“Molla Nəsrəddin” jurnalının lənkəranlı dostu

post-img

Lənkəranda “Molla Nəsrəddin” jurnalının fəal oxucusu və təəssübkeşi olmuş İman Əliyevlə şəhərin mərkəzi bağında rastlaşdıq. Sözlü adama oxşayırdı. Qollu-budaqlı dəmirağacının kölgəsində əyləşdikdən sonra əlindəki qəzeti göstərərək dedi:

– Oxudum, yazı xoşuma gəldi. “Cəlil Məmmədquluzadənin üç məktubu” məqaləsini deyirəm. Mirzə Cəlil böyük şəxsiyyət idi. Hər dəfə görüşəndə gözlərim önündə sanki böyük bir aləm açılırdı. Cəmiyyətdə baş verən bütün neqativ hallar o dahi sənətkarın qəlbini ağrıdırdı.  Deyirdi ki, ay mirzə, şüurlarda inqilab lazımdır. Nə qədər ki, köhnəlik qalıqlarını içərimizdən təmizləməmişik, cəmiyyət üçün nicat yoxdur.

İman Əliyevin vaxtı ilə Cəlil Məmmədquluzadə ilə əlaqə saxladığını və məcmuəyə ara-sıra müxtəlif səpkili yazılar göndərdiyini eşitmişdim. Bu barədə söhbət düşəndə İman müəllim gülümsündü.

– Xatirələr çoxdur, – dedi. – Hər görüş haqqında bir kitab yazmaq olar, – əlavə etdi.  

Ertəsi gün evlərində görüşdük. İman müəllimə bir neçə sualla müraciət etdik.

– Cəlil Məmmədquluzadə ilə ilk görüşünüzü necə xatırlayırsınız?

– 1926-cı il idi. Onda Lənkəran Qəza Partiya Komitəsində təlimatçı işləyirdim. “Molla Nəsrəddin” jurnalının əhali arasında yayılması və abunə yazılışına rəhbərlik mənə tapşırılmışdı. Abunə pulunun 20 faizini iki müvəkkil arasında bölüşdürürdüm. Növbəti abunə kampaniyası ərəfəsində gözlənilmədən Mirzə Cəlildən bir məktub aldım. Məni redaksiyaya çağırırdı... 

O, çoxdankı tanışlar kimi qoluma girib məni içəri apardı. Xoş-əhvaldan sonra təhsilimlə, Lənkəranda olan ictimai-siyasi vəziyyətlə maraqlandı. Sonra ayağa qalxıb əlini çiynimə qoydu.

– Yaxşı oğlana oxşayırsan, – dedi. – Amma öz aramızdır, düzgün iş görmürsən.

Qulaqlarımadək qızardım. Bir şey başa düşmədim. Mirzə Cəlil özü məni çətin vəziyyətdən qurtardı.

– Bilirsənmi, müqaviləyə görə, “Molla Nəsrəddin”in abunəsindən toplanan vəsaitin 10 faizi sənə çatmalıdır. Amma onun 5 faizini götürürsən. – Sonra gözlərimin içinə baxaraq dedi: 

– İman, belə olmaz, bala, qonorar sənin halal haqqındır, o, sənə çatmalıdır. Zəhmət çəkmisənsə, haqqını düzgün almalısan.

Mizə Cəlil mühasibi çağırtdırıb 2 il müddətinə almadığım pulları özümə qaytardı. Sonra mənə bir nəfər də qoşub Bakının görməli yerlərini gəzdirməyi ona tapşırdı. Böyük sənətkar məni qapıyadək ötürdü və tapşırdı ki, anamın yanına boş getməyim. Mən də Mirzə Cəlilin dediyi kimi elədim, anama yaylıq, corab və bir dəst paltarlıq aldım.

– Məlumdur ki, “Molla Nəsrəddin” jurnalında Lənkərandan göndərilən yazılara da geniş yer ayrılmışdır.  Siz  ən çox nədən yazmısınız?

-Ən çox mədəni-maarif sahəsində yol verilən nöqsanlardan. Mirzə Cəlillə görüşdən sonra redaksiya ilə müntəzəm əlaqə saxlayırdım. Məktublarım azacıq dəyişikliklə “Molla Nəsrəddin”də yer alırdı. Biri indi də yadımdadır. Lənkəranda rus və Azərbaycan dillərini bir-birinə qarışdırıb dərs deyən bir rus dili müəllimi haqqında məqalə yazmışdım. Az sonra “Molla Nəsrəddin”də həmin müəllimin karikaturası verilmiş və altında da yazılmışdı:

Koqda xoruz banladı,

Mı znayem səhərdir.

– Cəlil Məmmədquluzadənin Lənkərana gəlişi yadınızdadırmı? 

– Mirzə Cəlillə Lənkəranda 2 dəfə görüşüm olub. İlk dəfə 1927-ci il martın əvvəllərində görüşmüşük. Onda ədəbiyyat cəmiyyətinin nəzdində təşkil olunmuş “Canlı qəzet”in üzvləri ilə görüşdə iştirak edirdi. İkinci dəfə 1927-ci ilin sentyabrın 27-də Lənkəranda keçirilən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ikinci sessiyasında iştirakı zamanı görüşdük.    

Bakıya yolum düşəndə mütləq “Mola Nəsrəddin” məcmuəsinin yerləşdiyi binaya baş çəkir, onun naşiri və redaktoru ilə görüşürdüm.

Mirzə Cəlil hər dəfə məni görəndə səmimiyyətlə görüşər, yerli mollanəsrəddinçiləri, o cümlədən Nəsrulla Qənbərlini, Mirzə İshaq Mövsümzadəni soruşar və onlara salamını çatdırmağımı xahiş edərdi.

“Canlı qəzet” 1931-ci ilədək fəaliyyətini davam etdirdi. Cəlil Məmmədquluzadə onun bəzi tədbirlərində iştirak etmişdir.

Həmin illərdə İman Əliyevin “Kommunist”, “Yeni yol”, “Sıə tolış” (indiki “Lənkəran”) qəzetlərində də yazıları dərc olunmuşdur. 21 mart 1927-ci ildə “Kommunist” qəzeti ona belə bir vəsiqə vermişdir: “Yoldaş İman Əliyev türkcə “Kommunist” qəzetəsi tərəfindən bütün Lənkəran qəzasında abunə qəbul etməyə müvəkkil təyin olunur. Türkcə “Kommunist” qəzetəsi bütün şura firqə həmkarlar təşkilatlar və onların aşağı orqanlarından yoldaş İman Əliyevə vəzifəsinin ifasında lazımi yardım etməyi rica edir”. Gənc müxbir ona göstərilən etimaddan ruhlanaraq həmin illərdə əhalinin “Kommunist” və başqa qəzetlərə abunə yazılmasında fəallıq göstərmişdir.

 İman Həsən oğlu Əliyev 15 yanvar 1908-ci ildə Lənkəranda anadan olub. İkinci dünya müharibəsinin iştirakçısı idi. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra müəllimlik etmiş, 1963-1992-ci illərdə Hirkan qəsəbə orta məktəbinin direktoru olmuşdur. “Molla Nəsrəddin”in lənkəranlı dostu 1999-cu ildə, 91 yaşında dünyasını dəyişmişdir.

Hacı Etibar ƏHƏDOV, 
“Aşkarlıq” qəzetinin baş redaktoru

Lənkəran

 

Mədəniyyət