Yeni dünya düzəni: Qərb Türk birliyindən niyə əndişələnir?

post-img

Son illər planetimizdə kəskin silahlı qarşıdurmalar, ağır müharibələr baş verir. Dünya birliyi gündən-günə artan bu nifaq və düşmənçiliyi heç cür durdura bilmir. Ona görə ki, super güclər siyasi və hərbi ambisiyalarından əl çəkə bilmirlər. İndi dünyada yeni, daha ədalətli oyun qaydalarına ehtiyac var. 

Dünya heç vaxt ədalətli olmayıb, amma tarixin hər bir yeni mərhələsi özü ilə zəruri dəyişikliklər, eyni zamanda, gözləntilər və ümidlər gətirir. Yeni düzə­nin ssenarisini yazmaq və sonra isə bü­tün siyasi və hərbi proseslərə təkbaşına dirijorluq etmək iddiasında olan 2 super güc mövcuddur. Bunlar, təbii ki, ABŞ və Çin dövlətləridir. 

Vaşinqton “Kollektiv qərbi” öz nüfuz dairəsində saxlamaq, onu “Sarı əjdaha”­ya qarşı həlledici mücadilədə yanında görmək istəyir. Rusiya–Ukrayna mühari­bəsi bu baxımdan ABŞ üçün göydəndüş­mə bir fürsət kimi dəyərləndirilə bilər. Hər halda, Moskvanın Şərqi Avropada ərazi iddialarından ehtiyat edən “köhnə qitə” xalqları “Sem dayı”nın ətəyindən bərk-bərk yapışıb onun liderliyini qəbul etmək zorundadır. 

Bu məqamda qeyd etmək yerinə düşər ki, Birləşmiş Ştatların “Kollektiv qərb”lə izdivacı əbədi deyil. Burada, ilk növbədə fransız və ispandilli dövlətlərin fərqli maraqları ortaya çıxır. Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniya da hər zaman okeanın o tayından səslənən “havaya oynamaq” niyyətində deyil. 

Bu gün dünyada artıq demokratik və antidemokratik düşərgə yoxdur. Qərb de­mokratiyası və sivilizasiyası anlayışı da əvvəlki cazibədarlığını itirib. Çünki ümid­ləri doğrultmayıb. Bəşəriyyət indi sözə yox, əmələ inanır. Milli maraqları naminə proksi müharibələr aparan “sivil” dövlət­lərin əməlləri başqa şeylər deyir. 

Yeri gəlmişkən, planetimizdə yeni güc mərkəzləri əsasən milli identiklik müstəvisində formalaşır. Burada din ami­li müəyyən rol oynasa da, aparıcı meyar etnik və dil yaxınlığıdır. Bu prosesə bir neçə il əvvəl anqlosakslar AUKUS-u qur­maqla start verdilər. Yəni ingilisdilli beş dövlət – ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya birləşib yeni hərbi-siyasi ittifaq qurdular. Məqsəd nə­yin bahasına olursa-olsun, dünya liderli­yini bundan sonra da əldə saxlamaqdır. 

Dünyanın ikinci iqtisadi və hər­bi gücünə çevrilən, özünü hələ qədim dövrlərdən “səmavi imperiya” adlandıran Çin pusquda dayanıb. Hələlik Pekin öz siyasi iddialarını ortaya qoymağa tələs­mir. Lakin qarşı tərəfin, yəni ABŞ başda olmaqla “Kollektiv qərb”in ani büdrəməsi, “Sarı əjdaha”nı cəsarətləndirə bilər. Yeri gəlmişkən, Şərq təqviminə görə 2024-cü il Yaşıl əjdaha ilidir. Bunu sözgəlişi yaz­dım. Böyük siyasətdə mistik əlamətlərə inananlar azdır. 

Çinlilərin anqlosaksların “kürəyini yerə vuracağı” ehtimalı o qədər də yük­sək deyil. Ona görə ki, Çin mədəniyyəti nə qədər qədim olsa da, çağdaş dünya üçün “yumşaq güc” olmaq iqtidarında de­yil. Bu, çox vacib amildir. Qlobal informa­siya axınının baş verdiyi müasir dövrdə bəşəri ideyalar, humanist ideallar ən da­ğıdıcı silahlar qədər güclüdür. 

O biri tərəfdən “Kollektiv qərb”in problemləri də az deyil. Əsas rəqib Çin olsa da, üçüncü dünya dövlətləri deyilən başqa bir iddialı rəqib artıq “Mən də va­ram!” deyərək səsini çıxarmağa başlayıb. Bunlar özlərini “Qlobal cənub” adlandırır­lar və əsasən Qoşulmama Hərəkatının sıralarında olan çox sayda irili-xırdalı dövlətlərdir ki, nə birqütblü, nə də ikiqütb­lü dünyanı qəbul etmək istəyirlər. “Qlobal cənub” ən azı üçüncü qütb olmağa iddialıdır. 

