Trabzondan gələn “Tərəfsiz bölgə” Bakıda “Qonaq teatr”da

post-img

Sərhəd keçid məntəqəsində, neytral zonada fors-major bir hal yaşanır – vətəndaş pasportunu itirir. Həngamə də bundan sonra başlayır. Tragikomik situasiya yaranır. Neytral zonada qalmış biçarə Vasifin buradan xilas olması müşkülə dönür. İnsan haqlarının müdafiəçiləri işə cəlb olunur, beynəlxalq təşkilatların müdaxiləsi lazım gəlir. Məlum olur ki, qəhrəmanın hər iki ölkədə ailəsi varmış; iki qadın bir əri xilas etməyə çalışır. 

Söhbət görkəmli yazıçı-dramaturq, Əməkdar İn­cəsənət Xadimi Firuz Mustafanın “Tərəfsiz bölgə” ta­maşasından gedir. Pyes indiyə qədər Azərbaycanda, daha sonra Ukrayna, Rusiya teatrlarında tamaşaya qoyulub. Bu dəfə isə Türkiyənin Trabzon Sənət Teat­rı bu pyesə müraciət edib. Bir müddət bundan əvvəl tamaşa Trabzonda nümayiş etdirildi. Bu dəfə isə Trab­zon Sənət Teatrı Azərbaycan Respublikası Mədəniy­yət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində tamaşanı Bakıda göstərdi. 

1993-cü ildən fəaliyyət göstərən sənət ocağının yaradıcısı və bədii rəhbəri Necati Zengindir. Neca­ti bəy otuz ildən çoxdur ki, özünün yaratdığı teatrın yaşaması üçün fədakarlıqlar göstərməkdədir. İndiyə qədər saysız-hesabsız tamaşalar qurub, “Osmanlıdan günümüzə qədər Trabzon teatrının tarixi” adlı kitab ya­zıb. O, Qaradəniz Texniki Universitetini bitirib. Amma o, mühəndis olmaq üçün doğulmamışdı. Bir gün tale­yinə düzəliş etmək qərarına gəlir. Mühəndislik təhsili almış bir gəncin teatr sevgisi bütün maneələri dəf edir, o, Trabzonda o vaxta qədər olmayan yeni tipli bir teatr yaradır. Trabzon Sənət Teatrı fədakar bir insan sənət eşqindən yaranıb. 

Abbas Mirzə Şərifzadə adına Aktyor Evində böyük bir canlanma var. Mədəniyyət və incəsənət xadimləri gözə dəyir. Zal azğınacan dolur. Tamaşanın müəllifi Fi­ruz Mustafaya yaxınlaşıb təbrik edirəm. Firuz müəllim məni bu əfsanəvi insanla, Necati Zenginlə tanış edir. İri cüssəli, boyuna, çəkisinə rəğmən son dərəcə çevik, teatral bir insandır. Onunla beş-on dəqiqəlik ünsiyyət qarşısındakı insanda dərin təəssürat yaratmağa ki­fayət edir. İki daş arasında fotomuzu da çəkirlər. Zahiri görünüşü sözün əsl mənasında pəhləvanı xatırladır. Bəli, o, pəhləvandır, sənətin, teatrın pəhləvanı! Trab­zon Sənət Teatrı onun çiyinləri üzərində dayanır. Bu yükü tək daşımır, teatrın rejissor və aktyor heyəti də onunla çiyin-çiyinədir. 

Trabzon teatrı Bakının yağışlı bir günündə Akt­yor Evində gözəl bir performans sərgilədilər. Əvvəl­cə pyesi türk dilinə uyğunlaşdıran Abdulkadir Özkanı yada salaq. Azərbaycanı ürəkdən sevən, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaş­dıran peşəkar tərcüməçi Abdulkadir Özkan. Gənc yaşında Kahramanmaraşda baş verən zəlzələ nəti­cəsində ailə üzvləri ilə birgə həlak olan gənc yazıçı dostumuz... “Tərəfsiz bölgə”də onun da əməyi var. Tamaşanın quruluşçu rejissoru Cemre Can Avcıdır. Rolları Süleyman Sırtkaya, Lalə İsgəndəroğlu, Hak­tan Özkan, Ayşe Natır, Serkan Serbest, Kevser Nur Yılmaz, Murat Aslan, Mete Aslan, Seymen Ali Perva­noğlu canlandırırlar. 

Süleyman Sırtkaya tamaşada əsas qəhrəmanı – sənədi itmiş Vasifi oynayır. Aktyor obrazın hiss və həyəcanlarını göstərə bilir, tamaşanın lokomotivinə çevrilməyi bacarır. Tamaşada komizm ilə ciddi drama­tik səhnələr bir-birini əvəz edir və üzvi surətdə birləşir. Bu uyarlığı obrazların tərkibində, ayrı-ayrı xarakterlər­də də görmək olar. Tərəfsiz bölgədə iki arvadın ara­sında qalıb döyülən Vasif gülüş doğurur, dramaturqun subliminal mesajı səhnə təcəssümündə son dərəcə effektiv görünür. Tamaşaçı intizarla gözləyir ki, görən bu Qordi düyünü nə zaman açılacaq? Gərginlik ictimai, sosial münasibətlər fonunda davam edir, qadınlar ər­lərinin azadlığı tələbi ilə şüarlar səsləndirir, plakatlarla etiraz piketi keçirsələr də, nəticə ürəkaçan olmur. Son­da qəhrəman atrofiyaya məruz qalır; böyümək əvəzinə kiçilir, elə çamadanının üstündəcə büzüşüb yatır – ta­leyinə boyun əymək məcburiyyətində qalır. Bürokratiya divarını aşmaqda aciz qalan personajın aqibəti təəss­süf hissi doğurur. 

“Tərəfsiz bölgə” yazıçı-dramaturq Firuz Mustafanın dramaturji yaradıcılığında ekstravaqant situasiyalarla zəngin olan ən maraqlı tamaşalardan biridir. Biz Firuz müəllimlə mütəmadi olaraq görüşür, sənət söhbətləri edirik. Ümid edirəm ki, Vasifin tamaşadan sonrakı aqi­bətini bir gün mənə danışacaq. 

Kənan HACI





Mədəniyyət