Yağlı qidaların zərərinə qarşı təbii qalxan: qaragilə ekstraktı

post-img

Alimlər müəyyən ediblər ki, qaragilə ekstraktı yağlı qidalar çox qəbul edildikdə alkoqolsuz qaraciyər piylənməsinin inkişafını ləngidə bilər. Bu nəticə Huacjonq Elm və Texnologiya Universitetində aparılan araşdırmaya əsaslanır və Nutrients jurnalında dərc olunub.

Təcrübə zamanı siçanlar uzun müddət qızardılmış və bişirilmiş yeməklərdə yaranan zərərli maddələrlə zəngin qida ilə qidalandırılıb. Qaragilə ekstraktı alan heyvanlarda qaraciyərdə zərərli maddələrin yığılması azalıb, şəkər mübadiləsi və insulinə həssaslıq yaxşılaşıb.

Araşdırma, həmçinin iltihabın və qaraciyər zədələnməsinin azaldığını göstərib. Qaraciyər fermentlərinin səviyyəsi də aşağı düşüb ki, bu da orqanın vəziyyətinin yaxşılaşmasına işarədir.

Alimlərin fikrincə, bu təsirin əsas səbəbi qaragilə ekstraktının bağırsaq mikroflorasını yaxşılaşdırmasıdır. Faydalı bakteriyalar artıb və bu da qaraciyərdə iltihabın azalmasına kömək edib.

Tədqiqat hələlik yalnız heyvanlar üzərində aparılıb. İnsanlarda eyni təsirin olub-olmadığını bilmək üçün əlavə klinik araşdırmalar lazımdır. Bununla belə, qaragilə ekstraktı qaraciyər piylənməsinin qarşısının alınması üçün ümidverici vasitə hesab olunur.

Hazırladı:

S.ELAY

XQ

Sosial həyat