Tanınmış jurnalist, fədakar türkoloq, məhsuldar tərcüməçi

post-img

Ramiz Əskər – 70

Azərbaycanın tanınmış ədəbiyyatşünası və publisisti, BDU-nun professoru, Əməkdar jurnalist Ramiz Əskərin bu gün 70 yaşı tamam olur. Bu ad ölkəmizin və türkdilli xalqların elmi, əbəbi-bədii və ictimai fikrinə uzun illərdir ki, ortaq ədəbi-mədəni dəyərlərin cəfakeş tədqiqatçısı və təbliğçisi kimi yaxşı tanışdır. 40 ildən çoxdur ki, yurdsevər ziyalı, jurnalistika və türkologiya sahəsində seçilən qələm sahibi olaraq yaxından ünsiyyətdə olduğum Ramiz Əskərin çoxşaxəli yaradıcılığı bir-biri ilə sıx bağlı olan 3 əsas fəaliyyəti əhatə edir: jurnalist, alim, tərcüməçi. 

Ordan başlayaq ki, ümummilli lideri­miz Heydər Əliyev ötən əsrin 70-ci illərin­dən etibarən minlərlə gənci Azərbaycan­dan kənarda ali təhsil almağa göndərir, onların yüksək ixtisaslı kadrlar kimi yetiş­məsi, sonra qayıdıb ölkəmizin inkişafına daha yaxşı kömək etməsinə çalışırdı. Ramiz də onlardan biri idi. 1954-cü il yan­varın 10-da Qərbi Azərbaycanın Gümrü mahalının (Amasiya rayonu) Qaraçanta kəndində anadan olmuş, orta məktəbi qızıl medalla bitirmiş gənc soydaşımız 1973-cü ildə xüsusi qaydada imtahan verərək Bakı Dövlət Universitetinin jur­nalistika fakültəsinə qəbul olunmuşdu. Burada da əla qiymətlərlə oxuyan Ramiz üçüncü kursdan keçmiş SSRİ-nin ən yük­sək, dünyanı nisə tanınmış ali məktəblə­rindən olan Moskva Dövlət Universiteti­nin jurnalistika fakültəsinə göndərilmişdi. O, 1978-ci ildə təhsilini başa vuraraq Ba­kıya qayıtmışdı.

Ramiz Əskər ilk illərdə Azərbaycan Radiosunun xarici verilişlər redaksiya­sında, müxtəlif mətbuat orqanlarında işləyib. Bu dövrdə o, istedadlı və ça­lışqan jurnalist olduğunu Azərbaycan türk, ərəb, fars, ingilis, fransız və alman dillərində nəşr olunan “Azərbaycan bu gün” jurnalının, kiril, latın və ərəb əlif­baları ilə çıxan “Odlar yurdu” qəzetinin buraxılışına rəhbərliyi yüksək səviyyədə gerçəkləşdirməklə sübut edib. Az vaxtda vətənpərvərlik tribunasına çevrilmiş bu nəşr sovet epoxasının son illərində mil­li azadlıq hərəkatının genişlənməsində, milli şüurun oyanmasında söz məşəlinə çevrilmişdi. Onun səhifələrində Azərbay­can Xalq Cümhuriyyətinin qurucuları, parlamenti, dövlət atributları, gerbi, bay­rağı, himni, pulu və s. haqqında o vaxta­dək xalqdan gizli saxlanmış silsilə yazılar verilmişdi. 

Yetkin jurnalist fəaliyyəti ilə Dünya azərbaycanlıları və türk xalqları arasında imzasını tanıda bilmiş Ramiz Əskər son­rakı illərdə “Hürriyet” qəzetinin (İstanbul) və Uluslararası Xəbər Ajansının (Ankara) Azərbaycan üzrə xüsusi müxbiri olub. “XXI əsr” və “Meydan” qəzetlərində iş­ləyib, “Xalq qəzeti”ndə redaktor müavini vəzifəsində çalışıb, Azərbaycan Jurna­listlər Birliyinin katibi seçilib. 

