Roma imperiyasının Britaniyada saldığı şəhərlər, yollar və hamamlar uzun illər tərəqqinin rəmzi kimi təqdim olunub. Lakin alimlərin son araşdırmaları göstərir ki, bu “inkişaf” yerli əhali üçün ciddi sağlamlıq problemləri yaradıb. Xüsusilə Roma şəhərlərində yaşayan qadınlar və uşaqlar ağır şəraitlə üzləşiblər.
Eramızın 43-cü ilində Roma legionları Britaniyanı işğal etdi və ada imperiyanın vilayətinə çevrildi. Yeni şəhərlər salındı, yollar çəkildi, su kəmərləri və ictimai hamamlar tikildi. İlk baxışdan bu dəyişikliklər həyat keyfiyyətinin yüksəlməsi təsiri bağışlayırdı. Ancaq arxeoloji tapıntılar bunun əksini göstərir.
Alimlər qazıntılar zamanı tapılan insan sümüklərini tədqiq edərək əsasən qadınlara və uşaqlara diqqət yetiriblər. Çünki bu qruplar pis qidalanma, xəstəlik və çirkli mühitə daha tez reaksiya verir və cəmiyyətin real vəziyyətini üzə çıxarır. Sümüklər üzərində aparılan analizlər göstərib ki, Roma dövründə xəstəliklər xeyli artıb.
Araşdırmalar zamanı məlum olub ki, Roma şəhərlərində yaşayan böyüklərin 81 faizində müxtəlif xəstəlik izləri aşkarlanıb. Romalılardan əvvəl həmin ərazilərdə yaşayan insanlarda bu göstərici 62 faiz olub. Kənd yerlərində isə Roma dövrü ilə əvvəlki dövr arasında ciddi fərq qeydə alınmayıb.
Ən ağır vəziyyət uşaqlarda müşahidə edilib. Roma işğalından əvvəl Britaniyada yaşayan uşaqların yalnız 26 faizində sağlamlıq problemləri qeydə alınırdı. Roma dövründə bu göstərici kənd yerlərində 41 faizə, şəhərlərdə isə 61 faizə yüksəlib. Yəni şəhərlərdə yaşayan uşaqların yarıdan çoxu ağır xəstəliklərdən əziyyət çəkib.
Alimlər xüsusilə şəhər uşaqlarında raxit xəstəliyinə tez-tez rast gəliblər. Bu, D vitamininin kəskin çatışmazlığı ilə əlaqələndirilir. Uşaqlar kifayət qədər günəş işığı almır, qidaları isə zəif və balanssız olurdu.
Mütəxəssislərin fikrincə, Roma şəhərlərinin təhlükəli olmasının bir neçə əsas səbəbi var. Romalılar yerli əhalinin immuniteti olmayan yeni xəstəliklər gətirmişdilər. Şəhərlərdə əhali sıxlığı və antisanitariya hökm sürürdü. Sosial bərabərsizlik dərin idi və keyfiyyətli qida ilə təmiz su əsasən elitaya çatırdı. Əhalinin böyük hissəsi isə dar və çirkli şəraitdə yaşayırdı.
Belə bir mühitdə hamamlar və su kəmərləri kimi rahatlıqlar sadə insanlar üçün real fayda vermirdi. İnsanlar hər gün çirkli hava ilə nəfəs alır, pis qidalanır və xəstəliklərə daha tez yoluxurdular. Nəticədə daimi zərər nadir faydanı üstələyirdi.
Ən vacib məqam ondan ibarətdir ki, bu şərait qısa müddətli olmayıb. Uşaqlar xəstə mühitdə böyüyür, orqanizmləri zəif inkişaf edirdi. Yetkinlik yaşına çatdıqda isə artıq zəif sağlamlıqla valideyn olurdular. Beləliklə, Roma işğalının mənfi təsirləri nəsildən-nəsilə ötürülərək əsrlər boyu davam edib.
Hazırladı:
S.ELAY
XQ

