Azərbaycan Turizm və Menecment Universitetində növbəti “Karyera Həftəsi” öz işinə başlayıb.
ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, universitetdə təşkil olunan bu kimi təşəbbüslər tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına mühüm töhfə verir.
Daha sonra Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış edərək bildirib ki, gənclərin karyera planlaması və peşəkar inkişafı dövlət üçün də prioritet məsələlərdəndir.
ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov bildirib ki, bu cür tədbirlər tələbələrin əmək bazarının real tələblərini daha yaxından tanımasına və gələcək fəaliyyətlərini düzgün istiqamətləndirməsinə kömək edir.
Tədbirdə çıxış edən “Smart Hotels Groups”un təsisçisi Ceyhun Aşurov qeyd edib ki, əmək bazarında uğur qazanmaq üçün yalnız nəzəri biliklər kifayət etmir. Praktiki bacarıqların formalaşdırılması və real iş mühiti ilə tanışlıq böyük əhəmiyyət daşıyır.
ATMU-nun ilk məzunlarından olan “İzz Travel”in təsisçisi və direktoru Lalə Paşayeva bildirib ki, universitetdə əldə etdiyi bilik və bacarıqlar onun karyera yolunda mühüm rol oynayıb. O qeyd edib ki, tələbəlik illərində qazandığı təcrübə sonrakı peşə fəaliyyətində ona böyük üstünlük verib.
Qeyd edək ki, 10-14 mart tarixlərini əhatə edəcək Karyera Həftəsi çərçivəsində tələbələrə həm şəxsi inkişaf, həm də iş həyatına hazırlıq mövzularını əhatə edən geniş təlim proqramı təqdim olunacaq. Proqram çərçivəsində iş axtarışı alətləri, işə qəbul prosesi, müsahibə strategiyaları, karyera planlaması və məzunların uğur hekayələri kimi mövzular müzakirə ediləcək. İştirakçılar bu mövzular üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına dəstək olacaq.
Z.BƏŞİRQIZI
XQ



