“Xarıbülbül”ün solmayan təravəti

post-img

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı sona yetsə də, onunla bağlı xoş təəssüratlar iştirakçıları uzun müddət tərk etməyəcək. Bu gözəl bayramdan məmnun qalan sənət adamları “XQ”-yə verdikləri müsahibələrdə sevinc dolu ürək sözlərini dilə gətiriblər. 

Xalq artisti Nurəddin Mehdixanlı:

– Mayın 10-da anadan olmasının 101-ci ildönümünü qeyd etdiyimiz Ulu öndər Heydər Əliyev bütövlükdə öz öm­rünü, həyatını Azərbaycana həsr etmiş­dir. Heydər Əliyev deyəndə gözlərimiz önündə böyük azərbaycanlı, siyasi lider, dövlət xadimi, dünya miqyasında tanınan bir şəxsiyyət, Azərbaycanın müstəqilliyi­ni xilas edən bir dövlət adamının portre­ti canlanır. Bu yaxınlarda 20 illiyi tamam olan Heydər Əliyev Fondu da yarandığı gündən mədəniyyətimizin hamisi rolunda çıxış edir. Məhz bu Fondun təşkilatçılığı ilə bir daha biz azad Şuşada gözəl bir musiqi bayramına toplaşdıq. 

Əvvəlki illərdə olduğu kimi, bu festi­val da çox yüksək səviyyədə təşkil olun­muşdu. Festivalda dünyanın bir çox yer­lərindən ifaçılar çıxış etdilər. Ölkəmizdə keçirilən möhtəşəm beynəlxalq tədbirlər bir daha sübut edir ki, Azərbaycan xalqı sülhsevər, qonaqpərvər, dostluq, barış içində yaşamaq istəyən xalqdır.

Xanəndə, Əməkdar artist Ehtiram Hüseynov: 

– Azad Şuşanın, Laçının növrağı­nı görmək, hər qarışı, hər cığırı doğma olan bu yerləri gəzib-dolaşmaq, gur səslə mahnılar oxumaq mənim üçün əsl xoş­bəxtlikdir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışın­da olmaq, konsertlərdə çıxış etmək isə ikiqat fərəhlidir. İncəsənət ustalarımız və ISESCO-ya üzv ölkələrin sənətçiləri Cı­dır düzündə öz məharətlərini göstərdilər, digər yaddaqalan tədbirlər oldu. Laçın­da isə buludlar hər kəsi su aydınlığına qovuşdurdu. Mən, Aşıq Sahil Qurbanov, Murad Laçınlı, Dünyamin Əlişov və Ələk­bər Ələkbərov birlikdə mərhum Məhəb­bət Kazımovun “Laçınım” mahnısını yeni aranjimanda təqdim elədik. Bizlərə bu şəraiti yaradan Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə minnətdarıq. 

Şair-publisist İlham Qəhrəman: 

– Bir laçınlı kimi fərəh duyuram ki, bu il festivalın məkanı genişlənərək La­çın şəhərini də əhatə etdi. Mənim “La­çın folkloru” adlı kitabım var. Uşaqlıqdan üzübəri eşitdiyim lətifə, bayatı, səvələmə, bəzəmə, tapmaca, əfsanə, ağı, deyişmə və sair kimi ağız ədəbiyyatı nümunələ­rini toplayıb ipə-sapa düzmüşəm. Fes­tival günlərində sevinc-sevincə qarışdı: Şuşa şəhərinə və doğma Sus kəndimə ilk köç karvanları gəldi. Neçə-neçə ailə doğma ocağına qovuşdu. Mən Laçında səhnəyə çıxıb danışdım, işğal dövründə bu yerlərin gözəlliyindən yana-yana şeir və məqalələr yazdığımı, indi isə Laçına səyahət edib onun gözəlliklərinə heyran qalanların “Laçın nə gözəl imiş!” dediklə­rini bildirdim. Sonra Şuşanın adı ilə bağlı “Xarıbülbül” musiqi festivalının bir günü­nün Hoçazın ətəklərində keçirilməsini Şu­şanın Laçına salamı və bayram payı kimi qiymətləndirdim. 

Festival möhtəşəm oldu. Günün ilk yarısında “Sələflər və xələflər” adlı kon­sert, daha sonra isə “Aşıq mahnıları yeni səslənmədə” adlı proqram sərgilən­di. Konsertin iştirakçıları Laçında tə­biətin bir şıltaqlığının da şahidi olublar – konsertdən əvvəl yağan şıdırğı yağış konsertin başlanmasına bir neçə dəqiqə qalmış kəsdi. Əslində, bayramın Laçın­da aşıq mahnılarından ibarət proqramla sona yetməsi təsadüfi deyil. Çünki bu yerlər ta qəimdən ozan sənətinin geniş yayıldığı bir ərazidir, haqq aşığı Sarı Aşıq və piçənisli Aşıq Abbas Laçın tor­pağının yetirmələri olublar. Mən də təd­birdə Sarı Aşıqdan və özündən şeirlər səsləndirdim. Respublikanın tanınmış aşıq və müğənnilərinin iştirakı ilə keçi­rilən tədbir laçınlıların coşqu və alqışla­rıyla başa çatdı.

Əli ƏLİYEV
XQ





Mədəniyyət