Sərrast atəşli topçu

post-img

Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Nağıyevin 50 yaşı tamam oldu.  Bu münasibətlə Masallı rayonunda şəhidin adını daşıyan 2 saylı Boradigah qəsəbə tam orta məktəbində anım mərasimi keçirilib.  

Rayon rəsmilərinin, şəhid ailələrinin, ağsaqqal və ziyalıların, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş igidlərin əziz xatirəsi böyük ehtiramla anılıb. Sonra İnqilab Nağıyevin qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb. Çıxışçılar onun yurdsevərliyindən, döyüşçü bacarığından söhbət açıb, xatirələrini bölüşüblər. Qeyd olunub ki, Ağdərənin Çərəkdar kəndinin müdafiəsi zamanı qeyri-bərabər döyüşdə yaralanaraq həyata əlvida demiş İnqilabın ruhu şaddır. Çünki 31 il əvvəl işğal olunmuş bu kənd də ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı separatçı erməni xuntasının nəzarətindən alınaraq azad olunmuş digər ərazilərimizə qatılıb.

Mərasimdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, nəğmələr səslənib, ədəbi-bədii kompozisiya nümayiş olunub. Sonda şəhidin məzarı ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub.

Məlumat üçün bildirək ki, qəhrəman Vətən sevdalısı İnqilab Şahbala oğlu Nağıyev 1974-cü ildə Masallıda dünyaya göz açıb. Boradigahdakı N. Gəncəvi adına 1 saylı orta məktəbin 8-ci sinfini, sonra 137 nömrəli Masallı Texniki-Peşə Məktəbini bitirib. Həqiqi əsgəri xidməti zamanı bir müddət Lənkəran topçu alayında təlim keçdikdən sonra Qarabağ bölgəsindəki qızğın döyüşlərə qatılıb.  Laçın, Kəlbəcər, Ağdərə rayonlarının müdafiəsi zamanı düşmənin canlı qüvvəsi və texnikasının məhv etməklə heç zaman unudulmayacaq bir tarix yazıb. 

Cəsur topçu İnqilab Nağıyev 1993-cü il mart ayının 27-də, 19 yaşında ikən şəhidlik zirvəsinə ucalıb. Doğma Boradigah qəsəbəsində canından artıq sevdiyi torpağa tapşırılıb.

Zəfər ORUCOĞLU, 
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

 

Sosial həyat