Bakı: qədimliklə müasirliyin ahəngdar vəhdəti

post-img

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq, planlı və sistemli inkişafı təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının Baş Planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Bakı bu gün Şərqlə Qərbin mədəni dəyərlərini özündə birləşdirən böyük mə­dəniyyət mərkəzidir. Qədim şəhər həm də müxtəlif din, dil və mədəniyyətlərin vəhdət təşkil etdiyi ecazkar bir məkandır. Onillik­lər boyunca həyata keçirilən sosial-iqtisa­di inkişaf paytaxtın mədəni simasına da yeni çalarlar gətirib: yastı-yapalaq damlar və plansız “gecəqondu”lar sökülür. Müa­sir Bakıya, doğru olaraq, “göydələn”lər şəhəri də deyirlər. Paytaxtın "Alov qüllələ­ri” də mavi gözlü Xəzər, əsrlərin yadigarı Qız qalası kimi Bakının rəmzinə çevrilib.

Dövlətimizin başçısının dediyi kimi, paytaxtımızın siması gündən-günə də­yişir: “Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz de­mirik. Bunu, demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sö­zün əsl mənasında, Bakı parlayan bir ul­duzdur. Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanun­suz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir”.

Paytaxtın memarlıq simasına qay­ğıkeş münasibətdən bəhs edərkən ilk növbədə yadımıza 2013-cü ildə burada baş verən qeyri-adi hadisə düşür. O za­man Füzuli küçəsindəki 39 saylı bina yo­lun genişləndirilməsi ilə əlaqədar olaraq təxminən 10 metr geriyə sürüşdürüldü. Sökülməsinə qıyılmadı, çünki 1908-ci ildə neft maqnatları olan Hacınski qar­daşlarının tikdirdiyi həmin bina tarixi me­marlıq əhəmiyyəti daşıyır. Bakının hər bir memarlıq elementinə böyük önəm verən Prezident İlham Əliyev tarixi əhəmiyyətli tikilinin qorunması ilə bağlı tapşırıqlarını verdi və beləliklə də, “Hacınski qardaş­larının evi” öz tarixi görkəmində qorunub saxlanıldı. Həmin yerdəyişmə prosesini ölkə rəhbərinin şəxsən izləməsi paytaxtın tarixi simasının qorunmasına çox böyük həssaslıqla yanaşıldığının daha bir sübu­tudur. 

Bakı göz önündəcə yenilənir, daha da gözəlləşir. Dövlət başçısının vurğuladığı kimi, dənizkənarı bulvar 3 kilometrdən 16 kilometrə uzadılaraq böyük bir ictimai zonaya çevrilib. Heydər Əliyev Sarayının arxasında, sözün əsl mənasında, gözəl park yaradılıb. Azərbaycan Milli Dram Teatrının arxasındakı “Sovetski” adlandı­rılan ərazidəki biabırçı mənzərə aradan götürülüb. Dövlət Bayrağı və Fəvvarələr meydanları, “Ağ şəhər”, Bakı Şəhər Zo­oloji parkı, xiyabanlar və daha neçə-neçə gözəl məkan əsl istirahət və estetik zövq ünvanına çevrilib. Şəhərin axşam “kaley­doskop”u göz-könül oxşayır... 

Yeni Baş Plan qarşıdakı 20 il ərzin­də paytaxtın əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması və ərazilərin abadlaşdı­rılması tədbirlərini özündə ehtiva edir.

Xatırladaq ki, ilk dəfə Bakının Baş pla­nı 1898-ci ildə tərtib olunub. O vaxtdan in­diyədək paytaxtın 4 baş planı hazırlanıb. Sonuncu 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiqlənib. Həmin sənəd 2005-ci ilə qədər olan dövrü əhatə edib. 2007-ci ildə “Böyük Bakının regional inkişaf planı”nın hazırlanmasına başlanılmasını nəzərə almasaq, sonrakı dövrdə yeni Baş plan olmayıb. Yaxşı hal­dır ki, bu, şəhərin ümumi simasına müəy­yən xələl gətirsə də, tarixi memarlıq irsinə ziyanı olmayıb. Abidələr qorunub, yeniləri ucaldılıb, müasir üslubda gözəl binalar ti­kilib.

Yeni Baş Planın layihəsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin si­farişi ilə Almaniyanın beynəlxalq şəhərsal­ma şirkəti hazırlayıb. Bakı Dövlət Layihə İnstitutu və digər müvafiq yerli strukturlar da bu işə cəlb edilib. Paytaxtın Mərkə­zi Planlaşdırma Rayonunun yaradılması nəzərdə tutulur ki, bundan da məqsəd tək­lif olunan ərazi üzrə konkret tikinti norma və qaydalarının tətbiq edilməsi ilə mərkə­zi Bakının öz tarixi hüdudları daxilində ahəngdar inkişafının təmin olunmasıdır. Mərkəzi Planlaşdırma Rayonunun Xüsu­si mühafizə zonası tarixən formalaşmış sxemə malik, memarlıq və qədim abidələ­rin toplam yerləşdiyi, habelə əhalinin daha çox istirahət, əyləncə və xidmət məkanı kimi istifadə etdiyi ərazidir. Bu zona sö­zügedən rayonun əsasını təşkil edən mü­hüm planlaşdırma elementidir.

Baş Planın əsas konseptual sütunları olan “Hibrid Yaşıl Dəhlizlər”ə aid funksi­yalara şəhərin müxtəlif hissələrini birləş­dirməklə piyada gəzintilərini və velosiped istifadəsini təşviq etmək, yaşıllıqları ge­nişləndirmək və əlavə “yaşıl” istirahət zo­naları yaratmaq daxildir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, yeni şəhər planı reallaşdırılan zaman müəyyən tikililərin sökülməsinə də getmək lazım gələcək ki, bu da xeyli büdcə vəsaiti tələb edir. Axı, bu gün Bakıda sökülməli olan xeyli sayda çoxmənzilli köhnə binalar var. Söküləcək binaların yerində yeni binalar tikiləndə geniş ara məsafəsi, digər infrastrukturla bağlı çətinliklər ola bilər. Odur ki, daha optimal həll variantları işlənməli və icra prosedurunun maksimum ağrısız keçmə­si üçün səmərəli yollar tapılmalıdır. 

Hazırda paytaxtımızda gur inkişaf meyli hiss olunmaqda, şəhər meqapo­lisə çevrilməkdədir. Amma unutmayaq ki, Bakının qədim simasının qorunması da olduqca vacibdir. Baş şəhərin özünəməx­sus siması qədimliklə müasirliyin unikal vəhdəti sayəsində formalaşır.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət