Brüssel görüşü: ABŞ və Aİ ədalətin, yoxsa ədavətin tərəfindədir?

post-img

Azərbaycan yeni gərginliyə meydan açacaq sövdələşmənin dayandırılmasını gözləyir

Dünya çox qarışıqdır. Dünən müttəfiq olanlar bu gün rəqiblər kimi üz-üzə dayanıblar. Yaxın tarixin ibrətamiz dərslərindən nəticə çıxarmayan böyük dövlətlər və onlara sığınan kiçik ölkələr  müxtəlif ittifaqlarda, yaxud pərdəarxası formatlarda sövdələşərək, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sisteminə birləşdirici yox, ayırıcı xətlər gətirirlər. ABŞ və Avropa İttifaqının Cənubi Qafqaz regionuna yönəlmiş siyasəti belə deməyə əsas verir ki, Qərb regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini özlərinin sonu bilinməyən geosiyasi maraqlarına qurban verməyə hazırdır.

Azərbaycanın “soyuq savaş”ın bitməsindən sonra beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından birinə çevrilməsi danılmaz faktdır. Əlverişli siyasi mövqeyi və zəngin karbohidrogen resurslarına malik olması, ən əsası, müasir dünyanın demokratik dəyərlərinə sadiqlik nümayiş etdirməsi ölkəmizi geosiyasi və geoiqtisadi baxımdan çəkili, regionun lider dövlətinə çevirib. Bu reallığı hazırda böyük dövlətlərdə də qəbul edirlər. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək Brüssel görüşü ilə bağlı ölkəmizin ciddi narahatlığını və narazılığını nəzərə alaraq Ağ Evin mövqelərini izah etməyə çalışması bu gerçəkliyi bir daha təsdiqlədi. Birləşmiş Ştatlarının çağdaş xarici siyasətini müəyyən edən  baş diplomat cənab Blinkenin Azərbaycan liderinə zəng edib Bakının narahatlığını cavablandırması, ölkəmizin mövqeyini öyrənməsi və ikitərəfli, eyni zamanda, regional əhəmiyyətli məsələləri müzakirə etməsi Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.

Təbii ki, Azərbaycan xoş məramı, əməkdaşlığı həmişə dəyərləndirir və qarşılıqlı faydalı əlaqələrin inkişafına təsir göstərən istənilən addımları dəstəkləyir. Qərbin ermənilərin 30 illik işğalına göz yummasına baxmayaraq Bakı bütün bu ikili standartları, riyakar mövqeləri dünəndə qoyub sabaha boylanmağın vacibliyini önə çəkir. Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərləri qabartmadan sülhə, təhlükəsiz gələcək naminə regional əməkdaşlığa hazır olduğunu bildirir.

Azərbaycan düşmənçilik səhifəsini bağlayıb region xalqlarının rifahına xidmət edəcək davamlı sülhün əldə edilməsinin strateji vəzifəsi olduğunu dönə-dönə açıqlayıb. Ancaq Bakının yürütdüyü xoşniyyətli siyasətin müqabilində Qərb, xüsusən Fransa Cənubi Qafqaz regionunda yeni forpost yaradılmasının ssenarisini reallaşdırmağa çalışır. 

Ssenaridə yeni heç nə yoxdur: məzmun eynidir, sadəcə, müəlliflər başqadır. Bu ssenaridə də qurban Ermənistandır, yeniliksə ancaq ondan ibarətdir ki, bu dəfə İrəvan tamamilə Qərbin ağuşuna çəkilir. 30 il ərzində regionda Rusiyanın forpostu olan Ermənistan, indi də Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir. Etibarlı mənbələrdən alınan məlumata görə, aprelin 5-də Antoni Blinken, Ursula Fon der Lyayen və Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdə İrəvana siyasi, iqtisadi, hərbi və humanitar yardım planının təsdiqlənməsi planlaşdırılır. Məlumatlara görə, Ermənistanla MDB ölkələrinə qarşı misli görünməmiş əməkdaşlığın razılaşdırılması gözlənilir. 