2003-cü ildən Ramiz Əskər media fəaliyyətini dayandırmadan elm və ali təhsil sahəsinə keçib, Bakı Dövlət Uni­versitetinin türkologiya kafedrasında işləyib. O, ilk illərdə Azərbaycan və rus dillərində “Türk mədəniyyət tarixi”, “Tür­kologiyanın əsasları”, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu bilig”, “Manas” mövzu və mənbələri üzrə xüsusi kurslar aparıb, elmi iş üzərində çalışıb. Ramiz müəllim 2007–2012-ci illərdə BDU filologiya fakültəsi bədii tər­cümə elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2012-ci ildə türk xalqları ədəbiyyatı, 2017-ci ildə türkologiya kafe­deralarının müdiri seçilib. 2023-cü ildən türkoloji araşdırmalar elmi-tədqiqat labo­ratoriyasının müdiridir. Filologiya elmləri doktoru, BDU-nun professorudur.

BDU-da çalışdığı dövrdə Ramiz Əs­kər 28 orijinal kitab, monoqrafiya, tədris vəsaiti və proqram yazıb, 300-dən artıq elmi məqalə qələmə alıb. Bu nəşrlər ara­sında “Mahmud Kaşğari və onun “Divanü lüğat-it-türk” əsəri”, “Dahi türk dilçisi Mah­mud Kaşğari”, “Qutadğu bilig”, “Orxon abidələri”, “Türk xalqları ədəbiyyatı”, “Ki­tabi-Dədə Qorqud”un üçüncü əlyazma­sı”, “Əlişir Nəvayi: şəxsiyyəti və sənəti”, “Əlişir Nəvayinin lirikası” monoqrafiyaları xüsusi dəyər kəsb edir. Onun 2 monoq­rafiyası (“Özbək ədəbiyyatı tədqiqatları”, “Əlişir Nəvayi və onun xəmsəsi”) özbək dilində Daşkənddə nəşr edilib. Bişkek­də alimin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı qırğız dilində çapa ha­zırlanıb.

Burada maraqlı bir cəhəti də qeyd etmək lazımdır ki, Ramizin qələmindən çıxan hər bir kitab və elmi əsər həmin mövzuda “ilk” sayılır. O, türkologiyanın ulu qaynaqları və guşə daşları sayılan “Quta­dğu bilig” əsəri üzrə ilk namizədlik, Divanü lüğat-it-türk”dən isə ilk doktorluq disserta­siyalarını yazan alim kimi də tanınır.

Ramiz Əskərin elmi fəaliyyətində tərcümə işi də önəmli yer tutur. O, türk, özbək, qazax, qırğız, türkmən, uyğur, tatar, başqırd, qaqauz, rus və alman dil­lərindən milli ədəbiyyatımızı və mədə­niyyətimizi zənginləşdirən 66 kitabı ana dilimizə çevirib. Bu tərcümələrin başında türkologiyanın ən böyük, ən qədim və zəngin məxəzi olan Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri (4 cild) durur. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan bu tərcümə 2006-cı ildə işıq üzü görüb. 

Bundan başqa, böyük şair və mütəfəkkir Yusif Balasağunlunun “Qu­tadğu bilik” poemasını, Əlişir Nəvayinin xəmsəsini (5 cild) və risalələrini (2 cild), Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögəlin “Türk mifologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” kitab­larını, Mehri Xatunun və Sultan Hüseyn Bayqaranın divanlarını, Nurməhəmməd Əndəlibin, Azadinin, Məxdumqulu Fə­raqinin, Molla Nəfəsin, Abdulla Tukayın, Toktoqulun, Bəkir Çobanzadənin, Mağ­can Cumabayın, Robert Minullinin, Todur Zanetin seçilmiş əsərlərini, “Monqolların gizli tarixi”ni, “Türk ədəbiyyatı tarixi”ni (2 cild), özbək və türkmən poeziyası anto­logiyaları bütöv bir silsilə təşkil edir. 

Prezident İlham Əliyevin Daşkəndə son səfəri zamanı Özbəkistan Preziden­ti Şavqat Mirziyoyev alimin Əlişir Nəvayi ilə bağlı tərcümələri haqqında xoş sözlər söyləyib. Ramiz Əskərin tərcüməsin­də Qurbanqulu Berdiməhəmmədovun “Axaltəkə atı”, Rəcəb Albayrağın “Türklə­rin İranı” (2 cild), İbrahim Qəfəsoğlunun “Türk milli mədəniyyəti”, Osman Turanın “Türk cahan hakimiyyəti məfkurəsi ta-rixi”, nəhayət, N.Ozerovun “İlham Əliyev: Mən Azərbaycanıma inanıram” kitabları­nı da ölkəmizin ədəbi və elmi ictimaiyyəti böyük maraq və rəğbətlə qarşılayıb.

Türk xalqları arasında elmi, mədəni, ədəbi əlaqələrin daha da genişlənməsi və inkişafı üçün var qüvvəsi ilə çalışan alim müxtəlif ölkələrdə təşkil olunan 80-dən çox konfrans və simpoziumda iştirak edib, maraq doğuran məruzələr oxuyub. Ramiz müəllimin BDU-da türk xalqları ədəbiyyatı üzrə apardığı mühazirələr və seminarlar öz elmi-pedaqoji dərinliyi və milli ruhu ilə fərqlənir, onun dərslərinə başqa kurslardan da tələbələr gəlir. 

Media sahəsində xidmətlərinə görə Ramiz Əskər nüfuzlu yerli və xarici yara­dıcılıq təltifləri olan “Qızıl qələm” (2 dəfə), “Həsən bəy Zərdabi”, “Humay”, “Yeni Or­hun” (Türkiyə) və “İslama xidmət” (Kü­veyt) mükafatlarına layiq görülüb. Milli jurnalistikamızın inkişafında səmərəli fəaliyyətinə görə 2010-cu ildə ona “Azər­baycanın Əməkdar jurnalisti” fəxri adı verilib. O, Azərbaycan Jurnalistlər və Ya­zıçılar birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (Vyana), Avrasiya Yazarlar (Ankara) və Özbəkistan Yazıçılar birliklə­rinin üzvüdür.

Ramiz Əskər sanballı tədqiqatlarına və yüksək səviyyəli tərcümələrinə görə Türkiyənin “Türk dünyasına xidmət” və “Qızıl alma”, Özbəkistanın “Babur”, Uk­raynanın “Bəkir Çobanzadə”, Türkmə­nistanın “Altın əsr” mükafatlarına, Bey­nəlxalq Türk Akademiyasının “Vilhelm Tomsen” və “Əlişir Nəvayi” qızıl medalla­rına, TürkSOY-un, Qazaxıstanın, Özbə­kistanın, Qırğızıstanın, Türkmənistanın, Tatarıstanın və Rusiyanın medallarına və ədəbi mükafatlarına layiq görülüb. O, 2021-ci ildə “Turan” Elmlər Akademiya­sının akademiki, Babur adına Əndican Dövlət Universitetinin fəxri professoru, Nəvayi şəhərinin fəxri vətəndaşı seçilib. 

Ramiz Əskərin elmi-pedaqoji və ya­radıcılıq fəaliyyətini dövlətimiz də yüksək qiymətləndirilib. O, 2014-cü ildə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə “Şöhrət” ordeninə layiq görülüb. 2022-ci ildə isə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

Tanınmış ədəbiyyatşünas, türkoloq, yazıçı, jurnalist Ramiz Əskəri 70 yaşı­nın tamam olması münasibətilə səmimi təbrik edir, türk xalqları arasında mədə­ni əlaqələrin inkişafına mühüm töhfələr verən həmkarımıza ömrünün 8-ci onil­liyində sağlam həyat və yeni yaradıcılıq uğurları arzulayırıq. 

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, akademik

Mədəniyyət