Azərbaycan beynəlxalq elmi konfransda təmsil olunub

post-img

Özbəkistan Nəqliyyat Nazirliyinin Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə təşkil etdiyi “Türk dövlətlərinin qarşılıqlı faydalı inteqrasiyası – davamlı inkişafın təminatı” adlı beynəlxalq elmi konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.

Konfransı giriş sözü ilə açan universitetinin elmi işlər üzrə prorektoru, professor Said Şaomarov son zamanlar Türk dünyasında həyata keçirilən birlik və bərabərliklə bağlı əməli işlərin tarixən eyni kökə malik xalqlar, dövlətlər arasında gələcək üçün ən vacib addımlardan olduğunu vurğulayıb.

Özbəkistan Xarici İşlər Nazirliyinin Xarici Təşkilatlarla Əməkdaşlıq idarəsinin birinci katibi Babur Taqayev dövlətin xarici siyasətində türkdilli dövlətlərlə münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayaraq sözügedən məsələnin dövlət siyasətində prioritet olduğunu qeyd edib.

Türkiyənin Özbəkistandakı səfirinin təhsil məsələləri üzrə müşaviri Əbubəkir Aydın öz çıxışında türk xalqlarının tarixi birliyinin müasir türk dövlətləri üçün örnək olmasını, böyük türk ziyalısı, müasir türk birliyi ideologiyasının banisi İsmayıl Qaspıralının da söylədiyi kimi, “Dildə, fikirdə, əməldə birlik” tezisinin əsas  götürülməsinin vacib olduğunu vurğulayıb.

AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə onlayn formatda Türk dövlətləri arasında ən vacib məsələlərdən birinin məhz ideoloji istiqamət olmasını və bunun əsasında digər sahələrdə də birliyin yaradılmasının vacibliyini bildirib.

Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin rəis müavini Əzəmət Toşov çoxmillətli bir dövlət olan Özbəkistanın  bütün xalqlara qarşı tolerant münasibət bəslədiyini vurğulayaraq burada yaşayan türkdilli xalqların ölkənin tarixində xüsusi rol oynadığını qeyd edib.

AMM-nin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Türkdilli dövlətlər arasında əsas maneələrdən birinin ortaq dil məsələsinin olduğunu, təhsil, elm sahələrində əlaqələrin daha da yaxşılaşdırılmasının, ali təhsil ocaqlarında qarşılıqlı tələbə, müəllim mübadiləsinin vacibliyini önə sürüb. AMM-nin Azərbaycan-Özbəkistan elmi, ədəbi-mədəni əlaqələrinin inkişafı istiqamətində bir çox layihələr həyata keçirdiyini  bildirib. 

Daşkənd Dövlət İqtisadiyyat Universitetinin professoru İsmayıl Saifnazarov,  Kanadanın British Kolumbiya Universitetinin professoru Dilsora Kamil, Beynəlxalq Türk Akademiyasının əməkdaşı, professor Əbülfəz Süleymanlı, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Dursin Habitov, Qırğızıstandan Oş Dövlət Universitetinin professoru Asilbek Eşiyev və başqaları Türk birliyinin dövlətlərimizin inkişafı, gələcək nəsillərimizin istiqrarı üçün vacibliyindən söz açıblar.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       







Mədəniyyət