Belə bir taleyüklü məqamda Türkiyə dövləti türkdilli ölkələrlə birlikdə siyasətin ön səhnəsinə çıxıb dünyanın əsas güc mərkəzlərindən biri olmaq arzusundadır. Xoşbəxtlikdən böyük bir coğrafi məkan­da Böyük Turan boy göstərməyə başla­yıb. Əsas lokomotiv rolunda Türkiyə və 2020-ci ilin payızında işğalçı Ermənistan üzərində tarixi Zəfər qazanmış Azərbay­can dövləti çıxış edir.

Lakin Ankara–Bakı tendemini, bütövlükdə, Turanın qlobal güc mərkəzinə çevrilməsi Qərbdə və Şərqdə qısqanclıqla qarşılanır. Rəqiblər, xüsusilə Fransa Türk Dövlətləri Təşkilatının real gücə çevrilmə­sindən bərk əndişələnir. Makron Fransa­sının qəsbkar Ermənistanı beynəlxalq hüquqa meydan oxuyaraq açıq-aşkar hi­mayə etməsi Parisin türk biriliyi ilə bağlı bu bəd niyyətlərindən qaynaqlanır. 

Əlbəttə, Qərbin Turanı beşikdəcə boğmaq niyyəti əbəsdir. Ortada yenilməz türk ruhu, ilahi ədalət və tarixi reallıqlar var. Qardaş Türkiyə və digər türk döv­lətləri buna heç vaxt imkan verməzlər. “XXI əsr türk əsri olacaq!” deyən böyük siyasətçi mərhum Turqut Ozalın arzula­rı reallaşır. Zəngəzur dəhlizi bu prosesi daha da sürətləndirəcək. 

Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənis­tanın artan iqtisadi və hərbi imkanları, yüksələn siyasi nüfuzu Turanın gücünü birə-beş artırıb. Bu, regionun digər xalq­ları üçün də uğurlu layihədir. Türk dövlət­ləri qonşu ölkələr, onların xalqları ilə sıx əməkdaşlıq etmək arzusundadır. Hüzur, rifah və tərəqqinin yolu budur! 

Rüfət RÜSTƏMOV,
BDU-nun türk filologiyası kafedrasının müdiri, professor

Bu gün dünyada, həqiqətən, türk və müsəlman dünyasına qar­şı aşkar ədalətsizliklər baş verir. Əslində bu haqsızlığın kökü orta əsrlərə qədər gedib çıxır. Qərb, xristian dünyası vaxtilə Osmanlı­nı yıxmaq üçün min bir oyundan çıxırdı, bu gün isə Turanın güc­lənməsindən ehtiyat edir. 

İstər Qərbə, istərsə də Çinə güclü, qüdrətli Türkiyə lazım de­yil. Onlar Türkiyə və türk döv­lətlərini zəiflədərək özlərindən asılı vəziyyətə salmaq niyyətin­dədir. Böyük Turanın Şimalda və Cənubda da tarixən rəqibləri olub və bu gün də var. 

Türk dünyası son onillər ərzində böyük inkişaf yolu ke­çib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə son 22 ildə ümumi daxili məhsul istehsalını 3 dəfə artırıb. Qardaş ölkənin hərbi sənayesi dünyada aparıcı mövqelərə çıxmaqdadır. 

Dünyada etnik, milli zəmində dövlətlərarası, hərbi ittifaqların yaranması müasir zamanın tələ­bidir. Türk dövlətləri və xalqları nə qədər bir-birlərini dəstək­ləsələr, bir o qədər düşmən qüvvələr qarşısında yenilməz olacaqlar. Xalqımızın gözəl atalar söz var: Güc birlikdədir. 

Burada başqa bir vacib amil var. Türk xalqları bu gün elmin inkişafına, yeni texnologiyaların tətbiqinə böyük önəm verməlidir. Tarixdə o xalq irəli gedir ki, ora­da cəmiyyət elmlə, təhsillə dost­luq edir. Dahi Nizami yazırdı ki, “Çox zirək beyinlər yatan oldular, axırda saxsı qab satan oldular!” Demək istəyirəm ki, gənclərimizi elmə, təhsilə sevgi ruhunda tər­biyə edərək böyütməliyik. 

Mən Turanın gələcəyinə bö­yük ümidlərlə baxıram. Türklər tarixdə güclü imperiyalar qur­muş xalqdır. Dövlət qurmaq üçün dövlətçilik təfəkkürü və milli vətənpərvərlik ruhu zəruridir. Türk xalqları məhz belə bir güclü təfəkkürə sahib olduqlarını tarix boyu sübut ediblər.

Məsaim ABDULLAYEV
XQ



Siyasət