“Ulduz” ədəbi-bədii jurnalının aprel sayı işıq üzü görüb. Bu sayda da oxucular bir sıra maraqlı yazılarla tanış ola bilərlər.
Toplu yazıçı Xanım Anelanın “Özüylə söhbəti...” və “Müəmmalı” adlı hekayəsi ilə açılır. “Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Üç hekayəyə bir baxış” yazısını təqdim edir. Ardınca Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiqəsi qaliblərinin əsərləri bu sayda yer alır. Cavid Babayevin, Orxan Cuvarlının və Xanbala Mahmudovun debüt hekayələri maraq doğurur və sözügedən müsabiqənin nəticələrinin, həqiqətən də, sırf obyektiv olduğu qənaətini gücləndirir. Ayrıca “Debüt”də isə Aynur Ədilin “Cavabsız məktublar”ı diqqət çəkir.
“Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndər təqdim olunur. “Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadənin hekayələrini oxuya bilərsiniz. “Qısa fikirlər xəzinəsi”ndə ənənəvi olaraq dühaların “sərvət”i toplanıb.
Jurnalın “Tərcümə saatı” Fərid Hüseynin çevirməsində iraqlı şair Əli Əl–Şəlahın “Mən günbatana boylanan adamam” şeiri ilə başlanır və digər əsərləri ilə davam edir. “Müsahibə” rubrikası Günel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət”i oxucularla bölüşür. “Tribuna” isə Təranə Dəmirə və Ramiz Göyüşə verilib. Onlar “Əli Bəy Azəridən və İbrahim İlyaslıdan bəhs edirlər.
“Esse” rubrikasında Sadiq Qarayev “Düzülüş və mövcudluq” barədə düşüncələrini bölüşür. Eyni zamanda, Zülfiyyə Ziya şair Əli Nəcəfxanlı haqqında “Ələmdən nəşəyə” adlı yazısını təqdim edib.
Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poetik düşüncənin bənzərsiziliyi” yazısında unudulmaz xanım-şair Fərqanə Mehdiyevanın yaradıcılığından söz açır. “Dərgidə kitab”da isə şeirləriylə Xəyal Rzadır.
XQ