“Erməni xəstəliyi” Azərbaycan ekranında

post-img

Rüstəm Babazadənin ssenaristi və rejissoru olduğu “Son payız” filmi   qrotesk, satira elementlərinin yer aldığı komediya janrında çəkilib. Söhbət   nankor qonşularımıza münasibətdə müəllifin əhvalata bir növ əyləncəli yanaşmasından gedir.  

Burada rejissor istedadla, dinamik təsvir və montaj diliylə, bütöv bir tarixi qısa xronometrajda çatdırır. Erməni əsgər Levonun (Nofəl Şahlaroğlu) dilindən nəslinin (əslində, böyük Ermənistan ideyasının) bioqrafiyasının nəqli Ravelin “Bolero” əsərinin sədalarıyla başlayır. Daha doğrusu, artıq 2020-ci ilin sentyabrında ölmüş Levonun öz dilindən əhvalatı dinləyirik. Belə bir fənddən, səhv etmirəmsə, ilk dəfə Billi Vaylder “Sanset bulvarı” filmində istifadə edib. Həmin filmdə qəhrəman kadrarxası səslə onun ölümünə səbəb olan hekayəni danışır.

Müəllif tipik erməni düşüncəsini, nankor qonşuların ərazi iddialarını, ən qədim xalq olmaları haqda yorucu, banal nağıllarını sarkastik intonasiyaya məruz qoyur, qrotesk, absurd vasitəsilə elə Levonun öz diliylə, düşdüyü vəziyyətlərlə saxta tarixi ifşa edir. 

“Son payız”da müəllifin uydurması yoxdur, burada ümumiləşdirilmiş real xarakterlər özlərinə doğru diaqnoz qoyurlar. Və bu kütləvi psixoz durumunda sağlam düşünən tək adam Levonun dayısı Rubendir (Vaqif Kərimov). Paralel montaj vasitəsilə Ruben ermənilərin siyasi iddialarına söyüşlə, qeyri-normativ leksikonla etiraz edir.  Final səhnəsi Şuşada Azərbaycan musiqisinin səslənməsi ilə bitir.

Filmdə heç bir aktyor oyunu, ifalardakı (Rumiyyə Ağayeva, Günel İmanova, Solmaz Süleymanlı, Zülfiyyə Qurbanova, Rasim Cəfər, Şəhla Əliqızı) mübaliğə saxta deyil. Titrlərdə “Müəllif bəzi personajların psixoloji vəziyyətinə görə məsuliyyət daşımır” deməklə, rejissor özünü, çox güman, ona ünvanlanacaq qınaqlardan sığortalamaq istəyib. Əslində, xüsusilə, bədii ekran əsərində hər şeyin məsuliyyətini rejissor daşıyır. Rüstəm Babazadə, yəqin ki, həm də erməni xalqının real vəziyyətindən çıxış edərək yuxarıdakı cümləni vacib sayıb. 

Bəlkə də başqa tarixi şəraitdə bu filmi müəyyən qədər tənqid də etmək olardı. Lakin siyasi gerçəkliyə, qonşularımızın bitib-tükənməyən təxribatlarına görə bunu etmirəm. Burada mənim kinotənqidçi yanaşmam yox, vətəndaşlıq mövqeyim önə çıxır və bu mövqeyimdə özümü haqlı sayıram.

Amma yenə də bir sualın müzakirəsindən qaçmamalıyıq: milli məsələlərin ekran həlli zamanı,  mövzuya universal yanaşmalıyıq, yoxsa milli düşüncədən çıxış etməliyik?

Sevda SULTANOVA,
kinoşünas

 

Mədəniyyət