“İgid əsgər, möhkəm dayan”dı və əbədiyyətə qovuşdu

post-img

Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhidliyinin  ildönümündə “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri şəhidin ailəsi ilə birlikdə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında onun məzarını ziyarət edib, ruhuna  ehtiramlarını bildiriblər.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Cehun Bayramov qeyd edib ki, bu gün şəhid məzarları önündə qürurla dayanırıq. Çünki Vətən müharibəsində qələbə qazanmaqla 90-cı illərdə şəhid olan oğulların da qisasını almışııq. Milli Qəhrəman Yusif Mirzəyevin uğrunda canından keçdiyi Ağdərə rayonu da artıq azaddır. Bu gün onun ruhu şaddır. Çünki onun kimi oğulların rəşadəti sayəsində Vətənin işğaldan azad olunmuş torpaqlarında Azərbaycan bayrağı dalğalanır. 

Yusif Mirzəyev 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. Orta məktəbi Naxçıvan şəhərində oxuyub. Ali təhsilini Bakıda aldığı illərdə xalq hərəkatına qoşulub. 1990-cı il 20 Yanvar faciəsi zamanı rus ordusunun əsgərləri ona ağır işgəncələr veriblər.  O, 1991-ci ilin sonlarında sakit həyatla vidalaşıb və könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Yusif Mirzəyevin ilk döyüşü Ağdərə–Goranboy istiqamətində olub. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilib. Komandanlıq onun belə cəsur əsgər olduğunu görərək onu briqada komandirinin təchizat üzrə müavini vəzifəsinə təyin edib.

Y. Mirzəyev 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edirdi. Ağdərədə 17 kəndin alınmasında isə onun müstəsna xidmətləri olmuşdur. O, döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində heç bir itki vermədən döyüşçüləri mühasirədən çıxarır. Vətənsevər oğul 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub.

Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Naxçıvan şəhər Şəhidlər xiyabanında dəfn edilib. Buradakı  məktəblərdən biri və Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəb qəhrəmanın adını daşıyır, təhsil ocağının qarşısında büstü qoyulub. 

Şəhidin qohumları onun adının daim ehtiramla yad olunduğuna və anım tədbirinin təşkilinə görə minnətdarlıq ediblər. 

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

 

Sosial həyat