Milli şərqşünaslığımız elmi nəşrlərdə

post-img

AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Jurnalın bu sayı görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olu­nub. “Zərifə Əliyeva – 100” bölməsində AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direk­toru akademik Gövhər Baxşəliyevanın “Görkəmli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevanın 100 illiyinə it­hafən” adlı məqaləsi, eləcə də Şərqşü­naslıq İnstitutunda akademik Zərifə Əli­yevanın anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans, "Zərifliyə ithafən" adlı sərgi, eləcə də konfransın tezislər kitabı barədə məlu­mat təqdim edilib.

“Türkiyə Cümhuriyyəti-100” böl­məsində “Əbədi sarsılmaz dostluq və qardaşlıq”, “Türkiyə Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə”, “Cümhuriyyətin 100-cü ilində Milli qurtu­luş savaşına baxış”, “Atatürk, Cümhuriy­yət, elm və texnologiya”, “Cümhuriyyətin ilk illərində Türk-Azərbaycan ədəbi və elmi əlaqələri”, “AMEA-nın Şərqşünas­lıq İnstitutunda Türkiyənin Cümhuriyyət dövrü ilə bağlı aparılan tədqiqatlara dair” kimi məqalələr, eləcə də Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar institutda keçirilən beynəlxalq konfrans, tədbir və görüşlər barədə xəbərlər yer alıb.

Jurnalda “Türkiyə cəmiyyətinin mo­dernləşməsi və avropalaşması prosesinə tarixi baxış”, “Həsən Məcidzadə Sava­lanın “Apardı sellər Saranı” poeması ilə Xəlil Rza Ulutürkün eyni adlı poeması arasındakı eyniliklər və fərqliliklər”, “Türk və qaqauz dillərində “vətən” konsepti”, “Azərbaycan şərqşünaslığında gen­der probleminə dair araşdırmalar” kimi məqalələr oxucuların diqqətinə çatdırı­lır. Türkiyədə elmi ezamiyyətdə olmuş institutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “İstanbul xatirələrim” yazı­sı, institutda çap olunmuş kitablar, keçi­rilən konfrans, tədbir və görüşlər barədə xəbərlərlə tanış olmaq olar. 

***

Türkiyədə nəşr olunan "Orta Doğu ve Orta Asya-Kafkaslar Araştırma ve Uygulama Merkezi Dergisi”ndə isə şərqşünas alim Təranə Həşimovanın "Azərbaycan və özbək türklərinə aid dastanlarda qadın obrazlarının özəl­likləri" adlı məqaləsi dərc olunub.

İnstitutun Mərkəzi Asiya ölkələri şö­bəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru olan müəllif söz açdığı dastanlarda türk xalqlarının əxlaqını, psixologiyasını, adət-ənənələrini, mil­li-mədəni xüsusiyyətlərini, mübarizə ta­rixini, düşüncə tərzini geniş araşdırıb. Dastanlarda təsvir olunan obrazlar qadı­nın cəmiyyətdəki yerinin və dəyərinin tim­salıdır. Məqalədə Azərbaycan və özbək qadın obrazlarının oxşar xüsusiyyətlərin­dən də bəhs edilir. 

XQ



Mədəniyyət