Şəhidimiz haqqında öncə onu deyək ki, Aqil Faiq oğlu Əliyev 1999-cu il yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005–2013-cü illərdə V. Rəhmanov adına Pələkli kənd tam orta məktəbində təhsil alıb. Vətən müharibəsinin nə vaxt başlanacağından xəbərsiz olan Aqil hələ məktəbli ikən Azərbaycan bayrağına sarılıb şəkillər çəkdirər və deyərmiş: “Mən bu bayrağı işğaldan azad edilən torpaqlarımızda da qaldıracağam”.
Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə əmisi oğlu Elman Quliyevin Ulu öndərimiz Heydər Əliyevin təltif etdiyi medalı daim sinəsində gəzdirməsi Aqili həmişə qürurlandırır, onun yurdsevər ürəyini dağa döndərirdi. Elman Aqillə hər görüşündə ona cəbhə həyatının mühüm məqamlarını izah edir, ermənilərin müvəqqəti və şərəfsiz qələbəsinin səbəblərini açıqlayırdı. Vurğulayırdı ki, onların havadarları olmasa, savaş meydanına təkbaşına çıxsalar, Qarabağı titrədən ayaqlarımız altında can verərlər. Əmisi oğlunun belə söhbətlərinin onun ürəyinə yol tapması Aqilin öz taleyini ordu həyatına bağlamasına səbəb olur.
Aqil 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub, 2 il sonra isə anası Kübradan xeyir-dua alaraq MAXE kurslarını bitirib və yenidən Vətən qulluğuna gedib. Çox böyük həvəslə peşəkar hərbçiliyə qədəm basan Pələkli gənci elə Tovuz rayonunda başlanan məlum iyul döyüşlərində verilən tapşırıqları qəhrəmancasına yerinə yetirib. Döyüş gedən relyefə yaxşı bələd olan Aqil hərbi əməliyyatlarda əks-həmlə uğurlarının başlıca qüvvələrindən biri kimi tanınıb.
Məlum Tovuz döyüşlərində cəsarətlə vuruşan Aqil şəhid Milli Qəhrəmanımız, general-mayor Polad Həşimovun nəşi qarşısında and içir ki, onun qisasını alacaq. Sonra Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılaraq heyrətamiz şücaət və cəsurluq nümunələri göstərir.
...Aqil evin sonbeşiyi olduğu üçün böyük bacısı ilə çox yaxın olub. Ona görə də o hər sirrini, arzusunu bacısı ilə bölüşüb. Elə şəhadətə ucalacağının ürəyinə damdığını da ona deyibmiş. Şəhid hərbçimiz son dəfə anası ilə danışanda ondan səhhətindən muğayat olmasını xahiş edib. Anasına deyə bilmədiyi sözləri isə sətir-sətir, bənd-bənd şeirlərə həkk edib.
Aqilgilin atası erkən vəfat etdiyi üçün ailənin ağırlığını anası daşıyıb. Əliyevlər nəslinin Elmandan sonra şəxsi mərdanəlik tarixinin bir uca zirvəsini də Aqil fəth edib. Onun igidlikləri nəslin şərəf və qürurunu daha da artırıb.
Böyük strateji əhəmiyyət daşıyan Suqovuşanın azad edilməsində Aqilin təmsil etdiyi bölük fərqli döyüş göstəriciləri ilə seçildi. Evlə rabitə əlaqəsi yaratmaq imkanı az olurdu. Anasının narahat olduğunu bildiyindən, onunla qısaca da olsa, danışmaq üçün fürsət gəzirdi. Qardaşı Orxan deyir ki, imkan düşən kimi anama şad xəbər çatdırırdı: “Anacan, gözün aydın! Düşmən gün keçdikcə daha çox can verir. Erməni təkbaşına döyüşə bilmir. Günbəgün torpaqlarımızı işğaldan – murdar erməni nəfəsindən azad edirik. Heç narahat olma. Biz çox güclüyük”.
Aqilin digər qardaşı Araz o günləri belə xatırlayır: “Qardaşımın zəng edəndə dediyi inamlı sözləri anamın narahatlığını bir az azaltsa da, nigarançılığı qalırdı. Televiziyada operativ döyüş məlumatlarını izləyir, dövlət başçımızın xarici jurnalistlərə verdiyi müsahibələrlə toxtaqlıq tapırdı. Və inanırdı ki, qələbə bizimlə olacaq və Aqil qəhrəman kimi üzüağ, başı dik kəndə dönəcək. Qardaşım döndü, amma çox sevdiyi Bayrağa bükülü tabutda qarşıladıq onu”...
Tərtər rayonunun Talış kəndi uğrunda döyüşlərdə Aqilgilin bölüyü yüksək peşəkarlıq və inamla vuruşur, hər həmlədə yeni qəhrəmanlıq nümayiş etdirirdi. Oktyabrın 3-də Talış kəndi azad nəfəs aldı. Aqil Suqovuşan uğrunda gedən döyüşlərdə də xüsusi şücaət göstərib. Oktyabrın 15-də ölüm-dirim savaşında şəhidlik məqamına ucalıb...
Şəhidliyi ilə ailəsinə, nəslinə, kəndinə üzağlığı, başucalığı gətirən Aqil Əliyev doğulduğu Pələkli kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Aqil Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Zərifə HÜSEYNOVA
XQ