsert proqramında Cəlal Abbasov məktəbinin yetirmələri olan gənc bəstəkarların əsərləri kollecin tələbələrinin ifasında səsləndirilib.
XQ