İmza tanış gəlir, elə deyilmi? Belə planlar Ukrayna üçün də hazırlanmışdı. Rusiyanın Ukrayna ilə bağlı “qırmızı xətti”ni tanımayan və sonda 2 ildən çoxdur ki, davam edən, qanlı qarşıdurmaya gətirib çıxaran belə planların hansı məqsədlərə xidmət etdiyini hamı çox yaxşı bilir. İndi hədəfdə bizim regiondur? Qərb Cənubi Qafqaz regionunu elan edilməmiş III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsinəmi çevirmək istəyir?

Heç kimə sirr deyil ki, 2020-ci ilin sentyabrın 27-dək regionda mövcud status- kvo Qərbi və digər dövlətləri qane edirdi. Belə vəziyyət yalnız Azərbaycanın və Türkiyənin maraqlarına cavab vermirdi. Ermənipərəst dövlətləri Azərbaycan torpaqlarının işğalının davam etməsi və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenarinin qüvvədə olması razı salırdı. Bu məkrli oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. 30 illik erməni işğalına Vətən müharibəsi ilə son qoyan Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıq və status-kvo yaratdı. Bu reallıqla barışmayan Ermənistan və onun havadarları indi müxtəlif avantüralara əl atırlar. 5 aprel görüşünü də məhz bu prizmadan qiymətləndirmək lazımdır.

Belə bir görüşün keçirilməsi barədə məlumatın açıqlanmasından sonra Azərbaycan məsələ ilə bağlı narazılığını bəyan etdi. Bakı qəti surətdə xəbərdarlıq etdi ki, Aİ və ABŞ-ın Ermənistanın iştirakı ilə üçtərəfli konfrans keçirməyi planlaşdırması açıq-aydın birtərəfli və qərəzlidir və ikili standartlara əsaslanır. Bu, erməni tərəfini sülh danışıqları aparmağa sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və təsir dairələri yaradır. Bakı açıq şəkildə bildirdi ki, Aİ və ABŞ Ermənistanın mümkün sabitliyi pozan hərəkətlərinə görə məsuliyyəti bölüşəcəklər. 

Dünən ABŞ Dövlət katibinin Prezident İlham Əliyevə zəng etməsi onu göstərdi ki, okeanın o tayında Bakının narazılığı narahatlığa səbəb olub. Buna görə də cənab Blinken dövlət başçımızla telefon danışığında bildirib ki, o, aprelin 5-də keçiriləcək üçtərəfli görüşlə bağlı Azərbaycan tərəfinin narahatlığından xəbərdardır. Bununla bağlı o, Azərbaycan lideri ilə danışmağı və bu məsələyə aydınlıq gətirməyi vacib sayıb. A.Blinken iddia edib ki, qarşıdan gələn görüşün mahiyyəti Ermənistanın iqtisadi inkişafı məsələləri olacaq, “anti-Azərbaycan mahiyyəti daşımayacaq”. 

Ancaq Prezident İlham Əliyevin Dövlət katibinin nəzərinə Bakının Brüssel görüşü ilə bağlı əldə etdiyi əks-arqumentləri çatdırması belə deməyə əsas verir ki, Vaşinqtonun izahatı o qədər də yetərli deyil. Prezident İlham Əliyev cənab Blinkenin diqqətinə çatdırıb ki, onda olan məlumata görə, “üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər” də müzakirə olunub. 

Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən, Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Bununla da Bakı görüş iştirakçılarına xəbərdarlıq edib ki, anti-Azərbaycan xarakterli görüşün ləğv olunması sülh prosesinə töhfə olardı. Əks təqdirdə, regionda bölücü xəttin dərinləşməsi qaçılmaz olacaq, vəziyyət yenidən gərginləşəcək.

Nəhayət, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bakının postmüharibə siyasətinin də regionda yalnız birləşdirici xəttlərin artmasına yönəlib. Ermənistanı ikinci Ukraynaya və Suriyaya çevirmək istəyən Qərb anlamalıdır ki, Azərbaycan heç bir halda Ermənistanın yenidən baş qaldırmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Güclü Azərbaycan kimsədən qorxmur, çünki ədalət ölkəmizin tərəfindədir. Qərb də möhkəm regional sülh istəyirsə, ədavətin yox, ədalətin yanında olmalıdır. 

M.SƏBUHİ
XQ

 

Siyasət