“Arşın mal alan” operettası Ankarada

post-img

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrında yeni quruluşda səhnəyə qoyulub. Əsəri tamaşaya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev hazırlayıb. 

Hafiz Quliyev indiyədək milli opera­mızın səhnəsində Üzeyir bəyin “Arşın mal alan” operettası ilə bərabər, “Ley­li və Məcnun”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Fikrət Əmi­rovun “Sevil”, Cahangir Cahangirovun “Xanəndənin taleyi”, Süleyman Ələs­gərovun “Solğun çiçəklər”, Şəfiqə Axun­dovanın “Gəlin qayası”, Ramiz Mus­tafayevin “Vaqif”, Firəngiz Əlizadənin “İntizar”, Nazim Əliverdibəyovun “Cırt­dan”, Murad Kajlayevin “Valida” və digər əsərlərə səhnə həyatı verib. Beynəlxalq festivalların iştirakçısıdır. Mədəniyyət və İncəsənət Universitetində rejissor və ak­tyor sənətindən, Milli Konservatoriyada opera sənətindən dərs deyir, dosentdir.

Qeyd edək ki, “Arşın mal alan” dün­yanın 90 ölkəsində səhnələşdirilib. 111 ildir ki, bu əsər səhnələrdən düşmür. Təkcə Hafiz Quliyev dahi bəstəkarın əsərlərini Çin, Belarus, Bolqarıstan və digər ölkələrin teatrlarında da səh­nələşdirib. Müxtəlif dilə, adət-ənənəyə, düşüncəyə, psixologiyaya malik mil­lətlərə Üzeyir bəyin əsərlərini sevdirə bilib. “Arşın mal alan”a gəlincə isə, bu operetta Ankara səhnəsində ilk dəfə 1985-ci ildə nümayiş etdirilib. Bunun ardından 2003-cü ildə teatr rəhbərinin müavini Bülənt Ateşoğlunun layihəsi əsasında Hafiz Quliyevin quruluşunda əsər yenidən səhnəyə qoyulub. 2013-cü ildə onun rejissorluğu ilə həmin teatr bir daha məşhur operettaya müraciət edib. Ümumiyyətlə isə həmyerlimiz “Arşın mal alan” operettasını qardaş Türkiyənin müxtəlif şəhərlərində 6 dəfə səhnələşdirib. Hər dəfə olduğu kimi, builki premyera da uğurlu olub. 

– Ötən ilin dekabr ayında yenidən məşqlərimizə başladıq və hazırlıqları­mız normal keçdi, – deyə Hafiz Quliyev bildirib. – Bu dəfə tamaşanın orkestr rəhbəri Rüstəm Rahmedov idi. Tamaşa bu ay daha bir neçə dəfə oynanılacaq və artıq bütün biletləri satılıb. Bu da bir əsr keçməsinə baxmayaraq insanların dahi Üzeyir Hacıbəyli və dünyaca məş­hur “Arşın mal alan” əsərinə olan ma­rağının ən böyük göstəricisidir. Məsələ burasındadır ki, Üzeyir bəy Azərbayca­nın işıqlı ruhunu bu əsərinə köçürə bi­lib. Onun əsərləri çox parlaq musiqisi və maraqlı librettosu ilə hər zaman diqqət çəkib. 

Tanınmış rejissor daha sonra dedi ki, türk və Azərbaycan dillərinin çox yaxın olmasına baxmayaraq, Türkiyə türklərinin əsəri tam başa düşmələri üçün yeni mətnin yazılmasına qərar ve­rilib və mətn hər iki dildə istifadə edilən sözlərin əsasında hazırlanıb. Beləliklə, təxminən 70 faizi Azərbaycan dilindən ibarət bir libretto ilə yenidən Türkiyə ta­maşaçısına təqdim olunub. 

Səhnə əsərində Əsgər obrazını An­kara Dövlət Opera və Balet Teatrının solisti və Türkiyənin Hacettepe Univer­siteti Dövlət Konservatoriyasının müəl­limi, əsərin mətn üzrə redaktoru Şenol Talınlı ifa edib. Aktyor bildirib ki, 2003-cü ildən etibarən 3 il səhnəyə qoyulan və xalqın çox böyük marağına səbəb olan bu əsərə bilet tapmaq mümkün deyildi. Sevinirik ki, indi də eyni vəziy­yət yarandı. 

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət