Ədəbiyyatlar qovuşduqca zənginləşir

post-img

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan Ədəbiyyat Fondunun və Ümumdünya Yazıçılar Təşkilatının (ÜYT) birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusunda dinləmə keçirilib.

Ümumdünya Yazıçılar Təşkilatının sədri, şair Marqarita Alın məruzəçi oldu­ğu tədbiri Ədəbiyyat Fondunun baş direk­toru, AYB İdarə heyətinin üzvü Varis Yol­çiyev açaraq beynəlxalq ictimai təsisatın yaranma zərurətindən, məqsəd və mə­ramından danışdı. AYB-nin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu və AYB-nin sədr müavini Rəşad Məcid ədə­biyyatın birləşdiricilik missiyasından və yaradıcı qurumların inteqrasiyasının ədə­biyyatları daha da zənginləşdirməsindən bəhs etdilər.

İştirakçıları Beynəlxalq Ana dili Günü münasibətilə təbrik edən məruzə­çi Marqarita Al əvvəlcə rəhbərlik etdiyi təşkilatın yaradılması ideyasından söz açdı. O, qələm sahiblərinin səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsinin dünyada sa­bitliyin qorunmasında mədəni-mənəvi dəyərlərin həlledici rolunu təmin etdiyini dedi və Azərbaycanın ÜYT üçün xüsusi statuslu bir ölkə olduğunu vurğuladı. Belə ki, məhz bizim ölkəmiz Ümumdünya Ya­zıçılar Təşkilatının yaranması ideyasının beşiyi sayılır. 2019-cu il oktyabrın 1-də BMT-nin patronajlığı altında Avrasiya Millətlər Assambleyasının və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Bakıda dünyanın 52 ölkəsinin iştirakı ilə keçirilən 3-cü “LiFFt” festivallar festivalı zamanı Marqarita Al və dünyaşöhrət­li qazax yazarı Oljas Süleymenov belə bir böyük miqyaslı ədəbiyyat təşkilatının yaranması zərurətini səsləndiriblər. Son­radan, 2023-cü il fevralın 2-də Qahirədə dünyanın 17 ölkəsinin nümayəndələri Ümumdünya Yazıçılar Təşkilatının Me­morandumunu imzalayıblar. Təşəkkül tarixindən etibarən ÜYT xəttilə bir sıra layihələr həyata keçirilib.

Sonra ÜYT-çilərin həmməsləkçisi, UNESCO-nun xoşməramlı səfiri, şair Aleksandra Oçirovanın bəyannaməsi və qurumun deklorasiyası oxundu. “Azər­baycan ədəbiyyatının dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusun­da söhbət davam etdi. Yaxın zamanlarda üzv ölkələrin yazarları arasında poeziya və nəsr müsabiqəsinin təşkil ediləcəyi, qaliblərin əsərlərinin 4 dildə almanax kimi nəşr ediləcəyi bildirildi. 

ÜYT-in sədri Marqarita Al “XQ”yə eksklüziv müsahibə verərək dedi:

– Hazırda bu təşkilatda 69 ölkənin yazarları təmsil olunurlar. Ümumdünya Yazıçılar Təşkilatı rəhbərliyi 4 gündür ki, Bakıdadır. Səfərdə məqsəd Azərbaycan ədibləri ilə əməkdaşlıq əlaqələrinin qu­rulması, dünya mədəni əlaqələrinin yeni dinamik inkişafında Azərbaycan mədə­niyyətinin rolunun artırılması, eyni za­manda, sizin yazıçıların dünyanın böyük ədəbiyyat platformalarına çıxışının təmin edilməsidir.

Bu il 4–6 aprel tarixlərində Nigeriyanın paytaxtı Abudja şəhərində Ümumdünya Yazıçılar Təşkilatının “Biz eyni planetin insanlarıyıq” adı altında 1-ci Konqresi keçiriləcək. Əsas məqsəd UNESCO-nun XXV Ümumdünya Poeziya Gününü qeyd etmək, 7-ci “LiFFt” Festivallar Festivalını keçirmək, “Humanitar modernləşmənin müasir problemləri” Ümumdünya mədə­niyyət-təhsil Avrasiya–Afrika innovativ biznes forumlarını təşkil etməkdir. 

Ümumdünya Yazıçılar Təşkilatının 1-ci Konqresinin tərəfdaşı PAWA Panafri­ka Yazıçılar Assosiasiyasıdır. 6-cı “LiFFt” Festivallar Festivalının qızıl laureatı Ueyl Okidiran, Nobel mükafatı laureatı Vole Şoyinka Konqresin Nigeriya üzrə simala­rı olacaqlar. Azərbaycanın da orada təm­sil olunması nəzərdə tutulur.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət