Yeni təhlükəsizlik arxitekturası: dünya nizamının böhranı və xilası

post-img

IV məqalə

Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymət­ləndirmək lazımdır.

Heydər ƏLİYEV,

Ümummilli lider

Kənar təşəbbüslər

Dünyanın yeni təhlükəsizlik arxi­tekturasının formalaşması kontekstin­də Cənubi Qafqazda regional inteq­rasiyanın formalarına nəzər salmaq zərurətini öncəki məqalədə vurğu­lamışıq. Məsələnin bu cür qoyuluşu iki səbəbdən aktualdır. Birinci səbəb yeni təhlükəsizlik arxitekturasında re­gionların əhəmiyyətli rol oynaması ilə bağlıdır. İkinci səbəb isə hər regionun özünəməxsusluğu prizmasında fərqli inteqrasiya formalarının regionlararası miqysada sistem yarada bilmələrinin geosiyasi və siyasi şərtləri ilə əlaqəlidir. 

Bu iki səbəb işığında Cənubi Qafqazda regional inteqrasiyanın for­malarına baxanda burada vahid birləş­mə modelini görə bilmirik. Keçən əsrin 90-cı illərinin əvvəllərində regionun in­teqrasiyasının sifarişi əsasən Qərbdən gəlirdi. Ayrıca, Avropa İttifaqı xüsusi canfəşanlıq göstərirdi. 1992–1993-cü illərdən isə Aİ-nin Cənubi Qafqaz si­yasətinin konseptual əsası qoyuldu. Bunu təşkilat bir neçə proqram çər­çivəsində həyata keçirməyə başladı. Həmin kontekstdə 1993-cü ildə Brüs­seldə “Avropa–Qafqaz–Asiya” – “Tarixi İpək yolunun bərpası” nəqliyyat dəhlizi kimi TRACECA proqramı həyata ke­çirilməyə başladı. Bu proqram MDB ölkələrinə texniki yardım adlı TACİS proqramının bir hissəsi idi. Cənubi Qafqazın hər üç dövləti bu proqrama daxil edildi. 

Aİ-nin region dövlətləri ilə münasi­bətləri qurmağa bu formada başlaması bir neçə özəllikdən xəbər verirdi. Hər şeydən öncə, təşkilat başlıca olaraq öz maraqlarına uyğun inteqrasiya gör­məyə çalışırdı. Sonra, bu prosesi ehti­yatla apararaq Cənubi Qafqaz dövlətlə­ri ilə əlaqələrə Rusiyanı və Çini nəzərə almaqla yanaşırdı. Lakin Brüssel lap başlanğıcdan Rusiyanı bu proseslər­dən kənarda tutmaq kimi bir strategi­ya da güdürdü. Bu da Cənubi Qafqaz dövlətlərinin üzv olduqları MDB ilə bəri başdan ziddiyyətə daxil olmaq demək idi. Sonrakı proseslər bu məsələnin dərindən region ölkələri üçün çətinlik­lər yarada biləcəyini göstərdi. Həmin kontekstdə Aİ-nin yaratdığı bir situasi­ya Azərbaycanı da geosiyasi baxım­dan həssas bir məkana çevirirdi. Biz, Qərbin enerji sahəsində əməkdaşlıq niyyətlərini nəzərdə tuturuq. Məhz hə­min istiqamətdə Rusiyadan yan keçən nəqliyyat marşrutlarını Qərb öz xey­rinə həll etməyə çalışdı. Azərbaycan isə balanslı mövqeyi ilə reallığa uyğun əməkdaşlıq mühiti yaratmağa çalışırdı. Bu potensial ziddiyyətin mövcudluğu şəraitində Aİ Cənubi Qafqaz ölkələri ilə əlaqələri inkişaf etdirməyə cəhdlər göstərirdi. 

Belə ki, 1994–1995-ci illərdə Aİ Cə­nubi Qafqaz ölkələri ilə münasibətlərin strategiyasını əks etdirən sənəd hazır­ladı. Həmin sənəddə regionla münasi­bətlər enerji maraqları ilə izah olundu. Bununla, Cənubi Qafqaza Qərbin baxı­şının mühüm bir cəhəti də konkretləşdi. Belə görünürdü ki, Avropa üçün enerji təhlükəsizliyi prioritet təşkil edəcəkdir. 

Bunlarla yanaşı, geosiyasi baxım­dan əhəmiyyəti olan bir münasibətlər istiqaməti də özünü göstərməyə başla­dı. Bu, Aİ-nin Cənubi Qafqazın dövlət­lərinə ayrı-ayrılıqda yanaşması ilə bağ­lıdır. Həmin əsasda 1996-cı ildə hər üç region dövləti ilə Tərəfdaşlıq və Əmək­daşlıq Müqaviləsi imzalandı. Həmin müqavilə 1999-cu ildə qüvvəyə mindi. Bununla da Qərbin Cənubi Qafqaz strategiyasında iki istiqamət birləş­di – milli dövlətlərlə qarşılıqlı əlaqələr fonunda ümumregion mühiti yaratmaq məqsədi qarşıya qoyuldu. 

Deməli, artıq XXI əsrin başlanğı­cına Qərbin Cənubi Qafqazda inteq­rasiya formatına konkret yanaşması formalaşmışdı. Burada əsas məqsəd regionun ayrı-ayrı dövlətləri ilə əlaqələ­ri genişlədirməklə onları ortaq “Avropa mühiti” halına gətirmək niyyəti vardı.

Lakin Brüsseldə iki geosiyasi məqa­mı unutmuşdular. Onlardan biri Rusiya faktorunu düzgün nəzərə almamaqla bağlı idi. Digəri isə Cənubi Qafqaz­da Ermənistanın təcavüzünün nəzərə alınmaması ilə əlaqəli idi. Konkret ola­raq, avropalılar təcavüzkarla təcavüz qurbanını eyni siyasi qəlibdə görür­dülər. Bu da o demək idi ki, regional reallıq nəzərə alınmır və həmin səbəb­dən heç bir inteqrasiya formatı uğurlu ola bilməzdi.

Burada onu da qeyd edək ki, Qərbin Cənubi Qafqazda inteqrasiya prose­sinə əsasən öz maraqları prizmasından yanaşmasını təsdiq edən faktlardan biri regional təşkilatların formalaşdırılması cəhdləri idi. Həmin aspektdə 1997-ci ildə yaradılmış GUÖAM adlı təşkilat maraqlıdır. Bura Azərbaycan, Gürcüs­tan, Moldova, Ukrayna və Özbəkistan daxil idi. Sonra Özbəkistan təşkilatı tərk etdi və GUAM qaldı. Göründüyü kimi, bu təşkilatda Ermənistan yox idi. Lakin Brüssel üçün GUAM-ın başlıca rolu Rusiyadan yan keçən enerji-nəq­liyyat yolunun yaradılması ilə üzv döv­lətlərin Moskvadan asılılığını azaltmaq olmalıydı. Bu da sona kimi alınmadı. Bunların fonunda MDB daha dayanıqlı görünürdü, lakin bu təşkilat da Cənubi Qafqazda real inteqrasiya prosesini ya­rada bilmədi. Əsas maneə öncə Azər­baycana Ermənistanın təcavüzü idi, sonra isə Rusiyanın Gürcüstana hücu­mu bura əlavə olundu.

2004–2008-ci illərdə Cənubi Qafqazda ABŞ dominantlıq etməyə cəhd göstərdi. Müəyyən nəticələr də oldu. Lakin tam mənasında hansısa dayanıqlı inteqrasiya modelindən söh­bət gedə bilməzdi. Sonrakı proseslər də göstərdi ki, Vaşinqtonun da regio­nal əməkdaşlıq formatları səmərəli və ədalətli deyil, tarixi gerçəkliyi nəzərə almır. 

“Qafqaz evi” və regional təhlükəsizlik

Burada bir məqamı mütləq nəzərə almaq lazımdır. Hələ keçən əsrin 90-cı illərində Azərbaycanla Gürcüstan rəh­bərliyinın təşəbbüsü ilə region ölkələ­rindən ibarət “Qafqaz evi” yaradılma­sına cəhd oldu. 1996-cı il martın 8-də Tbilisidə ulu öndər Heydər Əliyev və Gürcüstan Prezidenti E.Şevardnadze “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” adlı sənəd im­zaladılar. Onu “Tbilisi bəyannaməsi” adlandırırlar. Sənəddə vurğulanır ki, “Qafqaz bizim ümumi evimizdir. Bizim borcumuz onu dinc, çiçəklənən region etməkdən ibarətdir...”

Həmin sənəddə regional əməkdaş­lıq ön sıraya çıxarılmaqla yanaşı, digər təşkilatlarla da əməkdaşlığa geniş yer verilirdi. Regionda əməkdaşlığın qarşı­lıqlı faydalı qazanca və bərabərhüquq­lu münasibətlərə görə formalaşması nəzərdə tutulurdu. Bu sənəd faktiki olaraq müasir tarixi mərhələdə Cənubi Qafqazın iki dövlətinin bütövlükdə regi­onda əməkdaşlıq və sabitlik istiqamə­tində əlaqələr qurmağın fəlsəfəsi idi. “Qafqaz evi” bu geosiyasi aspektdə ilk real regional ideya kimi qəbul edilə bilərdi. Burada Ermənistanın olma­ması isə gələcəkdə aradan qaldırıla biləcək məsələ idi. II Qarabağ savaşı göstərdi ki, gec və ya tez Ermənistan da “Qafqaz evi” ideyasına uyğun dav­ranacaq. 

Ancaq müəyyən səbəblərdən bu ideya da yarımçıq qalmışdır. İlk təcrü­bə kimi isə əhəmiyyətini saxlamaqda­dır. Bununla yanaşı, digər təkliflər və cəhdlər də olmuşdur (məsələn, E.Şe­vardnadzenin “Qafqaz ATƏT”i ideyası və s.). Lakin onların heç birində hər üç Cənubi Qafqaz ölkəsini əhatə edən for­mat gözə dəymir. 

TDT: əməkdaşlıq və təhlükəsizliyə yeni nəfəs

Bunların fonunda Cənubi Qafqaz üçün müsbət təsiri ola biləcək bir təş­kilatın da meydana gəlməsini mütləq vurğulamaq gərəkdir. Biz, Türk Dövlət­ləri Təşkilatını nəzərdə tuturuq. Bura Cənubi Qafqazdan ancaq Azərbaycan daxil olsa da, onun fəaliyyətinin geosi­yasi faydası bütövlükdə regionda qar­şılıqlı qazanca, geosiyasi və enerji təh­lükəsizliyinə, regionda sabitliyə xidmət edir. Bu da TDT-nin, bütövlükdə regio­nal təhlükəsizliklə qalobal təhlükəsizliyi əlaqələndirə biləcək bir təşkilat olduğu­nu göstərir. 

Məsələnin bu tərəfini biz irəlidə təh­lil edəcəyik. Burada onu vurğulayaq ki, Prezident İlham Əliyevin yenidən “Qafqaz evi” ideyasını gündəmə gə­tirməsində II Qarabağ savaşında əldə edilən möhtəşəm Qələbə ilə yanaşı, TDT-nin regional və regionlararası əməkdaşlıqda əldə etdiyi uğurlar da az rol oynamamışdır. Azərbaycan bu təşkilatın üzvü kimi geniş bir geosiyasi məkanda əməkdaşlıq və təhlükəsizlik istiqamətlərində olduqca fəaldır! Pre­zident İlham Əliyev məharətlə bu is­tiqamətdə liderlik edir!

İlk ümumiləşdirmələr

Biz Cənubi Qafqazda regional əməkdaşlıq və təhlükəsizliklə bağlı daha geniş şərhə ehtiyac görmürük. Çünki burada əsas məqam yuxarıda vurğulanan əməkdaşlıq formatlarının fəlsəfi və geosiyasi mənasını izah et­məklə bağlıdır. Belə görünür ki, keçən əsrin 90-cı illərindən bir nümunəni çıxmaq şərti ilə təklif olunan regional əməkdaşlıq formatları reallığa adek­vat olmamışdır. Sovetlərin dağılması ilə Qərb Cənubi Qafqazda əməkaşlıq formatları təşəbbüsünü ələ almağa çalışmışdır. Bir neçə proqram da təklif etmişdir. Lakin burada əsas nöqsan Aİ və ABŞ-ın öz maraqlarına üstünlük ver­məsindən ibarət olmuşdur. Onun başlı­ca təzahürü isə Ermənistanın Azərbay­cana təcavüzünü nəzərə almamaqla bağlı idi. Bunun fonunda Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə və suverenliyə tam nail olmasına mane­çiliklər törətmişlər. Belə bir şəraitdə hansısa real və davamlı regional əmək­daşlıqdan danışmaq mümkün deyildir. Deməli, regional təhülkəsizlik arxitektu­rası məsələsi də açıq olaraq qalırdı. 

Digər məqam Rusiyanın bu pro­seslərə reaksiyası ilə bağlıdır. Rusiya da ənənəvi dominantlıq şərtlərini sax­lamağa çalışdığından real regional əməkdaşlığa adekvat təklif edə bil­məmişdir. Bunun fonunda Moskvanın hansısa gerçək regional təhlükəsizlik modeli yarada bilməsi heç inandırıcı deyildir. Proseslər də bunu sübut edir!

İran daima gözləmə mövqeyi ilə öz maraqlarını saxlamağı balanslaş­dırmışdır. II Qarabağ savaşından son­ra isə əsl niyyətini açıq ifadə etməli oldu. Rəsmi Tehran real olaraq Cənubi Qafqazda heç bir inteqrasiya modeli təklif etmir və buna da çalışmır. Onun əsas məqsədi ənənəvi vəziyyəti saxla­maqdan ibarətdir. Buna görə də “Ermə­nistan sərhədi qırmızı cizgimizdir” tezi­sindən bir addım da irəli gedə bilmir. Son zamanlar Azərbaycanla müəyyən əlaqələr qurmağa etdiyi cəhdlərin real nəticəsini zaman göstərəcəkdir. 

Ancaq insanların yaddaşında hələ­lik daha çox İranın Ermənistana yar­dımları, ermənilərin dini-mədəni abi­dələri təhqir etməsinə göz yumması, Azərbaycanda müxtəlif şəxslərə qarşı terror etmək cəhdləri və Azərbacyan səfirliyinə olan terror hücumu yadda qalmışdır. 

Vurğuladığımız bu iki tendensiya Cənubi Qafqazda əməkdaşlıq və təh­lükəsizliyə nəinki fayda vermişdir, hətta vəziyyəti daha da mürəkkəbləşdirmiş­dir. Qərblə Rusiyanın aktiv surətdə re­gional rəqabəti, Çinin isə arxa planda görünməklə öz siyasətini aparması, İranın “türklərdən başqa hamıya olar” məntiqində qalması mürəkkəb və risk­li bir mənzərə formalaşdırmışdır. Özü də bu, qlobal miqyasda təhlükəsizlik arxitekturasının getdikcə daha da ak­tuallaşması fonunda xeyli təhlükəli gö­rünür. Obrazlı desək, Cənubi Qafqaz “təhlükəsizlik seytnotuna düşmüşdür”. 

Ancaq işıq ucu var. Xilas yolu ola biləcək əməkdaşlıq formatı təklifi möv­cuddur. Həm də, bu, regional və qlobal təhlükəsizlik arxitekturasının formalaş­ması aspektində olduqca perspektivli görünür.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət