Gənc dirijorların sənət imtahanı

post-img

Yekun dövlət imtahanı sessiyasında iştirak etdiyimiz Azərbaycan Milli Konservatoriyasının orkestr heyəti bizə əsgərlərin nizami sıra düzülüşünü xatırlatdı. Musiqi məbədinin kollektivi bir daha sənətə son dərəcə ciddi münasibətini sərgiləyirdi.

Yekun dövlət imtahanı verən, magist­ratura pilləsinin son kursunda təhsil alan gənc dirijorları müxtəlif musiqi alətləri ilə 65 nəfərlik orkestr heyəti müşayiət edir­di. Hər bir tələbə-dirijor orkestrin müşa­yiəti ilə 6 nəfərlik komissiya və qonaqlar qarşısında öz məharətini göstərə bildi. Onların hazırlığı, səriştəliliyi adamı valeh edirdi. Dinlədikcə, sözün əsl mənasında, musiqinin varlığını hiss edir, ruhunu du­yurduq. 

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi dedi ki, konservatoriyada imtahanlar daha çox praktiki keçirilir. Açıq format, şəffaflıq təmin edilir. Konservatoriyanın profes­sor-müəllim heyətinin də tərkibi xalq çal­ğı alətləri üzrə peşəkar musiqiçilərdən, dirijor, xanəndə, bəstəkar və ictimai fən­lər sahəsində öndə olan tanınmış şəxs­lərdən ibarətdir.

Konservatoriyanın mətbuat katibi Ay­sel Fikrət isə bildirdi ki, burada təhsil alan tələbələr qabiliyyət imtahanından keçdik­ləri üçün, demək olar ki, hazırlıqlı gəlirlər, üstəlik, tanınmış sənətkarlar konserva­toriyada onlara ustad dərsləri keçirlər. Tələbələr arasında ölkəmizi dünya miq­yasında təmsil edə biləcək gənclər var. Hər bir tələbəyə fərdi yanaşma sərgilənir. Çalışırıq ki, onlar öz qabiliyyətlərini tam göstərə bilsinlər. 

Təhsil müəssisəsinin İmtahan mərkə­zinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva konservatoriyada təhsil alan tələbələrin bir çoxunun xüsusi istedada malik olduğunu vurğuladı. O, da bütün proseslərin aşkarlıq şəraitində keç­diyinə diqqət çəkərək qiymətləndirmənin tam obyektiv olduğunu diqqətə çatdırdı. 

Dirijorluq kafedrasının müdiri, do­sent Leyla Zalıyeva isə dedi ki, tələbələr dövlət imtahanına orkestr rəhbərlərinin köməyi ilə hazırlaşıblar. Öz əsərlərini, aranjemanlarını, orkestrovkalarını or­kestr qruplara təqdim edirlər.

Tələbələrin yazılı imtahan sessiyası ilə də tanış olduq. Rektor Siyavuş Kərimi zallara baxış keçirir, tələbələrə mane ol­madan kənardan biletə salınmış suallara nəzər salırdı. Elə təəssürat yaranırdı ki, orada bütün proseslərə birbaşa rektor özü nəzarət edir. Tələbələr də bu barədə razılıqla danışdılar. 

Sınağa çəkilən gənc dirijorların mə­harəti, dəhlizə yayılan xoş musiqi sədaları təəssüratlarımızı daha da zənginləşdirdi.

Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto)
XQ

Mədəniyyət