“Avesta”nın 3-cü cildi ana dilimizdə

post-img

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Xanlar Həmidin tərcümə etdiyi qədim “Avesta”nın 3-cü cildi təqdim olunub.

Bildiyimiz kimi, müqəddəs kitab olan “Avesta” Zərdüşt təlimini özündə əks etdi­rir. Zərdüşt peyğəmbər, islahatçı və zər­düştiliyin banisidir. Avropa alimləri onun yaşam dövrünü eramızdan əvvəl XV–XII əsrlərə aid edib, dinini bəşər tarixində yeni bir era adlandırıblar. Ünvan baxımın­dan müxtəlif versiyalar olsa da, Zərdüş­tün Azərbaycanda doğulduğunu bildirən alimlərin fikri daha məqbul hesab edilir. "Avesta” müəllifi – Zərdüşt çox hallarda öz fikirlərini Ahyuramazdanın (Hörmü­zün) dili ilə ifadə edib.

İstedadlı və zəhmətkeş qələm sahibi olan Xanlar Həmidin 70 illik yubileyinə tə­sadüf edən məclisdə onun yaradıcılıq mə­ziyyətlərinə və dilimizə çevirdiyi “Avesta” ilə bağlı çalışmalarına işıq tutuldu. AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirdi ki, ən əhəmiyyətli ədəbiyyat hadisələrinə evsahibliyi edən “Natəvan” klubunda bu dəfə “Avesta”nın tərcüməsi ilə bağlı müzakirələr aparılacaq. Bu, "Avesta” mətnini dərk etməyə qabil bir ziyalı saydı­ğımız Xanlar Həmidin böyük uğurudur və təsadüfi deyil ki, tərcümə işi AYB-nin fəxri fərmanına layiq görülüb.

Tanınmış tənqidçi Əsəd Cahangir çevirməni fundamental tərcümə adlan­dırdı və ona həsr olunan 20 ilin hədər getmədiyini söylədi: “Bu, sözün əsl mə­nasında Zərdüştşünaslıqda hadisədir. “Avesta” bizim hardan gəlib-hara getdi­yimizi göstərən bir kompasdır. Nağıl və dastanların şüuraltı olaraq beyinlərimizə yeritdiyi mənalar bu əsərdə birbaşa diktə edilir. Elə bu faktın özü tərcümə əsərinin önəmini irəli çəkir”.

Kitabın elmi redaktoru və rəyçisi fəl­səfə elmləri doktoru Kazım Əzimov qeyd etdi ki, ilk dəfə dilimizə poetik tərcümə olunan “Avesta” sanballı bir mənbədir. 

Sonra filologiya elmləri doktoru, professor Elman Quliyev, AYB-nin bey­nəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, tanınmış şair Ağacəfər Həsənli, müəllifin digər qələm yoldaşları ürək sözlərini söylədilər, tərcüməni ədəbiyyatımız və elmimiz üçün gərəkli əsər və Xanlar Həmidə daha bö­yük yaradıcılıq sevincləri arzuladılar. 

XQ

Mədəniyyət