Şəhid Məhəmmədəlinin hünəri

post-img

Onun Qubadlı Rayon Polis Şöbəsində işləyən atası Hörmət Həsənov 1-ci Qarabağ müharibəsində iştirak edib, düşmənin işğalçılıq siyasətinin qarşısını almağa çalışanlardan olub. Evdə bu barədə söhbət düşəndə Məhəmmədəli atasının barıt qoxulu xatirələrini böyük maraqla dinləyir və qəlbində düşünürdü ki, kaş mənə də silaha sarılıb Vətəni qorumaq nəsib olaydı.  

Nəhayət, 2020-ci ildə bu, Məhəmmədəliyə qismət olub. Özü də nəinki Vətəni qoruyub, hətta şəhidlik zirvəsinə ucalıb. Oğlunun qəhrəmanlıqla şəhid olması ilə fəxr edən ata “Mənim yarımçıq qoyduğum işi oğlum layiqincə bitirdi” deyib.  

Məhəmmədəli Hörmət oğlu Həsənzadə 1999-cu il mayın 1-də Sumqayıtda anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir. 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin 1-ci sinfinə gedib  və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib. Ali məktəblərə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq menecment ixtisasına yiyələnib. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

Məhəmmədəli 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsinin iştirakçısı kimi Hadrutda ilk döyüşlərə atılıb. Ağdam, Füzuli və Xocavənd uğrunda ölüm-dirim mübarizəsində igidlik nümunələri göstərib. Düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv edib. Dəfələrlə yaralı döyüş yoldaşlarının həyatını xilas edib. 

Hadrutda onunla bərabər vuruşmuş əsgər dostu Azər Yarıyevin bu barədə dedikləri:

– Ağır döyüşlər ara vermirdi. Bir neçə nəfər ciddi yaralanmışdıq. Məhəmmədəli öz həyatını təhlükəyə ataraq bizi döyüş meydanından bir-bir çəkib çıxarmağa müvəffəq oldu. Çox qorxmaz, cəsur və mərd hərbçi idi. Mən bu gün həyatda sağ qaldığıma görə Məhəmmədəliyə borcluyam. Onun ölməz ruhu qarşısında baş əyirəm.

Gözündə zərrəcə ölüm qorxusu olmayan Vətən sevdalısı Məhəmmədəli Həsənzadə noyabrın 6-da Xocəvənd rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şuşa alınan gün – noyabrın 8-də onun nəşi Sumqayıta gətirilərək buradakı  Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə cəsur döyüşçü Həsənzadə Məhəmmədəli ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

Sağ qalsaydı, bir neçə gündən sonra 25 yaşını dostlarının əhatəsində qeyd edəcəkdi. Bu, ona qismət olmasa da, ölməz xatirəsi daim ehtiramla yad edilir. Məhəmmədəlinin atası Hörmət kişi, anası Vüsalə xanım, qardaşı Sahil kimi, bütün el-obası da onun adı ilə fəxr edir. Şəhidin Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım mərasiminə qatılanlar bunun bir daha şahidi olublar.

Əvvəlcə Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin qarşısında həmin məktəbin məzunları – 1-ci Qarabağ müharibəsi şəhidi Etibar Haqverdiyev, Qurban Məmmədov və Məhəmmədəli Həsənzadənin adına bulaq kompleksinin açılışı olub. Sonra tədbir iştirakçıları Məhəmmədəlinin başdaşından təbəssümlü şəkli boylanan məzarı üzərinə tər çiçək dəstələri qoyub, ruhuna dualar oxuyublar. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi və Qubadlı rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şair Elbrus Qayalı isə şəhidin dilindən yazdığı şeiri onun ruhuna ərməğan eləyib:

Sənə can lazımdırsa,

Verərəm can, ay Vətən!

Qoy əbədi yaşasın

Azərbaycan, ay Vətən!

Ə.ƏLİYEV
XQ

 

Sosial həyat